Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:32

Ermənistan XİN bildirib ki, azərbaycanlılar Ermənistana maneəsiz gələ bilirlər


Ermənistan XİN-in sözçüsü Anna Naghdalyan
Ermənistan XİN-in sözçüsü Anna Naghdalyan

“Etnik azərbaycanlılar, eləcə də Azərbaycan vətəndaşları Ermənistana heç bir maneə olmadan gələ bildikləri halda, Rusiya da daxil başqa ölkələrdən gələn erməni soyadlı adamların Azərbaycana daxil olması qadağandır”.

AzadlıqRadiosunun Erməni xidmətinin yazdığına görə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naghdalyan bunu Rusiya “Nə, Harda, Hə vaxt” televiziya klubunun tanınmış azərbaycanlı üzvü Rövşən Əsgərovun Rusiyanın sports.ru saytına müsahibəsinə şərh verərkən deyib.

Bu müsahibədə Rövşən Əsgərov bildirmişdi ki, milli mənsubiyyətinə görə Ermənistana səfər edə bilmir.

Rövşən Əsgərov
Rövşən Əsgərov

Bu barədə şərh verən xanım Naghdalyan deyib ki, Rövşən Əsgərovun müsahibəsində Ermənistana aid bəzi hissələr təəccüb doğurur.

Ermənistan XİN-in sözçüsünün dediyinə görə artıq iki ildən çoxdur ki, Rusiya vətəndaşları milliyyətlərindən asılı olmayaraq daxili pasportları ilə Ermənistana gələ bilirlər:

“Bu onların bizim ölkəmizə gəlməsini sadələşdirir və Ermənistanı Rusiya turistləri üçün ənənəvi olaraq tələbatlı bir istiqamətə çevirir”.

Tanınmış adamlardan birinin müsahibəsi

Azatutyun yazır ki, martın 15-də Rusiya XİN-in sözçüsü Maria Zakharova da bu məsələyə toxunub.

Əslində Zakharova Rusiya Xarici İşlər Nazirliyində keçirilən brifinqdə elə həmin nazirliyin saytında Azərbaycana səfərlərlə bağlı martın 12-də dərc olunmuş xəbərdarlığa dair verilmiş sualı cavablandırıb.

Həmin rəsmi xəbərdarlıqda deyilirdi:

“Azərbaycanın sərhəd xidməti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsini bəhanə edərək vətəndaşlığından asılı olmayaraq birbaşa və ya dolayısı ilə erməni millətinə mənsubluq əlamətlərinə görə adamların ölkə ərazisinə buraxılmasından imtina edir. Bu hal həmin şəxslərin təhlükəsizliyinin təmin edilməsinin mümkün olmaması ilə izah olunur”.

Daha sonra Rusiya XİN-in məlumatında deyilir ki, Azərbaycana gələn Rusiya Federasiyası vətəndaşlarının etnik əlamətlərə görə diskriminasiyasının yolverilməz olduğu barədə Rusiya tərəfinin Bakıya dəfələrlə etdiyi müraciətlərə məhəl qoyulmur.

Rusiya XİN buna görə də “Azərbayacana səfər planlaşdıran Rusiya vətəndaşlarına sözü gedən vəziyyəti nəzərə almalarını israrla tövsiyə edir”.

Maria Zakharova
Maria Zakharova

Rusiya Xarici İşlər Nazirliyində martın 15-də keçirilən brifinqdə verilən sual da bu tövsiyə ilə əlaqədar Azərbaycandan hər hansı reaksiyanın olub-olmaması ilə bağlı idi. Maria Zakharova suala cavabında Rövşən Əsgərovun adını çəkməsə də, söhbətin ondan getdiyi anlaşılır:

“Azərbaycandan rəsmi cavabın olmasına dair mənim məlumatım yoxdur. Amma mətbuatda qeyri-rəsmi cavablar olub: guya kökləri Azərbaycanla bağlı olan Rusiya vətəndaşlarının da Ermənistan ərazisinə gələrkən və daxil olarkən analoji problemlərlə üzləşdiklərinə dair şərhlər, müsahibələr və bəyanatlar olub. Mən şəxsən özüm bu səhər tanınmış adamlardan birinin bu barədə müsahibəsini oxuyanda son dərəcə təəccüblənmişəm. Orda irad da var idi ki, Rusiya XİN guya bu məsələlərlə məşğul olmur. Nə mənə, nə də bizim ekspertlərə belə hallar məlum deyil. Əgər belə faktlar varsa, xahiş edirik ki, bizə müvafiq informasiyanı göndərin - biz ona baxarıq. Rusiya XİN ölkə və regionundan asılı olmayaraq bizim vətəndaşlarımızın sıxışdırıldığı bütün hallara reaksiya verir”.

AzadlıqRadiosu yazmışdı

AzadlıqRadiosu bu ilin yanvarında bu məsələ ətrafında Azərbaycan və Rusiya xarici işlər nazirlikləri mətbuat xidmətlərinin arasındakı baş vermiş söz çəkişməsindən yazmışdı.

O vaxt Azərbaycan XİN-in mətbuat xidməti Maria Zakharova-nın bəzi milliyyətcə erməni Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə buraxılmaması barədə bəyanatına sərt cavab vermişdi:

“Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir, ultimativ tərzdə Azərbaycanla danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir”.

Azərbaycan XİN mətbuat xidmətinin 18 yanvar tarixli bəyanatında daha sonra deyilirdi:

“Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin bu məsələ ilə bağlı anlaşılmaz inadkarlığı başa düşülən deyil, Azərbaycan-Rusiya strateji əlaqələrinin mahiyyətinə ziddir. Həmçinin, Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün nümayiş etdirdiyi iradə və gördükləri işlərlə heç bir halda uzlaşmır. Bir daha bildiririk ki, Rusiya XİN Mətbuat xidməti tərəfindən atılacaq addımlara mütənasib olaraq Azərbaycan tərəfindən də adekvat tədbirlərin görülməsi müəyyən ediləcəkdir”.

Ermənistan və Rusiya xarici işlər nazirlikləri mətbuat katiblərinin 15 mart tarixli bəyanatlarına Azərbaycan XİN-dən hələlik reaksiya olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG