Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 13:34

Prokurorluq jurnalistə xəbərdarlıq etdi [yenilənib]


Əvəz Zeynallı

Bu gün, yanvarın 26-sı Baş Prokurorluqda “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya xəbərdarlıq edilib.

Bu haqda Baş Prokurorluğun məlumatında bildirilir.

Məlumatda vurğulanır ki, aparılmış araşdırmalarla “Xural.com” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” qanununun müddəalarının tələblərinin pozulduğu üzə çıxıb.

“Vəzifəli şəxslər və təmsil etdikləri dövlət orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qərəzli şəkildə yayılması müəyyən edilib”, – Baş Prokurorluq bildirir.

Buna da bax: Polisdə Əvəz Zeynallıya vəfat edən jurnalistləri xatırladıblar

Prokurorluq qeyd edir ki, bununla əlaqədar olaraq saytın baş redaktoru Əvəz Zeynallı dəvət edilib. Kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyi onun diqqətinə çatdırılıb.

Əvəz Zeynallı: “Bu məni fəaliyyətimdən çəkindirə bilməz”

Ə.Zeynallının özü isə AzadlıqRadiosu-na açıqlamasında prokurorluğa çağırılmasının sırf jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Ə.Zeynallının sözlərinə görə, onu baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib, "profilaktik" söhbət aparıb.

Jurnalistin sözlərinə görə, dəvət olunmasına səbəb statusları və Mehman Əliyevlə bu günlərdə götürdüyü müsahibə olub.

Buna da bax: Əvəz Zeynallının polisə aparıldığı bildirilir [yenilənib]

“Mənə irad tutulan statuslarım yeni il ərəfəsində yazdıqlarımdır. Həmin statuslarda jurnalistlər - Əfqan Sadıqov, Əziz Orucov, Əfqan Muxtarlı və digərləri ilə bağlı həbs qərarlarından bəhs etmişəm, yeni repressiya dalğasının yaşandığını qeyd etmişəm. Çağırılmağımın əsas səbəbi məncə elə Mehman Əliyevlə müsahibəm idi. Statusları da onun “gözünə qatdılar”. Mənə bildirildi ki, belə status, müsahibələrlə ictimai rəyi çaşdırıram”, – Ə.Zeynallı bildirib.

Jurnalistə deməsinə görə, yazılı xəbərdarlıq edilib. Ancaq Ə.Zeynallı deyir ki, xəbərdarlığa imza atmaqdan imtina edib.

“Bu, jurnalistin peşə fəaliyyətinə müdaxilədən başqa bir şey deyil. Hesab edirəm ki, jurnalist olaraq nələri etməliyəmsə, elə, o işlərlə məşğulam. Bu hallar məni fəaliyyətimdən çəkindirə bilməz”, – Ə.Zeynallı bildirib.

* * *

Əvəz Zeynallı prokurorluğa çağırılıb

«Xural» qəzetinin baş redaktoru və internet üzərindən yayımlanan «Qaynar qazan» verilişinin aparıcısı Əvəz Zeynallını Baş Prokurorluğa çağırıblar.

Bunu onun özü AzadlıqRadiosuna bildirib.

Ə.Zeynallının deməsinə görə, prokurorluğa çağırılması «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin «Qaynar qazan» proqramında yayımlanmış müsahibəsi ilə bağlıdır.

«Baş Prokurorluğun mətbuat xidmətindən Eldar Sultanov zəng edib məni saat 17:30-da dəvət etdi. Gedib nə istədiklərini öyrənəcəm», -Ə.Zeynallı bildirib.

Ə.Zeynallının vurğulamasına görə, sözügedən müsahibədə, əsasən, ölkədə yürüdülən media siyasətinə və M.Əliyevin həbs edilib buraxılması məsələsinə toxunulub. M.Əliyev hökuməti həbsinə, media ilə bağlı yürüdülən siyasətə görə sərt tənqid edib.

M.Əliyev ötən il avqustun 24-də vergidən yayınmada ittiham edilərək həbs olunub. Ancaq oktyabrın 11-də azadlığa buraxılıb. Onun üzərindən bütün ittihamlar götürülüb.

Baş Prokurorluqdan hələlik Ə.Zeynallının çağırılmasının səbəbini dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

Ə.Zeynallı 2002-ci ildən «Xural» qəzetinin baş redaktorudur. O, Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib.

2013-cü il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın verdiyi hökmlə 9 il azadlıqdan məhrum edilib.

Hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunub. Baş redaktor o zaman bütün ittihamları rədd etmişdi.

2014-cü il dekabrın 30-da prezidentin imzaladığı əfv sərəncamı əsasında azadlığa buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG