Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Fevral, şənbə, Bakı vaxtı 01:53

Fəxrəddin Abbasova hökm oxundu


F.Abbasov

Ermənistan xüsusi xidmət orqanının əməkdaşıyla əlaqədə, Azərbaycan əleyhinə çağırışlarda suçlanan Fəxrəddin Abbasova 16 il həbs cəzası kəsilib. Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb. O, CM-in 281.2 (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar) və 283.1 (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələriylə təqsirli sayılıb.

Xeyli müddət Rusiyada müvəqqəti yaşayış hüququ ilə yaşayan F.Abbasov haqqında ötən ilin fevralında Moskva vilayəti Lyuberetsk şəhər Məhkəməsi deportasiya qərarı çıxarıb. Əsas kimi isə müvəqqəti yaşayış müddətinin bitməsi göstərilib. O, fevralın 28-də Rusiyadan Azərbaycana göndərilib və Bakıda elə hava limanında saxlanılıb.

Ardınca da Dövlət Təhlükəsizliyi Xidməti onun haqqında rəsmi açıqlama yayıb. Bildirilib ki, F.Abbasovun Ermənistana səfərləri, bu ölkənin xüsusi xidmət orqanının əməkdaşıyla görüş və əlaqələri, orada keçirilən və mediada, sosial şəbəkələrdə yayılan tədbirlərə canlı yayımda qoşulub Azərbaycan əleyhinə çağırışlar etməsi və s. məsələlər araşdırılır.

F.Abbasov məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, Ermənistanın xüsusi xidmət orqanlarıyla əməkdaşlığı barədə deyilənlər yalandır.

Onun Rusiyadakı vəkili Rodion İdrisov AzadlıqRadiosuna bildirmişdi ki, F.Abbasov Bakıya göndərildiyi gün məhkəmədə onu gözləyib. Vəkilin sözlərinə görə, 2019-cu il fevralın 26-da F.Abbasovun Rusiyada yaşayış hüququnun müddətini uzatmaqdan imtina edərək özünü də təcridxanaya salıblar. Fevralın 27-də o, saxlandığı təcridxanadan yoxa çıxıb.

Vəkilin sözlərinə görə, fevralın 28-də Moskva vilayətinin Lyuberetsk məhkəməsində deportasiya qərarıyla bağlı proses olmalıydı. Vəkil və F.Abbasovun tanışları məhkəməyə gəlsə də, proses olmayıb. Bir də eşidiblər ki, artıq Azərbaycana göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG