Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 00:15

'EuroHome'da 128 sahibkarın əmlakı yanıb


EuroHome yenidən yandı
Gözlə
Embed

No media source currently available

0:00 0:02:48 0:00

EuroHome yenidən yandı

Mayın 11-də Bakıdakı "EuroHome" tikinti bazarında baş verən yanğınla bağlı cinayət işi açılıb.

Bu barədə bugün, mayın 13-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, yanğın söndürüldükdən sonra hadisə yeri müfəssəl müayinə olunaraq, oradan sübut əhəmiyyətli predmet və nümunələr götürülərək ekspertiza tədqiqatına verilib.

Qeyd edilib ki, Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Açıqlamaya görə, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

"Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb. İş üzrə məhkəmə kimyəvi, məhkəmə yanğın-texniki, məhkəmə tikinti-texniki, məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilib, ticarət mərkəzindən iş üzrə zəruri olan sənədlər götürülüb".

Açıqlamaya görə, hazırda hadisəsinin baş vermə səbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi və cinayəti törətməkdə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Prokurorluq həmin ticarət mərkəzində 128 nəfərə məxsus əmlakın yandığını qeyd edir. "...Zəruri istintaq hərəkətləri və müvafiq ekspertizalar təyin edilməklə rəylərin alınması, vətəndaşlara dəymiş 17 milyon 460 min manat maddi ziyanın 13 milyon 796 min manatının ödətdirilməsi təmin edilib".

Açıqlamada yazılıb ki, hər iki yanğın "EuroHome" Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) məxsus eyni ticarət mərkəzində baş verdiyindən cinayət işləri birləşdirilməklə istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində vahid icraatda davam etdirilir.

Bu açıqlamaya, hələlik, "EuroHome" MMC-nin rəhbərliyi və icarədarlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Mayın 11-də Bakıdakı "EuroHome" tikinti bazarında yanğın baş verib. İlkin açıqlamaya görə, yeni təmir edilən bazarda 3300 kv.m. hissə (ümumi sahəsi 22500 kv.m.-ə yaxındır) yanıb.

2019-cu il dekabrın 10-da da həmin bazarda yanğın baş vermişdi. Ondan sonra sahibkarlar bir neçə dəfə aksiya keçirib dövlətdən kompensasiya istədilər. Lakin onlara kompensasiya verilmədi. Rəsmilər sahibkarlara mallarını sığorta etdirməyi məsləhət bildilər. Onda bazarın 5 hektar ərazisinin 2 hektarı yanmışdı. Bu zaman 100-dən çox mağazanın sıradan çıxdığı bildirilirdi. Amma indi də orada mallarını sığorta etdirməyən sahibkarların olduğu deyilir.

XS
SM
MD
LG