Keçid linkləri

Təcili xəbərlər
2021, 29 İyul, Cümə axşamı, Bakı vaxtı 07:50

Xarici işlər naziri olacağı deyilən Armen Qriqoryan kimdir?


Armen Qriqoryan

Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan xarici işlər nazirinin birinci müavini təyin olunub

Ermənistanda parlament seçkisindən sonra ilk siyasi təyinat edilib.

Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan xarici işlər nazirinin birinci müavini təyin olunub.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, hakim Vətəndaş Müqaviləsi partiyasında məhz Qriqoryanın xarici işlər naziri olacağını istisna etməyiblər.

Azatutyun yazır ki, 38 yaşlı Qriqoryan hakim partiyanın üzvüdür. Yerevan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini, daha sonra isə Ermənistandakı Amerika Universitetini bitirib. “İnqilabdan” sonra, hələ Təhlükəsizlik Şurasının katibi olmazdan əvvəl, Qriqoryan Transparency International beynəlxalq antikorrupsiya təşkilatının seçki proqramlarının əlaqələndiricisi olub.

Azatutyun diqqəti belə bir məqama çəkir ki, yenicə təyin olunmuş müavini Xarici İşlər Nazirliyinin aparatına baş nazir administrasiyasının rəhbəri Arayik Arutyunyan təqdim edib.

Arutyunyan deyib ki, o Qriqoryanın onun qarşısına hökumət tərəfindən qoyulmuş vəzifələrin öhdəsindən gələcəyinə əmindir.

Armen Qriqoryanın özü, təyinatını “mürəkkəb, lakin şərəfli mərhələ” adlandırıb.

“Misli görünməmiş vəziyyət”

Mayın 31-dən bəri Ermənistanda xarici işlər naziri yoxdur. Yeni hökumət isə Milli Məclis işə başlayandan və baş naziri təyin edəndən sonra təşkil olunacaq.

Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyanın istefa çıxışı birmənalı qarşılanmamışdı.

O əmin olduğunu bildirmişdi ki, XİN dövlətçiliyə və milli maraqlara zidd olan bəzi ideya və təşəbbüslərlə razılaşmayacaq.

Bu çıxışdan sonra məhz Armen Qriqoryan Ayvazyanı Yerevanda minalı sahələrin xəritəsinin olmamasını deməklə yalan danışmaqda ittiham etmişdi.

Qriqoryan iddia etmişdi ki, keçmiş xarici işlər naziri bu hərəkəti ilə əsirlərin qaytarılması prosesini iflasa uğratmaq istəyir.

Ayvazyanın ardınca onun dörd müavinlərinin hamısı istefa verib.

Azatutuyun yazır ki, “bu, Ermənistanın taxində misli görünməmiş situasiyasır”.

Baş nazirin müavini: “Bu nazirliyə siyasi təyinat lazımdır”

Vətəndaş Müqaviləsi partiyasından millət vəkili Artur Ovannisyan Armen Qriqoryanın partiyanın nominasiyası olduğunu təkzib etməyib və deyib ki, bu məsələ partiyada müzakirə olunub:

“Mürəkkəb proseslər var və biz bunlardan keçməliyik və bəli, bizə Ermənistan Respublikasının maraqlarından irəli gələn mürəkkəb vəziyyətlərdə qərarlar qəbul edə bilən və bu qərarları həyata keçirən adamlar lazımdır”.

Nikol Paşinyan indiyədək XİN-ə təyinatları diplomatik korpusun rəyini nəzərə almadan həyata keçirib. Onun müavini Tiqran Avinyan bunu belə izah edib:

“Əslində Xarici İşlər Nazirliyində siyasi təyinata və diplomatik korpusla siyasi rəhbərlik arasında müəyyən əlaqənin qurulmasına ehtiyac var ki, indiyədək müəyyən dərəcədə mövcud olan fikir ayrılığı aradan qaldırılsın. Düşünürəm ki, bu, bütövlükdə pozitiv təyinatdır”.

Armen Qriqoryan habelə Azərbaycanla müharibədə Ermənistanı dəstəkləməkdən boyun qaçıran Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tənqid edən azsaylı siyasətçilərdən biridir.

Ekspert: Ermənistan qərbyönlü siyasət yürüdəcək

Siyasi şərhçi Armen Bağdasaryan hesab edir ki, əgər Armen Qriqoryan xarici işlər naziri təyin edilsə, köklü dəyişikliklər baş verəcək: Ermənistan qərbyönlü siyasət yürüdəcək:

“Onun keçdiyi siyasi yola, onun çoxsaylı bəyanatlarına nəzər salsaq görərik ki, onun üçün rusiyayönlü xarici siyasət yürütmək çətin olardı. Amma xarici siyasətin kəskin dəyişməsinə Rusiya ağrılı reaksiya verərdi...”

Şərhçinin sözlərinə görə diplomatik korpusun təcrübəli diplomatları xarici siyasətdə kəskin dəyişikliklə razılaşmazdılar və buna görə də Paşinyan xarici işlər naziri postuna XİN-dən kənar olan birisini axtarırdı:

“Məhz müttəfiqlərin axtarışı və tapılması diplomatiyanın ümdə vəzifəsidir. Sadəcə olaraq bugün Ermənistanın Rusiyadan bütün mənalarda, ilk növbədə isə təhlükəsizlik sferasında asılılığı o qədər böyükdür ki, düşünürəm, Rusiyanın tamamilə etibar etmədiyi adamın təyinatı o qədər də ağıllı qərar olmazdı”.

Amma ekspert əlavə edib ki, belə vəziyyət Rusiyanın öz təqsirindən yaranıb:

“Sadəcə olaraq biz bu risklər barədə əvvəlcədən, köklü dəyişikliklər etmək istəyəndə düşünməliydik. Hesablamağa çalışmalıydıq ki, bu vəziyyətdən çıxa biləcəyikmi”.

Şərhlər

XS
SM
MD
LG