Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 01:08

«Kanal 13» internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucov azadlığa buraxılıb. Aprelin 5-də Ali Məhkəmədə bu barədə qərar çıxarılıb.

Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil bildirib ki, Ali Məhkəmə Ə.Orucov haqqında hökmü dəyişib. CM-nin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə ona bəraət verilib. CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə verilən ittiham həmin maddənin birinci bəndinə tövsif olunub və bu ittiham üzrə 3 il cəza kəsilib. Ali Məhkəmə jurnalistə münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Ə.Orucovun şərti cəza ilə həbsdən buraxılmasına qərar verilib.

Ə.Orucovun yaxınları onun səhhətindəki problemlərlə əlaqədar bir neçə gün öncə cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə köçürüldüyünü bildirmişdi.

Xatırlatma

Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

Ə.Orucov ittihamların saxta, özünün də təqsirsiz olduğunu deyir.

Jurnalistin Almaniyada mühacir həyatı yaşayan qardaşı Anar Orucov deyir ki, onun tənqidçi fəaliyyətinə görə Ə.Orucovu cəzalandırıblar. Ancaq rəsmilər ölkədə insanların qohumlarına və ya peşə fəaliyyətinə görə cəzalandırılmadığını, bütün fundamental azadlıqların qorunduğunu iddia edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG