Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:28

Facebook seçki müdaxiləsini önləyən qaydalara keçir


Facebook bildirir ki, Avropada və başqa yerlərdə seçkilərə “xarici müdaxilənin qarşısının alınması məqsədilə” özünün siyasi reklama dair qaydalarını və təhlükəsizliyini möhkəmləndirəcək.

Şirkətin qlobal siyasət və kommunikasiya üzrə direktoru Nick Clegg yanvarın 28-də Brüsseldə deyib ki, “Facebook-da reklam verilməsini daha da şəffaf etmək məqsədilə” əlavə alətlər mart ayının sonlarından Avropa İttifaqında tətbiq ediləcək.

Yeni qaydalara görə Avropa İttifaqında may ayında keçiriləcək seçki ilə bağlı reklamlar üçün “icazə almaq” və “pul ödəmək” lazım gələcək.

Britaniya baş nazirinin keçmiş müavini Nick Clegg, oktyabr ayından bəri Facebook şirkətində yüksək vəzifə tutur. O deyib ki, yeni qaydalar “açıq şəkildə hər hansı namizədi və ya partiyanı dəstəkləyən reklamlardan daha çox, mühacirət kimi son dərəcə siyasiləşdirilmiş məsələləri əks etdirən reklamlara şamil olunacaq”.

Facebook-un qlobal siyasət və kommunikasiya üzrə direktoru Nick Clegg
Facebook-un qlobal siyasət və kommunikasiya üzrə direktoru Nick Clegg

Bu qaydalara görə bütün siyasi reklamlar, onları verənlər barədə məlumatlarla birlikdə yeddi il müddətində “ictimai axtarış kitabxanasında” saxlanacaq.

Dünyanın ən böyük sosial platforması bunu da bildirir ki, “şəffaflıq alətləri fevral ayında Hindistanda, və bu ölkələrdə keçiriləcək seçkilərdən əvvəl həm də Ukrayna və İsraildə tətbiq olunacaq. İyun ayından yeni alətlərin tətbiqi qlobal miqyas alacaq.

Ukraynada martın 31-də keçiriləcək prezident seçkisində 20-dək namizədin indiki prezident Petro Poroshenko-ya rəqib olacağı düşünülür.

Clegg deyib ki, bu tədbirlər ABŞ-da 2018-ci ilin aralıq seçkiləri zamanı tətbiq olunmuş qaydalara oxşardır.

Facebook son iki il ərzində saxta xəbərlərin, təbliğat əməliyyatlarının və ekstremist materialların qarşısının alınmasında astagəlliyinə görə tənqid olunub.

Ukrayna dəfələrlə Facebook-a xəbərdarlıq edərək bildirib ki, onun platformasında Moskva tərəfindən dəstəklənən və Ukraynanın qərbyönlü hökumətinə etimadsızlıq yaradan saxta xəbər və dezinformasiya kampaniyaları aparılır.

Facebook və Twitter 2018-ci ilin ABŞ seçkisi ərəfəsində Rusiya, İran və başqa ölkələrə bağlı nüfuz əməliyyatları aparan milyonlarla saxta hesabı bağlayıb.

ABŞ kəşfiyyat icmasının gəldiyi nəticəyə görə Rusiya sosial mediada 2016-cı ilin prezident seçkisində namizəd Donald Trump-ın xeyrinə yönəlmiş təbliğat kampaniyası aparıb.

Hazırda ABŞ xüsusi prokuroru Robert Mueller Trump-ın seçki kampaniyası ilə Rusiya rəsmiləri arasında mümkün sövdələşmə iddialarını araşdırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG