Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 03:48

Rachel Gillett Business İnsider saytında yazır ki, ilk dəfə gördüyünüz adama dediyiniz ilk söz ilk təəssüratın mühüm tərkib hissəsidir.

Təcrübə göstərir ki, bizim təzəcə tanış olduğumuz adamla ilk təqdimatımız və ya müqəddiməmiz bir çox hallarda sonrakı münasibətlərimizin taleyini həll etmiş olur.

Bu istər romantik məqsədlə tanış olarkən, istərsə də işə qəbul olunmaq üçün müsahibə verdiyiniz zaman üçün doğru yanaşmadır.

“Bunu yaxşı dedin – Xeyir Gətirən Təqdimatlar və Söhbətlər”(Well Said! Presentations and Conversations That Get Results) ” adlı kitabın müəllifi, həm də Well Said Inc şirkətinin rəhbəri Darlene Price deyir ki, “Uğursuz və ya düşünülmədən deyilmiş sözlər nəinki sizdən alınan ilk təəssüratı korlayır, hətta sizə olunan etimada, münasibətlərinizə və karyera inikişafı imkanlarınıza neqativ təsir göstərir”.

Rachel Gillett yazır ki, susmaq qızıl sayılsa da, aşağıdakı bəzi qaydalar heç də daha az qiymətli deyil.

“Burdakı adamlardan zəhləm gedir” və ya “Müdirim gicin biridir”

Price deyir ki, insan barədə ilk təəssürata heç nə onun neqativ yanaşması qədər ciddi zərbə vurmur. Xüsusən də söhbət ilk dəfə qədəm qoyduğunuz yerlərdə, ilk dəfə gördüyünüz adamlarla ünsiyyətdən gedirsə...

Əgər kimdənsə həqiqi mənada narazısınızsa, bunu müzakirə etmək ümün məsələn, kadrlar şöbəsi kimi spesifik məkanlar var.

“Nə qədər çıxır?”

Başqa sözlərlə “nə qədər qazanırsan?” Price deyir ki, nə qədər qazanması hər hansı bir insanın çox məhrəm sirridir və bu barədə soruşmaq ədəbsizlikdir.

Ekspertin fikrincə, əgər özgənin qazancı gecələr yuxunuza zəhər qatırsa, Glassdoor, PayScale, Salary.com kimi faydalı saytlar var. Bunlarda hər bir sahənin təxmini maaşları göstərilib.

“Bağışlayın ki, narahat edirəm”

Davranış və etiket eksperti, "Biznes etiketinin əsasları" (The Essentials of Business Etiquette ) kitabının müəllifi Barbara Pachter deyir ki, hələ etmədiyiniz bir şey üçün üzr istəməyə dəyməz. Ən yaxşısı özününzü təqdim etdikdən sonra, “bağışlayın, bir dəqiqə vaxtınız varmı?” deyə soruşmaqdır.

“Prezidentimiz barədə nə düşünürsünüz?”

Etiketin əsas qanunlarından biri də siyasəti ortaya gətirməməkdir.

Price-ın fikrincə, əgər lap bir siyasətçi, namizəd və ya partiya haqqında yüksək fikirdəsinizsə belə, xüsusən də iş yerinizdə siyasi kampaniyaçılıq etməyin.

Əgər belə bir söhbətə sizi çəkiblərsə, yalnız faktlarla danışın. Emosional, fərdi və ya mühakiməli bəyanatlardan çəkinin.

“Allaha inanırsınızmı?”

Bu nə qədər yersiz sual olsa da, onu verənlər tapılır.

Sizin dindar olub-olmadığınızdan asılı olmayaraq peşəkar xətlə ilk dəfə görüşdüyünüz adamlara belə suallar verməyin.

Amma keşişsinizsə, belə sualı sizə bağışlamaq olar.

“Mən homoseksualam/deyiləm”

Price deyir ki, bunun heç kimə dəxli yoxdur. Bəzi adamlar üçün belə söhbətlər narahat mövzudur, bəziləri isə bunu hətta seksual qısnama kimi də başa düşə bilər.

“Uşağınız nə vaxt doğulmalıdır?”

Əgər bu sualla hamilə yox, sadəcə qarnı böyük olan qadına müraciət etmisinizsə, ümid yeriniz yoxdur. Bu bağışlanması mümkün olmayan dəhşətli təhqirdir.

Digər tərəfdən ilk dəfə gördüyünüz adama belə sual verməklə, siz ona yaxşıca göz qoyduğunuzu göstərmiş olacaqsınız. Qadın özü bu barədə söz salarsa, mövzunu çox da dərinləşdirməyin.

“Əşşi ola bilməz”

İş şəraitində nədənsə narahat olduğunuzu göstərə bilərsiniz, lakin belə neqativ bəyanatla yaxşı bir peşəkar olmadığınız barədə təsəvvür yaradacaqsınız.

“Eşidirsən?..”

“Dedi-qodu, qiybət yaysanız, bilin ki, adınız qiybətqıran qalacaq”. Bunu Business İnsider saytına “Pis boslar, axmaq həmkarlar və ofisdəki başqa ipləmələr” (Bad Bosses, Crazy Coworkers & Other Office Idiots) adlı kitabın müəllifi Vicky Oliver deyib.

Etiket eksperti Rosalinda Oropeza isə deyir ki, kiminsə haqqında qiybət etməyiniz, sizi avtomatik şəkildə həmin şəxsdən daha pis adama çevirəcək.

Yadınızdan çıxarmayın ki, söhbəti sahibinə çatdıra bilərlər.

“Nə qəşəng paltarınız var…”

İlk görüşdə hətta kompliment şəklində də heç kimin zahiri görünüşü barədə fikir səsləndirməyin.

Price deyir ki, geyim çox şəxsi məsələdir. Adamlara komplimenti onların işinə görə edin.

“Mən də boşanıram da…”

Price deyir ki, həyatınızda hər hansı çətin dövrü yaşamanızdan asılı olmayaraq, bunu yeni həmkarınızla bölüşməyə tələsməyin.

Adamlara çətin durumda olduğunuzu deməklə sizə olan ümumi inamı sarsıda bilərsiniz.

“Düşünürəm ki…”

Bu sözlərlə başlayan cümləni işlətmək olar, amma həmişə yox.

İnamsızlıq və təcrübəsizliyi göstərən başlanğıcdır.

Əgər nəyisə dəqiq bilirsinizsə, onu deyin.

“Mat qalmışam”

Cümləyə təəccübləndiyinizi, çaşdığınızı göstərməklə başlamayın” – deyir Price.

“Sən mənim düşündüyümdən də ağıllı imişsən”

Belə söhbətləri etmək nəzakətsizlik sayıla bilər. Həm də belə müraciət etdiyiniz adam çətin ki, özünü çox yaxşı hiss eləsin.

“Neçə yaşınız var?”

Bunu gərək sizə uşaqlıqdan öyrədəydilər, amma yenə də gec deyil. Verilməsi ədəbsizlik sayıla biləcək sualdır.

“Düz sözümdür”

Siz bu sözü hər dəfə işlətdikcə, adamlar bəyanatınızın düzlüyünə şübhə etməyə başlaya bilrələr.

“Mənim haqqımda belə deyirlər, amma siz inanmayın…”

Bu da ilk dəfə gördüyünüz adamla ilk söhbət üçün yaxşı mövzu deyil. Ən azı ona görə ki, o sizin haqqınızda deyilənləri hələ eşitməmiş ola bilər.

“Mənə bir köməyiniz lazımdır..”

İlk dəfə gördüyünüz adamdan dərhal kömək istəməyin.

​“Mən…mən…mən”

Birinci şəxs əvəzliyi dildə ən kiçik sözlərdən biridir və onu böyütməyə dəyməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG