Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:33

'Apple'ın həmtəsisçisi Facebook hesabını bağlayıb


Steve Wozniak
Steve Wozniak

«Apple» şirkətinin həmtəsisçisi Steve Wozniak öz Facebook hesabını bağlayır. Bu arada sosial media nəhəngi hazırda çox ciddi gizlilik böhranı yaşayır. Bu onun mövcud olduğu dövrdə üzləşdiyi ən ciddi böhrandır.

Wozniak «USA Today» qəzetinə elektron məktubda bildirib ki, Facebook istifadəçilərin verdiyi şəxsi məlumatlardan bəhrələnərək reklamdan çoxlu pul qazanır. O qeyd edib ki, «bütün gəlirlər istifadəçi məlumatlarına əsaslansa da, istifadəçilər bu qazancdan heç bir şey almırlar».

Wozniak daha sonra yazıb ki, o bundansa Facebook-a pul ödəməyə üstünlük verərdi.

««Apple» keyfiyyətli məhsullar hazırlamaqla pul qazanır, sizdən istifadə edərək qazanmır», –deyə o qeyd edib.

«İkiüzlülük»

Bazar ertəsi günü Filadelfiyada «The Associated Press» agentliyinə müsahibə verən Wozniak xeyli müddətdir ki, Facebook hesabını bağlamaq haqda düşündüyünü, nəhayət, ötən həftə bir neçə inandığı dostunun hesablarını bağlamasından sonra özünün də bu addımı atdığını deyib.

«Facebook rəhbəri Mark Zuckerberg-in öz şəxsi həyatı üçün Havay adalarındakı evinin ətrafındakı bütün evləri və əraziləri satın aldığı bir vaxtda mənim şəxsi məlumatlarıma hörmət etməməsi böyük ikiüzlülükdür. O, gizliliyin dəyərini bilir, ancaq mənimkinin qayğısına qalmır», – Wozniak deyib.

Donald Trump-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədlik kampaniyası ilə əməkdaşlıq edən, data toplamaq üzrə ixtisaslaşmış Britaniya şirkəti 87 milyon Facebook istifadəçisinin şəxsi məlumatlarını ələ keçirib. Kaliforniyanın Menlo Park ərazisində yerləşən Facebook şirkəti gizlilik məsələlərini tənzimləməyə texniki dəyişikliklər olunacağını bəyan edib.

Mark Zuckerberg ABŞ Senatında ifadə verir
Mark Zuckerberg ABŞ Senatında ifadə verir

Zuckerberg baş verənlərə görə ictimaiyyətdən üzr istəyib. Facebook-un ikinci əsas rəhbəri Sheryl Sandberg də şirkətin insanların etimadını doğrultmamasına görə təəssüfləndiyini bildirib.

Wozniak mövcud sistem daxilində Facebook-un gizliliklə bağlı problemləri həll edə biləcəyinə inanmadığını bildirib. O, hətta Facebook-un öz qaydalarını on illərlə dəyişməyəcəyi qənaətində olduğunu deyib.

Wozniak deyib ki, Kaliforniyanın Kupertino ərazisində yerləşən «Apple Inc.» şirkəti insanlara bir çox hallarda müəyyən məlumatı paylaşıb-paylaşmamağı seçmək imkanı verən sistemlərə və qaydalara malikdir.

O həmçinin deyib ki, «Apple»ın gələcəkdə Facebook app-inin öz telefonlarına yüklənməsinə imkan verməyəcəyini düşünmür. Ancaq o, şirkətdə belə qərarları vermədiyini də vurğulayıb.

«Reklam yerləşdiririk»

Zuckerberg ötən gün – aprelin 10-da Kapitolidə ABŞ Konqresinin yuxarı palatası qarşısında Facebook-un gizlilik siyasəti ətrafında yaranmış qalmaqal və şirkətin xidmətlərindən sui-istifadə hallarının önlənə bilməməsi ilə bağlı ifadə verib. Facebook rəhbəri bu gün də Senat üzvlərinin suallarına cavab verəcək.

Facebook siyasi reklam qaydalarını sərtləşdirir
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

«Vox» yazır ki, ötən günkü dinləmədə diqqəti cəlb edən Zuckerberg-in davranışından çox senatorların verdiyi suallar olub. Məsələn, Yuta ştatından seçilmiş respublikaçı senator Orrin Hatch Facebook rəhbərinə belə bir sual verib: «İstifadəçilərin sizin xidmətlərinizə görə pul ödəmədiyi şəraitdə biznes modelinizin dayanıqlığını necə təmin edirsiniz?».

«Senator, biz reklam yerləşdiririk», – deyə M.Zuckerberg cavab verib.

«Vox» həmçinin, senatorların verdikləri «qəribə» sualların onların texnologiyanı çox da yaxşı anlamadıqlarını göstərdiyini yazıb. «Dinləmədə iştirak edən parlament üzvlərinin orta yaşı 62 idi. Dinləməni keçirən iki Senat komitəsinin sədrləri və səlahiyyətli üzvlərininsə orta yaşı 80-ə yaxın idi», – sayt yazır.

Ancaq «qəribə» suallar verən təkcə yaşlı senatorlar olmayıb. Məsələn, Havay adalarından seçilmiş 45 yaşlı demokrat senator Brian Schatz israrla M.Zuckerberg-dən soruşub ki, Facebook-a məxsus WhatsApp-da göndərdiyi e-meylləri Facebook görə bilirmi. WhatsApp-da e-meyl göndərmək mümkün deyil və bu mobil əlavə şifrələnmiş olduğundan digər tərəflərin ona çıxışı yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG