Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:29

Əsgərlərə çarpayı düzəldənlərdən MTN-də 500 min alıblar


Müdafiə naziri Zakir Həsənov əsgərlərin yataq şəraitinə baxır, 2016
Müdafiə naziri Zakir Həsənov əsgərlərin yataq şəraitinə baxır, 2016

Söhbət “Qardaşlar mebel” MMC-nin rəhbəri Əli Mirzəyev-dən gedir. Cinayət işinin materiallarında yazılanlara əsasən, Əli Mirzəyev iki dəfə qəzəbə tuş gəlib və ümumilikdə yarım milyon manatdan çox pulundan olub

Azərbaycan Ordusunun əsgərlərinə çarpayı düzəldənlər də MTN əməkdaşlarının hədəfi olubmuş. MTN generallarının cinayət işində bu məsələ də öz əksini tapıb. Söhbət “Qardaşlar mebel” MMC-nin rəhbəri Əli Mirzəyevdən gedir. Cinayət işinin materiallarında yazılanlara əsasən, Əli Mirzəyev iki dəfə qəzəbə tuş gəlib və ümumilikdə yarım milyon manatdan çox pulundan olub. İndi onu keçmiş MTN-çilərin cinayət işində zərərçəkmiş kimi tanıyaraq, istintaqda da dindiriblər.

Əli Mirzəyev başına gələnləri danışarkən deyib ki, birinci dəfə onu tutub MTN-ə aparanda, Müdafiə Nazirliyinə rüşvət verməsi haqda ifadəyə imza atmaq tələb olunub.

Buna da bax: Eldar Mahmudov niyə vuruldu? [Ekspertlərin şərhi]

"Yaz ki Müdafiə Nazirliyinə rüşvət vermisən"

Əli Mirzəyevin dediyinə görə, şirkəti 2012-ci ildə, qardaşı İbrahimlə birgə yaradıblar. Bir il sonra Müdafiə Nazirliyi ilə 2 milyon 500 min manatlıq müqavilə bağlayıblar. Müqaviləyə görə, "Qardaşlar mebel" bu dəyərdə 2 min əsgər çarpayısı hazırlayıb təhvil verməli idi.

Azərbaycan, Müdafiə Nazirliyi, 2010
Azərbaycan, Müdafiə Nazirliyi, 2010

"Müqavilə şərtlərinin tamamlanmasına az qalmış - 2014-cü ilin yanvarında, uşağı bağçaya apararkən, 3 avtomobillə qarşımı kəsdilər. Avtomobildən düşənlərdən biri özünü MTN əməkdaşı Samir Mehdiyev kimi təqdim etdi və tələb elədi ki, MTN-ə gedim. MTN əməkdaşlarının müşayiəti ilə uşağı bağçaya qoydum. Sürücüm avtomobillə çıxıb getdi. Onların maşınına minib MTN-ə getdim", - Əli Mirzəyev ifadəsində belə deyib.

Söylədiyinə görə, onu MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə aparıblar. Orada onunla kobud davranıblar. Deyilənlərdən anlayıb ki, onun telefon danışıqlarına qulas asırlarmış:

"Mənə kobud şəkildə dedilər ki, “sən Müdafiə Nazirliyi ilə işləyirsən, ərizə yaz ki onlara rüşvət vermisən”. Dedim ki, rüşvət vermədiyim halda, bunu necə yazım? Məni şantaj eləməyə, hədə-qorxu gəlməyə başladılar, möhürlü məhkəmə qərarı göstərib həbs oluna biləcəyimi dedilər. Axırda da byraxılmağım üçün 20 min manat tələb elədilər. Razılaşdım. Gedib 20 min manatı gətirib verdim".

Buna da bax: Eldar Mahmudov işdən niyə çıxarıldı? - #Versiya2​

Əli Mirzəyevin fikrincə, bu olayla bağlı Müdafiə Nazirliyinə də hansısa mesaj çatdırılıb:

"Bundan sonra Müdafiə Nazirliyinə nə dedilərsə, onlar bizə sifariş vermədilər”.

