Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 04:13

Ermənistan tərəfinə üç meyit verilib


Xəbər verilir ki, söhbət noyabrın 16-da Azərbaycan və Ermənistan sərhədində baş vermiş toqquşmalarda həlak olan hərbçilərdən gedir

Azərbaycan tərəfi noyabrın 19-da Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan silahlı qüvvələrinin üç hərbi qulluqçusunun meyitlərini erməni tərəfinə verib.

Xəbər verilir ki, söhbət noyabrın 16-da Azərbaycan və Ermənistan sərhədində baş vermiş toqquşmalarda həlak olan hərbçilərdən gedir.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, meyitlər noyabrın 19-da Ermənistanın Sünik vilayətinin İşxanasar kəndindən Yerevana gətirilib.

Xəbərdə deyilir ki, onların kimliyi barədə açqılamanı az sonra Ermənistan Müdafiə Nazirliyi verməlidir.

Nazirlik bundan əvvəl bidlirib ki, noyabrın 16-da gedən döyüşlərdə 6 erməni hərbçisi həlak olub. Onların beşinin adları açıqlanıb, digərinin kimliyi isə müəyyənləşdirilir.

Paşinyan Azərbaycanı ittiham edir

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı regionda gərginliyi hərbi provokasiyalarla qızışdırmaqda suçlayıb. Paşinyan bu gün – noyabrın 19-da Avrasiya İqtisadi Birliyinin (AİB) hökumət başçılarının Yerevanda keçirilən toplantısında çıxış edib. Avrasiya Hökumətlərarası Şurasının iclasında Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan baş nazirləri iştirak edir.

Paşinyan deyib ki, ötən il 44 günlük Qarabağ müharibəsindən sonra keçirilən toplantı kimi, bugünkü tədbir də Ermənistanda gərgin atmosferdə baş tutur.

“Bu gün Ermənistanın təhlükəsizliyinə ciddi təhdidlər yaranıb. Regionumuz gərginliyin yeni fazasına daxil olub ki, bu da təəssüf ki, daha çox insan itkisinə səbəb olub. Buna görə məsuliyyət Azərbaycanın üzərinə düşür. Onun hərbi provokasiyalarının məqsədi ölkəmizin ərazi bütövlüyünü, 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də əldə olunmuş razılaşmaları pozmaqdır”, – Paşinyan vurğulayıb.

Azərbaycan isə atəşkəsin pozulması, 16 noyabr döyüşlərində Ermənistanı ittiham edir, baş verənlərə görə qarşı tərəfin məsuliyyət daşıdığını deyir.

***

Noyabrın 16-da Azərbaycanla sərhəd toqquşmalarında Ermənistandan azı 6 əsgər öldürülüb. Ermənistan rəsmiləri açıqlamanı noyabrın 19-da yayıb.

Həmin gün Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olunandan sonra Ermənistan azı bir əsgərinin öldürüldüyünü, 24 hərbçi ilə kommunikasiyanın itdiyini, 13 əsgərin Azərbaycan tərəfdən əsir götürüldüyünü deyirdi.

Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda toqquşmalarda öldürülən beş hərbçinin adı sadalanır. Birinin kimliyi isə müəyyənləşdirilməyib.

“Rusiya tərəfin vasitəçiliyi ilə əsir götürülmüş, yaxud itkin düşmüş əsgərlərin repatriasiyası üzrə gərgin iş aparılır”, – nazirlik bildirir.

Vəziyyət “nisbətən sabit”dir

Məlumatda noyabrın 19-da səhər Azərbaycanla sərhəddə vəziyyətin “nisbətən sabit, Ermənistan Silahlı Qüvvələrinin nəzarətində” qaldığı vurğulanır.

Azərbaycan isə son toqquşmalarda yeddi hərbçinin öldürüldüyünü, 10-nun yaralandığını açıqlayıb.

Ötən il 44 günlük Qarabağ müharibəsində 7 minədək hərbi qulluqçu həlak olub.

Azərbaycan hərbi əməliyyatlar nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etsə də qoşunların təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

Tərəflər arasındakı sovet dövrü sərhədlərinin delimitasiya və demarkasiya prosesi başlanmayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən deyirdi ki, Rusiya bu prosesin “hazırlıq mərhələsi” üzrə təklif verib və bu təklif Yerevan üçün qəbulediləndir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG