Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 11:01

Əvəz Zeynallıya 9 il həbs cəzası kəsildi, evindən götürülən pullar müsadirə edildi


Əvəz Zeynallı və Elnur Şükürov
Əvəz Zeynallı və Elnur Şükürov

“Xural TV”nin rəhbəri, ilyarımdır həbsdə olan Əvəz Zeynallıya 9 il həbs cəzası kəsilib. Fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində belə hökm oxunub. Hökmə görə, Ə.Zeynallı saxlandığı gün onun evindəki axtarışda götürülən 16 min manat da müsadirə edilib.

Ə.Zeynallı ilə birgə mühakimə olunan “Səda TV” internet kanalının idarəedicisi Elnur Şükürov da 4 il azadlıqdan məhrum edilib.

Onlar rüşvətalma, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə kimi əməllərdə suçlu sayılsalar da, heç biri özünü təqsirli bilmir.

“Bu işdəki 38 şahiddən 31-ni tanımıram...”

“Xural TV” rəhbəri hökmdən öncə son sözündə deyib ki, məhkəmədə bircə faiz ədalət olsa, onlara bəraət verilməlidir. Ə.Zeynallı deyir ki, heç bir tanışlığı olmayan adamlardan bu işdə şahid kimi istifadə olunduğunu, onun əleyhinə ifadə verməyə məcbur edildiklərini söyləyib:

“Bu işdəki 38 şahiddən 31-ni tanımıram. Nə mən onları tanıyıram, nə də onlar məni. Məni tanımayan adam mənim əleyhimə necə şahidlik edə bilər? Şahidlərdən ikisi icra başçısıdır, vəzifəli şəxslərdir. Əlbəttə, onları tanımalıyam. Mənə ittiham veriblər ki, onların qərarlarına təsir göstərmişəm. Bu qədər absurd olar?”.

Bakının Suraxanı və Sabunçu rayonlarının icra başçıları Əziz Əzizov və Adil Vəliyev Ə.Zeynallının məhkəməsində də şahid kimi dindiriliblər.

“Xural TV” rəhbəri vurğulayıb ki, onlara qarşı ittihamları təsdiqləyəcək heç bir mötəbər sübut-dəlil yoxdur. Bu üzdən, cinayət işinə xitam verilməli, barələrində də bəraət hökmü çıxarılmalıdır.

O, son sözündə vicdan məhbusu olduğunu vurğulayaraq deyib ki, haqqındakı cinayət işi də hansısa cinayətə görə yox, sözə görədir.

E.Şükürov isə son sözünü fevralın 23-də söyləmişdi. O bildirmişdi ki, Ə.Zeynallının əleyhinə ifadə verməkdən imtina etdiyinə görə cəzalandırılıb.

“Xural TV” rəhbərinin həyat yoldaşı Məlahət Zeynalova bildirib ki, hökm qanunsuz və ədalətsizdir, apellyasiya şikayəti verəcəklər.

“Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunları ayaqlar altına atdılar...” - M.Zeynalovanın sözləridir.

Xatırlatma

Ə.Zeynallı 2022-ci il sentyabrın 9-da həbs edilib. Ona qarşı ilk ittiham "Baku Steel Company" MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun həyat yoldaşından 20 min manat alınması ilə bağlı idi. Sonradan yeni ittihamlar da irəli sürülüb. Ə.Zeynallı özünü təqsirli bilmir, susdurulması üçün siyasi sifarişlə həbs olunduğunu deyir.

E.Şükürov 2022-ci il sentyabrın 13-dən həbsdədir. O da təqsirsiz olduğunu və Ə.Zeynallının əleyhinə ifadə vermədiyinə görə cəzalandırıldığını söyləyir.

XS
SM
MD
LG