Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Ermənistan Almaniyadakı səfirini geri çağırmayacağını bildirir


Ermənistanın Almaniya və Lixtenşteyndəki səfiri Ashot Smbatian
Ermənistanın Almaniya və Lixtenşteyndəki səfiri Ashot Smbatian

Ermənistan bildirib ki, onun barəsində yerli mediada yayılmış iddialara baxmayaraq Almaniyadakı səfirini geri çağırmaq niyyətində deyil.

Almaniyada Der Spiegel jurnalının və MDR ictimai teleradio yayımçısının birgə apardığı təhqiqatın nəticələrində Almaniya polisinə istinadla iddia edilirdi ki, səfir Ashot Smbatian bu ölkədəki “qanuni oğrularla” əlaqəli ola bilər.

Ermənistan xarici işlər nazirinin müavini Karen Nazarian AzadlıqRadiosunun Erməni xidmətinə deyib ki, nazirlik “mediada yer almış iddialar barədə məlumat almaq üçün Almaniya XİN-lə əlaqədədir”.

Nazarian deyib ki, Yerevan “təkcə media iddialarına görə” Ermənistan səfirini geri çağırmağı planlaşdırmır.

Bu iddialar Almaniyada hüquq-mühafizə və təhlükəsizlik orqanlarının erməni “qanuni oğrularına və mafioz qruplaşmalarına” dair apardığı üç illik məxfi təhqiqatın nəticəsi kimi ortalığa çıxıb.

Bu qrup və fərdlərin Avropadakı diplomatik və idman çevrələri ilə bağlarının olduğuna dair məlumatlar var.

AzadlıqRadiosu Erməni xidmətinin Azatutyun saytının yazdığına görə, bu da bildirilir ki, erməni mafioz qruplaşmalarının aşkarlanması üçün Almaniya polisində FATIL (fight against thieves in law – qanuni oğrularla mübarizə) kod adlı xüsusi əməliyyat hazırlanıb.

Qeyd olunur ki, tamamilə məxfi aparılan bu əməliyyatda Almaniya polisinə İspaniya, Belçika, İtaliya və Fransanın hüquq-mühafizə orqanları dəstək veriblər.

Təhqiqat zamanı aydın olub ki, erməni mafioz qruplaşmaları Almaniyada güclü şəbəkə yarada biliblər. Buna baxmayaraq dəlillərin azlığlı şübhəlilərin həbs olunmasına uzun müddət imkan verməyib.

Hazırda hüquq-mühafizə orqanları 42 şübhəliyə qarşı 14 cinayət işi qaldırıb.

Hesabatda deyilir ki, erməni qruplaşmalar Almaniya polisinin diqqətini 2014-cü ildə cəlb edib
Hesabatda deyilir ki, erməni qruplaşmalar Almaniya polisinin diqqətini 2014-cü ildə cəlb edib

Bu arada nüfuzlu Almaniya media qurumlarının yazdığına görə Ermənistanın Almaniyadakı səfiri Ashot Smbatian Türingiya polisinin rəhbəri ilə görüşərək erməni kriminal qruplaşmalarının aşkarlanması üçün Yerevan polisinin köməyini təklif edib. Bu da xəbər verilir ki, Almaniya polisi erməni diplomatla əməkdaşlıqdan imtina edib.

Der Spiegel yazır ki, polis mafioz qruplaşmaların Ermənistanın siyasi hakimiyyəti ilə çulğalaşdığı qənaətindədir.

Azatutyun yazır ki, bundan əvvəl, 2008-ci ildə hələ səfirliyin sıravi əməkdaşı olan Smbatian-dan beynəlxalq qaçaqmalçılıqda şübhələnirdilər.

Ötən həftə həm də əlavə olaraq Ermənistanın Lixtenşteyndəki səfiri təyin edilmiş Smbatian özünə qarşı bütün iddiaları rədd edir.

Der Spiegel və MDR-in reportajında deyilir ki, qanuni oğrular Almaniyada qumar aparatlarının manipulyasiyasından tutmuş insan qaçaqmalçılığınadək ən müxtəlif kriminal fəaliyyətlə məşğuldurlar və bu “qanunun alililiyi üçün real təhlükə yaradır”.

Almaniya jurnalistləri yazırlar ki, erməni cinayətkar qruplaşmaları polisin diqqətini 2014-cü ildən cəlb edib. Həmin il Türingiyanın paytaxtı Erfurt şəhərinin kazinosunda iki erməni qruplaşması arasında atışma olmuşdu.

Şahidlərin dediyinə görə atışanlar kazinoya bahalı avtomobillərdə gəlmişdilər. Bu hadisə zamanı 27 və 54 yaşlarında olan iki erməni yaralanmışdı.

Kazino atışmasından sonra da sakitliyin yaranmadığı deyilir. Bundan sonra Almaniyada yaşayan ermənilərdən birinin restoranına hücum edilib.

Təhqiqat zamanı mətbuatda dərc olunan xəbərlərdə bir sıra nüfuzlu və tanınmış ermənilərin adları çəkilirdi.

Bunların arasında məşhur erməni boksçular Arthur Abraham və onun qardaşı Karo Murat da vardı. Lakin polis onlara qarşı kifayət qədər dəlil toplaya bilməyib.

Almaniya polisi kemiş boks çempionu Arthur Abraham-a qarşı kifayət qədər dəlil toplaya bilməyib
Almaniya polisi kemiş boks çempionu Arthur Abraham-a qarşı kifayət qədər dəlil toplaya bilməyib

Bu arada həm də xəbər verilir ki, Smbatian Der Spiegel/MDR-in bu barədə birgə çəkdiyi sənədli filmin noyabrın 7-də efirə verilməsini qadağan edən məhkəmə orderi ala bilib.

“Xaç atası Almaniyada” adlı filmdə Almaniyada və Avropanın başqa ölkələrində fəaliyyət göstərən qanuni oğrulardan, onların italyan və rus mafiyaları ilə əlaqələrindən söhbət gedir.

MDR bildirib ki, şirkət məhkəmə orderinə uyğun olaraq dəyişikliklər etmək üçün kifayət qədər vaxta malik deyil.

Şirkət bildirib ki, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

AzadlıqRadiosunun Erməni xidməti 49 yaşlı Smbatian-ın məhkəmədən niyə qadağan orderi almasının səbəbini bilmədiyini yazır.

Ermənistan XİN bildirib ki, Smbatian-a qarşı media iddiaları tam araşdırılana qədər səfiri Yerevana çağırmayacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG