Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 04:30

Estoniyanın hakim partiyası seçkidə önə çıxır


Kaya Kallas
Kaya Kallas

Estoniyanın Baş naziri Kaya Kallasın (Kaja Kallas) “İslahat” partiyası bazar günü – martın 5-də keçirilmiş parlament seçkisində birinci yerə çıxıb. Bu, Tallinin Kiyevə qətiyyətlə dəstəkləyən hökumətlərdən biri kimi qalacağı deməkdir.

Bülletenlərin 98 faizi sayılıb. İfrat-sağçı EKRE partiyası ikinci yerdədir. Kallasın liberal partiyası səslərin 31.5, EKRE isə 16.1 faizini yığıb.

Koalisiya qura bilsə...

“Reuters” yazır ki, nəticələr bəzi seçicilərin Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində qiymətlərin artmasından narahatlığını göstərir.

45 yaşlı Kallas işlək koalisiya qura bilsə, Baltik ölkəsinin avropayönlü siyasətini daha da möhkəmləndirəcək.

Kallas deyib ki, seçki onun partiyasını, Rusiyaya təzyiq çağırışlarını davam etdirəcək koalisiya hökuməti qurmaq üçün güclü mövqeyə çıxarıb.

“Biz təhlükəsizliyimizə sərmayəni davam etdirməliyik. Təcavüzkar qonşumuz yox olmayıb, olmayacaq və ona görə də bununla işləməliyik”, – o, Tallinin mərkəzində oteldə jurnalistlərə deyib.

2019-cu ildə seçkini udsa da, hakimiyyətdən kənar qalmışdı

2019-cu ildə seçkini udmuş “İslahat” partiyası hakimiyyətdən kənar qalıb, çünki üç daha kiçik partiya hökuməti formalaşdırıb. 2021-ci ildə həmin hökumət iflas etdiyindən Kallas koalisiya yaradıb və hakimiyyətə keçib.

EKRE partiyası seçki kampaniyasında yaşıl enerjiyə keçidə qarşı çıxıb, enerji xərclərini azaltmağı, Ukraynadan yeni qaçqınların qəbulunu dayandırmağı vəd edib.

Partiya Kallasın Ukraynaya silah göndərmək siyasətini də tənqid edib, ölkənin özünün müdafiə ehtiyaclarının nəzərə alınmadığını vurğulayıb.

Seçicilərin 63.7%-i seçkidə iştirak edib, 51 faizi, o cümlədən Kallas internetlə səs verib.

XS
SM
MD
LG