"İki milyon istəyib 500 mində dayandılar"

Şirkət rəhbəri deyir ki, MTN əməkdaşları ikinci dəfə 2014-cü ilin yayında onun pulunu alıblar. Bu dəfə yarım milyon manat:

Bakı metrosu
Bakı metrosu

"Metronun "Nəriman Nərimanov” stansiyasının yaxınlığında, Aşıq Molla Cümə küçəsində yerləşən ofisimizdən çıxarkən 10 nəfərə yaxın adam məni mühasirəyə aldı. MTN əməkdaşları olduqlarını dedilər. Məni ofisə qaytarıb, orada axtarış apardılar, seyfdən 8 min manat, 2 noutbuk və bəzi sənədləri götürdülər. Axtarışa MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rəisinin müavini, polkovnik Füzuli Əliyev rəhbərlik edirdi. Əməliyyatda idarənin başqa əməkdaşları Natiq Alıyev, Zaur Məmmədov və başqaları da iştirak edirdilər". Əli Mirzəyevin sözlərinə görə, MTN-də Füzuli Əliyev onu təhqir edib, işçiləri isə döyüblər. Ardınca Füzuli Əliyev onun qandallanıb tualetə salınmasına göstəriş verib: "Zaur Məmmədov məni tualetə salıb, yumruqla başımdan vurdu. Sonra yenə Füzuli Əliyevin otağına apardılar. O, belindəki tapançanı çıxarıb məni hədələdi. O gecə məni və bir sıra işçilərimi orada saxladılar. Səhər bizi MTN-in yaxınlığındakı "Sultan” kafesinə apardılar, orada Füzuli Əliyev buraxılmağım üçün 2 milyon tələb etdi. Uzun danışıqlardan sonra 500 minə razılaşdıq. Dedi ki, 3 il biznesimə toxunmayacaqlar. Dost-tanışın köməyi ilə pulu düzəldib Natiq Alıyevə verdim, apardı".

"İranlılarla əlaqəsi vardı..."

Bir gün MTN-də saxlanılan işçilər də istintaqda dindiriliblər. Onlar da Əli Mirzəyevin dediklərinə bənzər ifadə veriblər.

MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin şöbə rəisi olmuş, birinci dəfə Əli Mirzəyevi tutub nazirliyə gətirən Samir Mehdiyev iddia edib ki, onlara bu sahibkarın iranlılarla əlaqələri haqda məlumat daxil olmuşdu. Ona görə də bu adamın ətrafında əməliyyat həyata keçiriblər:

"Əli Mirzəyev barədə daxil olmuş əməliyyat məlumatlarından həmin şəxsin dindar olması, İran vətəndaşları ilə əlaqə saxlaması məlum oldu. Həmçinin tenderdə qalib gəlməklə, Müdafiə Nazirliyi və DİN-in Daxili Qoşunları ilə bağlanmış müqavilələr əsasında rəhbərlik etdiyi şirkətin əsgərlər üçün müəyyən çarpayılar istehsal etməsi nəticəsində həmin hərbi hissələrin şəxsi heyəti barədə mümkün məlumatları əldə etmək imkanlarına malik olması göründü. İdarə rəisi həmin şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə dair müvafiq razılıq verdi. 3-cü idarənin rəisi vəsatətlə nazirə müraciət etdikdən sonra, prokurorun təqdimatı ilə və Səbail Rayon Məhkəməsinin qərarı əsasında Əli Mirzəyevin ətrafında müvafiq əməliyyat tədbirlərinin keçirilməsinə icazə verildi”.

Samir Mehdiyev deyir ki, Əli Mirzəyevin MTN-də dindirilməsində, ona qarşı hansısa qanunsuz əməllərdə iştirakı olmayıb.

Elə MTN-in yuxarıda adları çəkilən və yaxın vaxtlarda məhkəməsi başlayacaq əməkdaşları Füzuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədov da ünvanlarına səslənən suçlamaları qəbul etməyiblər. Deyiblər ki, onlar bu adamdan nə pul alıblar, nə də onu döyüb-söyüblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG