Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:53

Azərbaycan və Rusiya XİN mətbuat xidmətləri arasında söz çəkişməsi


Maria Zakharova

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti bu gün, yanvarın 18-də Rusiya Federasiyası (RF) Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə cavab verib.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəzi Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasına dair 18 yanvar 2019-ci il tarixli mətbuat üçün məlumatına Azərbaycan XİN-in cavabında deyilir ki, “Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir, ultimativ tərzdə Azərbaycanla danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir”.

Azərbaycan xarici siyasət idarəsinin sözü gedən cavabında habelə qeyd olunur ki, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən məsələ ilə əlaqədar verilən şərhlərin tərzi Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin verdiyi açıqlamaya tam adekvat idi”.

Bəyanatda qeyd olunur: “Bir daha bildiririk ki, yalnız 2018-ci il ərzində 880.000 nəfərdən artıq Rusiya vətəndaşı Azərbaycan Respublikasına səfər edib və onların mütləq əksəriyyəti bu səfərdən razı qalıb, göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini ifadə ediblər”.

Azərbaycan XİN-in açıqlamasında daha sonra deyilir: “Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin bu məsələ ilə bağlı anlaşılmaz inadkarlığı başa düşülən deyil, Azərbaycan-Rusiya strateji əlaqələrinin mahiyyətinə ziddir. Həmçinin, Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün nümayiş etdirdiyi iradə və gördükləri işlərlə heç bir halda uzlaşmır. Bir daha bildiririk ki, Rusiya XİN Mətbuat xidməti tərəfindən atılacaq addımlara mütənasib olaraq Azərbaycan tərəfindən də adekvat tədbirlərin görülməsi müəyyən ediləcəkdir”.

Nə baş verib?

Azərbaycan tərəfinin rəsmi məlumatından iki ölkənin xarici siyasət idarələri arasında mübahisənin mahiyyəti dərhal anlaşılmır. Lakin Rusiya XİN-in bundan əvvəlki açıqlmasından söhbətin erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana səfərlərinə maneə yaradılmasından getdiyi başa düşülür:

"Erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması barədə bizim məlumatlara Azərbaycan XİN mətbuat xidmətinin reaksiyası ilə tanış olduq. Şərhin tonunun diplomatik qaydalardan kənara çıxdığını bildiririk”.

Rusiya XİN mətbuat xidmətinin bəyanatında qeyd olunur ki, Azərbaycan XİN-in “ikitərəfli münasibətlərin dinamik ardıcıl inkişafı fonunda” Azərbaycana səfər edən rusiyalı vətəndaşların diskriminasiyaya məruz qalması kimi guya “az əhəmiyyətli mövzunun şişirdilməsinə” dair bəyanatı da az təəccüb doğurmur”.

Daha sonra RF XİN-nin açıqlamasında maneələrə məruz qalan şəxslərdən bəhs edilirdi.

Qeyd olunurdu ki, Rusiya tərəfi “bu məsələyə birbaşa aidiyyəti olmayan ümumi mülahizələrin əvəzinə rusiyalılarla bağlı hər bir konkret insidentlə əlaqədar izahat” eşitmək istərdi.

Rusiya XİN-in məlumatında bu da deyilir ki, Azərbaycan XİN-in “ayrı-ayrı hallar” adlandırdığı insidentlərin arasında “hiddət doğuran hallar” da var.

Bildirlir ki, məsələn 2018-ci ilin mayında “blokadalı Leninqradın 81 yaşlı sakini, Böyük Vətən Müharibəsi veteranı” Azərbaycana buraxılmayıb və ya 2017-ci ilin fevralında bir qadın dörd yaşlı uşağı ilə birlikdə saatlarla xüsusi saxlanma məntəqsəində saxlanıb”.

Rusiya XİN-in mətbuat xidməti daha sonra bildirir: “Biz habelə Rusiya vətəndaşlarının Azərbaycana səfərlərini Moskvadakı Azərbaycan səfirliyi ilə razılaşdırmalı olduqlarına dair Azərbaycan tərəfinin eyhamlarına diplomatik kanallarla rəsmi izahat gözləyirik”.

Mətbuat xidməti vurğulayır ki, bu, Rusiya Federasiyası və Azərbaycan Respublikası vətəndaşlarının vizasız səfərləri haqqında 3 iyul 1997-ci il tarixli sazişə uyğun deyil.

Rusiya XİN mətbuat xidməti bunu da bildirir ki, Moskva gələcək addımlarını “Azərbaycan tərəfinin reaksiyasından asılı olaraq” müəyyən edəcək.

Rusiya XİN mətbuat xidmətinin bu açıqlamalarından belə başa düşülür ki, Moskva etnik mənsubiyyətindən asılı olmayaraq bütün Rusiya vətəndaşlarının MDB üzvü olan Azərbaycana maneəsiz və əngəlsiz səfər edə bilməli olduğuna inanır.

Xatırlatma

Yanvarın 11-də RF XİN-in sözçüsü Maria Zakharova erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmadığını bildirmişdi. Onun bəyan etməsinə görə, "Azərbaycan tərəfi söz verib ki, bu vəziyyəti düzəldəcək"

Azərbaycan tərəfinin bu vədə əməl edib-etmədiyi barədə məlumatlar yoxdur.

Ancaq yanvarın 16-də Azərbaycan XİN mətbut xidməti Maria Zakharova-nın açıqlamasını təkzib edərək, bunu “fərdi məsələnin ümumi kontekstdən çıxarılaraq şişirdilməsi” kimi dəyərləndirmişdi.

XS
SM
MD
LG