Keçid linkləri

2025, 20 Aprel, bazar, Bakı vaxtı 08:37

Ermənistan Türkiyə ilə münasibətlərdə Rusiyanın dəstəyinə ümid edir


Vladimir Putin və Nikol Paşinyan Vladivostokda Şərq İqtisadi Forumunda
Vladimir Putin və Nikol Paşinyan Vladivostokda Şərq İqtisadi Forumunda

Paşinyan əlavə edib ki, "bu, Azərbaycan üçün də imkanlar açır".

Paşinyan Putinlə görüşündə sülhməramlılardan danışıb

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 7-də Vladivostokda Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Görüşdən öncə Putin çıxışında iki ölkənin mütəmadi əlaqələrinin bütün istiqamətlər üzrə inkişafından, iqtisadi təşkilatlarda və KTMT-də əməkdaşlıqdan danışıb. O qeyd edib ki, ən həssas məsələlərdən biri Qarabağ ətrafında təhlükəsizliyin təminatıyla bağlıdır.

Baş nazir Paşinyan isə Qarabağdakı Rusiya sülhməramlı missiyasının fəaliyyətinə toxunub:

“Bunun asan missiya olmadığını etiraf etmək lazımdır, bu haqda dəfələrlə danışmışıq. Dağlıq Qarabağda və Laçın dəhlizindəki Rusiya sülhməramlılarının fəaliyyətini yüksək dəyərləndiririk. Ümumiyyətlə, Dağlıq Qarabağda təhlükəsizliyin təminatı məsələsində nüanslar var, biz onları daim müzakirə edirik. Düşünürəm ki, bu gün də həmin məsələlərin müzakirəsi yerinə düşərdi”.

***

Ermənistan Rusiyanın dəstəyilə Türkiyə ilə münasibətlərini yoluna qoymaq istəyir. Bunu Baş nazir Nikol Paşinyan Vladivostokda Şərq İqtisadi Forumunda çıxışında deyib.

Paşinyan bildirib ki, “Türkiyə ilə danışıq artıq başlanıb”, eləcə də “Dağlıq Qarabağ problemiylə bağlı Azərbaycanla intensiv danışıq aparılır”. Xəbəri Rusiya mediası yayıb.

“Həm də Azərbaycanın çox yaxın biznes tərəfdaşı kimi...”

“Biz təkcə Ermənistanın strateji müttəfiqi kimi deyil, həm də Azərbaycanın çox yaxın biznes tərəfdaşı kimi Rusiyanın dəstəyinə ümid edirik”, – Paşinyan vurğulayıb.

O əlavə edib ki, “bu, Azərbaycan üçün də imkanlar açır”.

Paşinyan eyni zamanda Rusiya və beynəlxalq ictimaiyyətin diqqətinin Ukrayna ətrafındakı vəziyyətə yönəlməsindən dolayı regionda vəziyyətin kəskinləşməsi ehtimatlından narahatlığını bildirib.

Baş nazir Rusiya və Ermənistanın digər tərəfdaşları ilə sıx əməkdaşlıq sayəsində vəziyyəti nəzarətdə saxlamağın mümkün olacağına ümidini bildirib.

Xatırlatma

Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Qarabağ münaqişəsinə görə bağlayıb. İki ölkənin diplomatik münasibətlərində gərginliyin digər səbəbi isə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş qətliamlarla bağlıdır. Ermənistan həmin qırğınları “soyqırımı” adlandırsa da, Türkiyə bunu rədd edir.

Bu ilin iyulunda Paşinyan ilk dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb. İlin əvvəlindən iki ölkənin xüsusi elçiləri dörd dəfə bir araya gəlib, sərhədlərinin açılmasına doğru ilk addımları razılaşdırıblar.

Azərbaycan 2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Qarabağda ermənilərin yaşadığı yerlərə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib. Avqustun sonunda Azərbaycan Laçın dəhlizinin keçdiyi Laçın şəhərini və iki kəndi nəzarətinə qaytarıb.

XS
SM
MD
LG