Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:13

Mirvari Qəhrəmanlı həbsdəki jurnalistin məhkəməsində dindirildi


Mirvari Qəhrəmanlı

Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı oktyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, «Kanal-13» internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun məhkəməsində şahid qismində ifadə verib.

Təqsirləndirilən şəxsi uzun müddətdir tanıdığını və «Kanal-13»lə əməkdaşlıq etdiyini deyən M.Qəhrəmanlı bildirib ki, Ə.Orucov saf adamdır, ədalətli, vicdanlı jurnalistdir. Hüquq müdafiəçisinin sözlərinə görə, o, 2015-2016-cı illərdə «Kanal-13»lə qarşılıqlı müqavilə əsasında əməkdaşlıq edilib, internet televiziyasında hüquqi yardımla bağlı maarifləndirici verilişlər hazırlanıb.

***Buna da bax-Jurnalistin anası: 'Müstəntiq dedi ki, o biri oğlunu, gəlinini də tutarıq...'

«BİLİRDİM Kİ, SIXINTILARI VAR»

M.Qəhrəmanlı söyləyir ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində «Kanal 13»ə ödəniş edib:

«Səhv eləmirəmsə, üç dəfə ödəniş eləmişəm. İki dəfə 500, bir dəfə də 450 manat. Qəbzlər də mənə verilib. Həmin qəbzləri istintaq orqanına təqdim etmişəm. Mən təşkilat rəhbəriyəm, fəaliyyətimə görə sosial şəbəkələr və televiziyalarla əlaqədə maraqlıyam. Ancaq ölkədəki televiziya kanalları mənim sahəmlə bağlı verilişlər hazırlamır. Ona görə də mən «Kanal 13»lə əməkdaşlıq etmişəm».

Ə.Orucov da öz növbəsində bildirib ki, M.Qəhrəmanlı ilə bağlanmış müqavilələr üzrə alınmış vəsaitin vergisi ödənilib.

Əziz Orucov
Əziz Orucov

Təqsirləndirilən jurnalistin məhkəməsində dindirilən daha bir şahid Alış Abdulla olub. O bildirib ki, «Kanal-13»lə əməkdaşlıq etsə də, maaş almayıb:

«Ora öyrənmək məqsədilə gedib-gəlirdim. Nə vaxt istəsəm, onda gedirdim. Əziz Orucovun maliyyə durumu yaxşı deyildi, bilirdim ki, sıxıntıları var».

Növbəti şahid Ruslan Əhmədov deyir ki, CV göndərib, onun əsasında işə qəbul olunub. Onunla əmək müqaviləsi bağlanıb:

«Üç ay işləmişəm, ayda 300 manat maaş almışam. Digər əməkdaşlardan kimin nə qədər pul aldığını mən bilmirəm».

Məhkəmə oktyabrın 24-də davam edəcək.

***Buna da bax-'Təcridxanada jurnalistə nə ventilyator verirlər, nə də pəncərə açmağa qoyurlar'

XATIRLATMA

Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir. «Kanal 13»ün rəhbəri, Almaniyada mühacir olan Anar Orucov da bildirib ki, qardaşı onun özünün və rəhbərlik etdiyi media orqanının tənqidçi fəaliyyətinə görə həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG