Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

BMT və Avropa Ermənistanda cinsi azlıqların hədələnməsindən narahatdır


Lilit Martirosian
Lilit Martirosian

Bir transgender qadının Ermənistan Milli Məclisində çıxış etdikdən sonra ölümlə hədələndiyinə dair xəbərlərlə əlaqədar BMT, Avropa İttifaqı və yerli insan haqları qrupları bu ölkədə lezbiyan, gey, biseksual və transgenderlərə (LGBT icması) ünvanlanan “düşmənçilik dilindən” narahatlıq ifadə ediblər.

Şərhçilər bildirirlər ki, bu hadisə həm də hakimiyyətə küçə etirazlarının dalğasında gəlmiş Pashinian və onun “Mənim addımım” alyansına millətçi və mühafizəkar qüvvələrin yaratdığı təhlükəni nümayiş etdirir.

Lilit Martirosian adlı bu qadın aprelin 5-də Ermənistan Milli Məclisində insan haqlarına həsr edilmiş dinləmədə çıxış edib. Bu iclasda millət vəkilləri, hökumət rəsmiləri və QHT nümayəndələri iştirak edirdilər.

Gagik Tsarukian və onun fraksiya üzvləri
Gagik Tsarukian və onun fraksiya üzvləri

LGBT icmasının Haqlı Tərəf adlı qrupunu təmsil edən Martirosian öz çıxışında cinsi azlıqların Ermənistanda üzləşdikləri düşmənçilik və diskriminasiyadan danışıb. O özünü “işgəncəyə məruz qalmlış, zorlanmış, oğurlanmış, döyülmüş, yandırılmış, bıçaqlanmış, qətlə yetirilmiş və işsiz erməni transgenderi” kimi təqdim etmişdi.

Bu da bildirilir ki, müxalif Firavan Ermənistan Partiyasından bu iclasa sədrlik edən Naira Zohrabian onun sözünü dərhal kəsməyə cəhd göstərib və deyib ki, bu çıxışın dinləmənin gündəliyinə heç bir aidiyyəti yoxdur.

Xanım Zohrabian deyib ki, “bugün biz burada üç məsələni: ədliyyə islahatlarını, əlillərin problemlərini və uşaqların vəziyyətini müzakirə edirik”.

O gündəlikdə olmayan bir məsələnin qaldırılmasını “parlamentə və şəxsən özünə qarşı hörmətsizlik” kimi qiymətləndirib.

Aprelin 8-də millətçi və mühafizəkar qruplardan olan yüzədək aksiyaçı Martirosianın parlamentdə çıxış etməsinə etiraz bildirib. Etirazçıların parlament binasına daxil olmasının qarşısını polis alıb.

"Onları Hollandiyaya göndərin"

Xəbər verilir ki, Firavan Ermənistan Partiyası xanım Zohrabianın mövqeyini müdafiə edib. Partiyanın lideri Gagik Tsarukian qeyri-ənənəvi cinsi oriyentasiyalı adamları “əxlaqsız” adlandırıb və deyib ki, belələrinin Ermənistanda yayılmasına yol verilməməlidir.

Həmin partiyadan Vartan Ghukasian isə deyib ki, belə “əxlaqsızlar” ölkədən qovulmalıdırlar:

“Onları Hollandiyaya göndərin. Biz qadınların qadın, kişilərin kişi olmasını istəyirik. Ar olsun”.

Keçmiş hakim Respublika Partiyasından Eduard Sharmazanov da bu hadisədən Pashinian-ı tənqid etmək üçün fürsətlənib:

"Bəli ölkəmizdə nəsə dəyişib. Respublika Partiyasının hakimiyyəti zamanında transgender Milli Məclisdə çıxış edə bilməzdi”.

Aprelin 10-da BMT-nin Yerevandakı nümayəndəliyi baş verənlərlə bağlı dərin narahatlığını ifadə edib.

Aprelin 8-də polis Yerevanda parlamentə daxil olmaq istəyən etirazçıların qarşısını alıb
Aprelin 8-də polis Yerevanda parlamentə daxil olmaq istəyən etirazçıların qarşısını alıb

Bundan bir gün əvvəl Avropa İttifaqı son vaxtlar Ermənistanda cinsi azlıqların və insan haqları müdafiəçilərinin ciddi təhdidlərə məruz qoyulmasını pisləyən bəyanat vermişdi.

Ermənistandakı insan haqları qrupları Avropa İttifaqının bəyanatında səslənən tənqidlərlə bağlı cinayət təhqiqatına başlanmasına çağırıblar.

Yerevanda mənzillənmiş Məlumatlı Vətəndaşlar İttifaqının liderlərindən Daniel Ioannisian AzadlıqRadiosuna deyib ki, cinsi azlıqlara qarşı etiraz edənlərdən biri kameranın qarşısında hədələrini səsləndirir, əlindəki bıçağı çəkinmədən saga-sola yelləyirdi.

Pashinian bu arada bildirib ki, sözü gedən Martirosian cinsiyyətini və əvvəllər kişi olaraq daşıdığıVagharshak adını hüquqi şəkildə dəyişdirib və bu, Serzh Sarkisian-ın hakimiyyəti illərində baş verib.

Bəzi fəallar bildirirlər ki, Ermənistanda homofobiya halları sistematik şəkil alıb və hətta Pashinian hakimiyyətə gəldikdən sonra da səngiməyib.

Ermənistanın Xarici İşlər Nazirliyi bəyan edib ki, hökumət insan haqlarının müdafiəsinə tamamilə sadiqdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG