Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:14

Fransa imtina etdi, 'Expo-2025' Azərbaycanda keçirilə bilər...


Astana. Expo2017 sərgisi.
Astana. Expo2017 sərgisi.

«“Expo-2025” olsa da, olmasa da, məhsulları Rusiyaya satacağıq. Bu, məntiqi baxımdan əsaslandırılmış layihə deyil»

Fransa maliyyə problemləri ucbatından “Ümumdünya sərgisi 2025”ə (“World Expo 2025”) ev sahibliyindən imtina edərək namizədliyini geri götürüb. Yerdə üç namizəd qalır: Yaponiya, Rusiya və Azərbaycan.

Bu cür sərgilərin keçirilməsi milyardlara başa gəlir. Bəs, son illər bir neçə beynəlxalq tədbirə ev sahibliyi edən, neftin ucuzlaşmasından sonra milli valyutası iki dəfə devalvasiyaya məruz qalan, iqtisadi böhranla üzləşən Azərbaycan belə bir imkana sahibdirmi? O da Fransa kimi davrana, namizədliyini geri götürə bilərmi?

Buna da bax: Fransa 'Ümumdünya sərgisi'nə pul tapmır, Azərbaycansa...

AzadlıqRadiosu bu suala cavab almaqdan ötrü “Baku Azerbaijan Expo-2025”-in təşkilatçıları ilə əlaqə saxlamağa çalışıb. Təşkilatçı qurumdan bildirilib ki, hazırda rəhbərlik xaricdə səfərdədir, onlar qayıtdıqdan sonra bu sualı cavablandıra biləcəklər.

“Azərbaycan xaricə nə satır ki...”

Azərbaycanlı mütəxəssislərinsə bu məsələdə baxışları fərqlidir.

“Əslində, bu cür böyük layihələri gerçəkləşdirmək istəyən ölkələrin məqsədi ölkənin ixracat potensialının artımıdır. İxracat potensialı çoxşaxəli olan ölkələr belə tədbirlər keçirməklə əlavə investorlar cəlb etməyə, məhsullarını xaricə satmağa çalışırlar. Azərbaycan xaricə nə satır ki, “Expo-2025” kimi bahalı layihə də həyata keçirsin?”, – deyə Natiq Cəfərli sual edir.

Buna da bax: Azərbaycan daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək

Natiq Cəfərli
Natiq Cəfərli

“Expo-2025” kimi bahalı layihəyə milyardlar qoymaqla hansı ixracat potensialımızı artıracağıq? Qeyri-neft sektorunda əsas ixracat kənd təsərrüfat mallarının üzərinə düşür. Bunun da bazarı Rusiyadır. “Expo-2025” olsa da, olmasa da, məhsulları Rusiyaya satacağıq. Bu, məntiqi baxımdan əsaslandırılmış layihə deyil. Avropa Oyunlarında olduğu kimi, yüz milyonların havaya sovrulmasından başqa heç nəylə yadda qalmayacaq”, – iqtisadçı əlavə edir.

Buna da bax:​ İdman nazirinin oğlu olsaydınız... [formula-1 araşdırması]

Onun qənaətincə, hökumətin məqsədi “Bakı Avropa Oyunları”, “Formula 1” idman yarışlarında olduğu kimi, “pul qazanmaq yox, ölkənin imicinin yaxşılaşdırılması üçün müxtəlif beynəlxalq layihələrdə iştirakın imitasiyasıdır”. O yada salır ki, Avropa Oyunları zamanı hökumətin başlıca arqumenti bunun ölkənin təqdimatına, tanınmasına təsiri və ölkəyə turist axını barəsində idi:

“Amma məlum oldu ki, 2015-ci ildə ölkəyə son dövrlərin ən az turisti gəlib. Ötən il viza verilməsi sadələşdirildi və bu, milyardlarla xərc çəkilən Avropa Oyunlarından daha çox effekt verdi, ərəb ölkələrindən, başqa yerlərdən gələn turistlərin sayı həqiqətən də artdı...”

“Azərbaycan bəlkə tank çıxaracaq”

Buna da bax: Prezident: ‘Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb’

“Qazaxıstan bu sərgidə nə nümayiş etdirdi ki guya? İkincisi, dünyada 200 ölkə varsa, onun 150-i bu sərgidə pavilyonunu quracaq. Üçüncüsü, Azərbaycan Afrikanın bir ölkəsi deyil ki? Heç nəyi olmayan ölkə deyil, axı. Bəlkə tank çıxaracaq?”, – bunu isə iqtisadçı İlham Şaban deyir.

İlham Şaban
İlham Şaban

“Əvvəllər futbol çempionatında 16 komanda iştirak edirdi, indisə 64 komanda. Düşündülər ki, başqaları da iştirak etsin, onlar da inkişaf etsin. Dünya dəyişir, yanaşma dəyişir. Gürcüstan neft ölkəsi deyil, ildə 50 min tona yaxın neft çıxarılır. Amma deyilir ki, onun da neft korporasiyası var, orda da neft sərgiləri keçirilir və s. Hər şey dəyişir. ABŞ-ın ÜDM 14 trilyon dollardan çoxdur. İndi gərək hər şey orda olsun?”, – deyən ekspert fikrini bu şəkildə davam etdirir.

İlham Şaban hesab edir ki, bu sərginin Azərbaycanda keçirilməsi “çox yaxşı” olardı. Onun sözlərinə görə, hər bir hökumətin öz xasiyyəti var və “Azərbaycan hökuməti də beynəlxalq tədbir olmasa, özünü nəyəsə kökləyə bilmir”. Buna görə bu cür irimiqyaslı tədbirlərin keçirilməsinin “nələrinsə dəyişməsinə” təkan verdiyini bildirir.

Buna da bax: Son 5 ildə Azərbaycan yarış və şoulara nə qədər pul xərcləyib? [video]

“Bu prizmadan baxanda belə bir tədbirin keçirilməsi siyasi hakimiyyətin həm daxili, həm də xarici davranışının dəyişməsinə yardımçı ola bilərdi. 2012-ci ildən bu yana nəzər salanda vizual da olsa, çox şey bu cür tədbirlərə hesablanıb”, – İlham Şaban deyir.

“Biz sanki ayrı hökumətdən danışırıq”

“Biz sanki ayrı hökumətdən danışırıq. Amma Azərbaycanda 25 ildir eyni hökumətdir, idarəetmədə eyni insanlar, eyni yanaşmadı”,– söyləyən Natiq Cəfərli hesab edir ki, yaxın illərdə böyük dönüş yaranacağına şübhəylə yanaşır:

“İstehsal sahəsində, özü də yüksək texnologiyalar, elm tutumlu istehsal sahələrinin yaradılması üçün baza olmalıdır. Təhsildən, məktəbdən başlanan yoldur. Azərbaycanın çox qısa zamanda innovativ, yüksək texnoloji məhsulların istehsalında ciddi addım atması şübhəlidir. Yeri gəlmişkən, Azərbaycan bu cür addım atacaqsa, ətraf ölkələrin, Orta Asiya ölkələrinin bazarları daha cəlbedicidir. “Expo” keçirməkdənsə, bu yöndə işləmək daha vacibdir”.

Buna da bax: İslam Oyunlarına gələ bilməyəni gətirməyə Bakı pul verir?

Ekspertin fikrincə, bu sadəcə, “siyasi və imic” layihəsidir, ölkənin tanınmasına hesablansa da, baha başa gəlir. Onun qənaətincə, sadəcə, son zamanlar neftin qiymətinin artması Azərbaycan hakimiyyətinin belə bahalı layihələrə iştahını da artırıb.

Ötən il Qazaxıstanda keçirilən “EXPO-2017”nin, eləcə də Çində belə bir sərgiyə bir neçə milyard dollar xərcləndiyi bildirilir. Düzdür, bu zaman ölkəyə gələn turistlərin artdığı, kiçik sahibkarlığın inkişaf etdiyi haqda da fikirlər səslənir.

Azərbaycanın bu sərgiyə nə qədər xərcləyəcəyi isə, hələlik, bəlli deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG