Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:35

Vərəsələr yenə toplaşdı, özündən gedən oldu...


11 dekabr, 2018-ci il, prezident administrasiyası qarşısında etiraz
11 dekabr, 2018-ci il, prezident administrasiyası qarşısında etiraz

Qarabağ uğrunda döyüşlərdə həlak olan insanların ailə üzvləri bu gün, dekabrın 11-də yenidən Prezident Administrasiyasının (PA) qarşısına toplaşmaq istəyiblər. Ancaq onların PA-nın önünə toplaşmasına imkan verilməyib.

Şikayətçilər “Şəhidlərin haqqı yeyilməz” kimi şüarlar səsləndiriblər.

Onlar deyiblər ki, bu dəfə polis əməkdaşları onlarla zorakı davranıblar.

“Biz nə istəyirik ki? Qərar veriblər, icra edilməsini istəyirik, müraciət etmişik, dəfələrlə gəlib, burda toplaşmışıq. Qəbul ediblər, yazmışıq, cavab versinlər... Ya da birdəfəlik 20 yanvardakı (1990-cı il yanvarın 20-də SSRİ Silahlı Qüvvələri Bakıda kütləvi qırğın törədib. Həmin günlərdə 130-dan çox şəxs həlak olub, 700-dən çox şəxs də yaralanıb. Həmin günlər Azərbaycanda bir çox insanlar Kremli Qarabağ münaqişəsi ilə bağlı tənqid edərək müstəqillik istəyirdi) kimi qırsınlar, bitsin bu iş”, şikayətçilərdən biri bildirib.

Ərazidəki polis əməkdaşları ilə həlak olmuş hərbi qulluqçu yaxınları arasında insident yaşanıb. Yaşlı bir qadın halı pisləşdiyindən yerə yıxılıb.

Eyni zamanda, şikayətçilərdən bir nəfər gənci mülki geyimli şəxslərin saxlayıb, naməlum istiqamətə apardığı bildirilib. Həlak olmuş hərbi qulluqçuların yaxınlarından Sevinc Quluzadənin sözlərinə görə, saxlanılan şəxs Toğrul Qocayev olub:

“Biz Prezident Adminstrasiyasının ön tərəfində gedirdik. Yaxınlıqdakı maşından iki nəfər mülki geyimli düşdü, Toğrulun iki qoluna girib maşına otuzdurdular. Heç bir şey demədən sürüb, apardılar”.

Onun sözlərinə görə, Toğrul Qocayevin atası Qarabağ uğurunda döyüşlərdə həlak olub.

“Vəkillər deyir ki...”

“Prezident Adminstrasiyasına kollektiv ərizə vermişik. Gedib, ordan öyrənmək istəyirdik ki, axı, heç bir cavab verilməyib, nəticəsi necə oldu. Bizə tövsiyə edirlər ki, birdəfəlik müavinətə görə məhkəməyə müraciət edin”, deyən Sevinc Quluzadə hazırkı durumda məhkəmələrə müraciət etməyin mümkün olmadığını vurğulayıb.

“Baxmayaraq ki, məhkəməyə müraciət etməyimizi istəyirlər, vəkillər deyirlər ki, dövlət qurumlarının imtina cavabı olmalıdır, məhkəməyə müraciət etmək üçün. Ancaq nə sosil müdafiə, nə sığorta, nə də digər qurumlar rəsmi şəkildə imtina cavabı verirlər, sorğularımıza cavab yazmırlar”, deyən Sevinc Quluzadə yaranmış durumu PA rəsmiləri ilə müzakirə etmək istədiklərini, ancaq onları kimsənin dinləmədiyini qeyd edib.

Həlak olmuş hərbi qulluqçuların yaxınları ilə polis əməkdaşları arasında mübahisə bir neçə saat davam edib. Onlar daha sonra naməlum şəxslərin saxladığı bildirilən Toğrul Qocayevdən xəbər tutmaq məqsədi ilə Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin qarşısına yığışıblar. Ancaq demələrinə görə, bölmədən hər hansı cavab ala bilməyiblər.

Şikayətçilər yenidən Prezident Adminstrasiyasının qarşısına qayıdıblar. Toğrul Qocayevin anası PA-ya daxil olub, ancaq oradan çıxdıqdan sonra ona oğlunun saxlanılmasından xəbərsiz olduqlarını bildirdiklərini açıqlayıb.

Toğrul Qocayev haqqında...

Həlak olmuş əsgər yaxınlarının dekabrın 11-də günün sonlarına yaxın verdiyi məlumata görə isə , Toğrul Qocayev inzibati qaydada həbs edilib.

Onun anası Məhəbbət Qocayeva da AzadlıqRadiosuna deyib ki, hazırda Səbail rayon Polis İdarəsinin 9-cu Poluis Bölməsindədir. O da oğlunun 30 sutka inzibati qaydada həbs edildiyini eşidib, amma onunrəsmən nədə günahlandırıldığını bilmir.

Bütün bu deyilənlərə və yaşanan gərginliyə hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Həmin şikayətçilər bundan əvvəl də bir neçə dəfə Prezident Adminstrasiyası və Milli Məclisin önünə toplaşıblar.Onlar həlak olan yaxınlarına görə, birdəfəlik müavinət ala bilmədiklərindən şikayətləniblər. Şikayətçilər bundan öncə Prezident Administrasiyasından qəbuldan çıxandan sonra demişdilər ki, onlara məhkəməyə müraciət etmək tövsiyə edilib.

Xatırlatma

Prezident İlham Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.

Ancaq bəzi həlak olmuş əsgər ailələləri, onların yaxınları fərmanın icrasından narazılıq edirlər. Fərmanın onlara aid edilmədiyini bildirən narazılar bir neçə dəfə Prezident Administrasiyasının, Milli Məclisin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) də narazıların fikirlərinə münasibət bildirib. Şirkət yaydığı açıqlamada həmin ailələrin səsləndirdiyi iddianın doğru olmadığını vurğulayıb: “1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə ödəniş daha əvvəl edilib. Həmin dövrdə “Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında” Qanuna əsasən, varislərə 50000 – 200000 manat məbləğində sığorta ödənişi həyata keçirilib...”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı məlumatlara görə, indiyədən 1223 hərbi qulluqçu üzrə 1509 vərəsəyə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, komissiya həlak olmuş hərbi qulluqçulardan 9531 nəfərin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququnu müəyyənləşdirib. Proses davam edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG