Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:46

243 min Ermənistan vətəndaşı 'yoxa çıxıb'


Gagik Yeganian
Gagik Yeganian

Ermənistanın müstəqillik əldə etməsindən bəri ölkədən emiqrasiya heç vaxt ara verməyib. Bundan başqa, 2007-ci ildən başlayaraq emiqrasiyanın miqyası daha da artıb. Ermənistanın Dövlət Miqrasiya Xidmətinin rəhbəri Gagik Yeganian ötən gün – mayın 4-də jurnalistlərlə söhbətində bu barədə məlumat verib.

Ancaq AzadlıqRadiosunun erməni xidməti rəsmi statistikanın Dövlət Miqrasiya Xidməti rəhbərinin səsləndirdiyi rəqəmlərə uyğun gəlmədiyini yazır. Yeganian-ın təqdim etdiyi rəqəmlərə görə, ümumilikdə 1991-ci ildən başlayaraq 1 milyon 250 min adam Ermənistanı tərk edib. Bu saydan təbii artım kimi 414 mini çıxmaq lazımdır.

243 MİN NƏFƏRLİK FƏRQ

Ermənistanın Milli Statistika Xidməti bildirir ki, 1991-ci ildə ölkə əhalisinin sayı 3 milyon 574 min nəfər təşkil edib. Bu il yanvarın 1-i üçünsə Ermənistanın əhalisinin sayı 2 milyon 981 min nəfər olub. Ancaq G.Yeganian-ın təqdim etdiyi rəqəmlərə əsasən, bu il yanvarın 1-də Ermənistan əhalisinin ümumi sayı 2 milyon 738 min nəfər təşkil etməli idi. Beləliklə, aradakı fərq 243 min nəfərdir.

«1992-1994-cü illəri biz «kütləvi emiqrasiya» illəri adlandırırıq. Bu üç il ərzində 600 min nəfər emiqrasiya edib. 1995-2001-ci illərdə isə ikinci mərhələ başlayıb. Biz bu mərhələni «sabitləşmə» adlandırsaq da, həmin dövrdə də emiqrasiyanın həcmi yüksək olub. Ümumilikdə, təkcə bu 7 il ərzində ölkə əhalisi 250 min nəfər azalıb. Daha sonra, 2002-ci ildən bu yana emiqrasiyanın həcmi hər il, demək olar ki, eyni səviyyədə qalıb: 2002-2007-ci illərdə ildə 25-26 min nəfər olub, sonradan bir qədər artaraq, ilə 29-30 min nəfərə çatıb», – deyə G.Yeganian qeyd edib.

Erməni işçi miqrantlar.
Erməni işçi miqrantlar.

İLƏ 29-30 MİN NƏFƏR

Məmurun sözlərinə görə, 2007-2015-ci illərdə emiqrasiyanın səviyyəsi yenidən artıb. Bu müddətdə hər il orta hesabla 29-30 min adam Ermənistanı tərk edib. Maraqlıdır ki, Yeganian-ın təmsil etdiyi Dövlət Miqrasiya Xidmətinin məlumatlarına görə, 2004, 2005 və 2006-cı illərdə ölkənin miqrasiya göstəricilərinin dinamikası müsbət olub. Başqa sözlə, Ermənistana gələn adamların sayı gedənlərin sayından artıq olub. Qeyd edilən üç il ərzində hər il Ermənistana daxil olanların sayı ölkədən çıxanların sayından orta hesabla 12.1 min nəfər artıq olub. «Bəli, burada incə bir məsələ bar: ölkəyə sərnişin axını çox olub…», – deyə Dövlət Miqrasiya Xidməti rəhbəri əlavə edib.

SƏBƏBLƏR

Bəs Ermənistan hökuməti emiqrasiyanın azaldılması üçün hansı tədbirləri görür? Jurnalistlərin bu sualına G.Yeganian belə cavab verib: «Birinci, əsas səbəbi sosial-iqtisadi sahədə axtarmaq lazımdır. İş yerlərinin və yüksək məvacibin olmaması əsas səbəbdir. Yəni, əgər biz bu halın miqyasını azaltmaq istəyiriksə, deməli, bu səbəbləri aradan qaldırmalıyıq. Hökumətin bütün fəaliyyəti də elə buna yönəlib».

Etnoqraf Granush Kharatian bildirib ki, hökumət təqribən 10 il bundan öncə emiqrasiyanın azaldılmasını hədəfləyən strateji proqram işləyib hazırlayıb. Ancaq bu proqram, faktiki, heç bir nəticə verməyib. «İnsanlar ilk növbədə qanunun selektiv tətbiqi səbəbindən ölkədən çıxıb gedirlər. Yəni, Ermənistan Respublikasının vətəndaşları çoxdan bilirlər ki, qanunlar yazılırsa, bu, hələ onların adi vətəndaşlara şamil ediləcəyi demək deyil. Oliqarxlar, o cümlədən məmur və deputatlar, siyasi «krışa»sı olanlar inhisarçıya çevriliblər. Onların iqtisadi bazarda başqalarına da yer verməklə bağlı nə iradəsi, nə istəyi, nə də planı var», –G.Kharatian AzadlıqRadiosunun erməni xidmətinə bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG