1990-cı illərdə qurulan "Euronews"un 2011-ci ildə dünyada azı 30 ofisi vardı. 2022-ci ildə "Euronews" televiziyasının xəbər mərkəzi yarıya salınmışdı, Brüsseldəki ofisdə işçilər sonuncu tualet kağızı rulonu bir-birinə ötürürdülər. Vaxtilə Avropanın CNN-ə cavabı sayılan bu telekanalın üstünü qara buludlar almışdı. "Euractiv" nəşri "Euronews"un Avropa İttifaqından (Aİ) milyonlarla avro dəstək almasına baxmayaraq, siyasi əlaqələri olan investorlardan, lobbiçilərdən asılılığını araşdırıb.
Nəşrin tanış olduğu maliyyə hesabatları, telekanalın 14 indiki və keçmiş işçisi ilə müsahibələri maliyyə gərginliyi içində olan qurumun Serbiyadan Azərbaycanadək avtoritar hökumətlərlə əlaqələrini dərinləşdirdiyini üzə çıxarıb.
48 işçidən anonim məktub
"Euronews" ötən il Azərbaycanda da ofis açıb. O zaman bu addım ölkədə onlarla jurnalist və fəalın siyasi sayılan ittihamlarla həbsdə olması fonunda birmənalı qarşılanmamışdı.
""Euronews"un çoxdankı redaksiya müstəqilliyi tənəzzülə uğrayır. Dəfələrlə işimizə müdaxilə ilə üzləşmişik, bu, özünüsenzuraya, yayımda yubanmalara səbəb olur", – iyunda 48 işçidən ibarət qrup "Euronews" sədri Pedro Varqas Davidə anonim məktubda yazıb.
Avropa Parlamentinin Avstriyadan üzvü Helmut Brandştetter isə "Euractiv"ə müsahibəsində telekanalı əməliyyatları barədə daha şəffaf olmağa çağırıb.
"Euractiv" "Euronews" rəsmilərindən əlavə şərh ala bilməyib.
"Euronews"un sədri və əsas investoru P.V.Davidin atası Mario David Macarıstanın baş naziri Viktor Orbanın dostudur. David "Euronews"u 2022-ci ildə Orbanın müttəfiqinin dəstəyi ilə əldə edib. O, həmin sərmayəni təkcə maliyyə tranzaksiyası deyil, həm də Avropaya xidmətdə demokratik vəzifəsi adlandırıb.
15 ildə 350 milyon avro
Təkcə son 15 ildə Aİ-dən "Euronews"a azı 350 milyon avro ayrılıb. Amma maliyyə qeydləri telekanalın həm gəlirlərinin, həm də tamaşaçı sayının böyük olmadığını göstərir. Yarandığı gündən kanal 180 milyon avro zərər qeydə alıb. Ötən il onun ümumi borcu 103.5 milyon avroya çatıb ki, bunun da 19 milyonu ödənilməmiş hesab-fakturalardır. Bunu daxili mənbələr "Euractiv"ə təsdiqləyib.
Vaxtilə telekanalın gündəlik izləyici sayının 7 milyon olduğu deyilirdi. Aİ Komissiyasının keçmiş prezidenti Jan-Klod Yunker isə zarafatla deyirmiş ki, o, "Euronews"un yeganə izləyicisidir.
"Euronews"un keçmiş rəsmisinin nəşrə dediyinə görə, avtoritar ölkələrlə sövdələşmələr maliyyə praqmatizmidir, redaksiya siyasətində güzəşt demək deyil.
"Televiziya baha başa gəlir. Bizə heç vaxt geniş fəaliyyət üçün gərəkən dəstək verilməyib, bəs onda Azərbaycan və ya Qətərdə necə tərəfdaş axtarmaya bilərdik?", – o, sual edir.
"Euractiv" yazır ki, Orta Asiya və Körfəz ölkələrindən savayı, telekanal Çinlə əməkdaşlıq imkanlarını da araşdırır, CGTN dövlət telekanalı ilə sponsorluq razılaşmalarını nəzərdən keçirir.
Azərbaycan ilk 10 reklam müştərisi arasında
2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanla illik kontraktlar "Euronews"a 18 milyon avro qazandırıb. Daxili mənbələr Azərbaycanın həmin il ilk 10 reklam müştərisi arasında yer aldığını bildirib.
"Euractiv" yazır ki, 2024-cü il avqustun 1-dən 2025-ci il avqustun 31-dək euronews.com "Azerbaijan", "Baku" və "Aliyev" kateqoriyaları üzrə 120 material dərc edib. 2023-cü ildən bəri "Euronews" prezident Əliyevdən azı dörd dəfə müsahibə alıb. Müsahibələrinin birində o, "The Washington Post" and "The New York Times" qəzetlərini "saxta xəbər" adlandırıb, "Euronews" moderatoru ona bu iddia ilə bağlı əlavə sual verməyib. "Təsəvvür edə bilirsiniz? Onlar məqalələrində mənə "diktator" deyirlər", – Əliyev rişxəndlə bildirirdi.
Azərbaycanın Brüsseldəki səfirliyi bu ölkənin "Euronews" ilə əlaqələrinə aydınlıq gətirməyib.