Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:38

Ermənistan Azərbaycanın 'Xrizantema'larına necə yanaşır?


Khrizantema-S (Arxiv)
Khrizantema-S (Arxiv)

Ermənistanın müdafiə naziri Vigen Sargsian ötən gün – iyunun 26-da Rusiyanın Azərbaycana satdığı ağır hücum silahlarının yeni partiyasıyla bağlı açıqlama verməkdən imtina edib.

O bunu bir neçə gündən sonra mətbuat konfransı keçirəcəyi ilə izah edib.

«Siz eşitmədiniz? Deyirəm ki, birisigün mətbuat konfransı keçirəcəyik», – deyə nazir AzadlıqRadiosu-nun erməni xidmətinin müxbirinə cavab verib. Nazir ötən gün səhər Ermənistan hərbi hava qüvvələrinin yaradılmasının 25-ci ildönümü münasibətilə təyyarə və helikopterlərin «Erebuni» aerodromunda təşkil edilmiş nümayişinə qatılıb.

Buna da bax:​ Yerevanda narazıdırlar: 'Təhlükəsizliyimizi diversifikasiya etməliyik'

“SİLAHLARIN GƏTİRİLMƏSİ DAVAM EDƏCƏK”

Bu günlərdə Azərbaycanın Müdafiə nazirliyi "Xrizantema - S" tank əleyhinə raket komplekslərinin Rusiyadan Bakı limanına gətirilməsinə dair məlumat yayıb. Məlumata yeni alınmış ağır hücum silahlarının fotoşəkilləri və videomateriallar da əlavə edilib. "Xrizantema S" raket kompleksi həm tank və zirehli texnikanın, həm də düşmənin istehkamlarının məhvi üçün nəzərdə tutulub.

Ermənistanın müdafiə naziri Vigen Sargsian
Ermənistanın müdafiə naziri Vigen Sargsian

"Bakı limanına gətirilən çoxlu sayda müasir silahlar yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcək. Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, aşağısürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin vurulması üzrə Silahlı Qüvvələrin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını artıracaq.Rusiya hərbi texnikası və silahlarının Azərbaycana gətirilməsi davam edəcək", – Müdafiə nazirliyinin mətbuata verdiyi məlumatda deyilir. Cəmi bir həftə öncə Azərbaycan silahlı qüvvələrinin hücumu nəticəsində erməni tərəfi özünün dörd hərbçisini itirib. Elə həmin günlərdə bəlli olub ki, Rusiya ötən il Azərbaycana ağır hücum silahları satışını davam etdirib. BMT-nin adi silahlar reyestrindən götürülmüş məlumata görə, 2016-cı ildə Rusiya Azərbaycana 6 ədəd iri kalibrli artilleriya qurğusu satıb.

Buna da bax: Ermənilər hərbi zavodları işə salırlar

Azərbaycan və Ermənistan bir-birini atəşkəsi pozmaqda ittiham edir. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyəti davam etdirdiyini bildirir.

Azərbaycanın Rusiyadan aldığı son hərbi texnika. Sağda "Xrizantema-S"
Azərbaycanın Rusiyadan aldığı son hərbi texnika. Sağda "Xrizantema-S"

20 DƏFƏ ARTIQ SİLAH

Ötən il dörd günlük aprel müharibəsinin başa çatmasından cəmi iki gün sonra Yerevanda Rusiyanın baş naziri Dmitry Medvedevi qəbul edən Ermənistan prezidenti Serzh Sargsian Rusiyanın Azərbaycana satdığı silahlardan dinc erməni əhaliyə qarşı istifadə olunduğunu vurğulamışdı.

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs gerçəkləşdirilənə qədər Dağlıq Qarabağ bölgəsi, bura bitişik 7 rayon və əlavə olaraq daha bir neçə kənd işğal edilib.

Ötən illərlə müqayisədə 2016-cı ildə atəşkəs daha çox pozulub, aprelin 2-5-də ağır silahlardan da istifadə etməklə döyüşlər olub. Hər iki tərəf itkilər verib.

Buna da bax:​ Ordu ilə bağlı iki fərqli yozum

Stokholmda yerləşən Beynəlxalq Sülh Problemləri İnstitutunun (SIPRI) məlumatına əsasən, 2011-2016-cı illər ərzində Azərbaycan Ermənistandan 20 dəfə artıq silah satın alıb. Bakı bu silahların əksər hissəsini məhz Rusiyadan alıb. Nəticədə Azərbaycan Rusiya silahlarına ən çox tələbatı olan ilk beş ölkənin siyahısına düşür. Rusiyanın hərbi ixracatının ümumi həcminin 4%-i Azərbaycanın payına düşür.

“BU MƏSƏLƏYLƏ SİYASİ HAKİMİYYƏT MƏŞĞUL OLUR”

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Hagopian da ötən gün Rusiyanın Azərbaycana satdığı yeni silah partiyası barədə sualları cavabsız qoyub.

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Hagopian
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Hagopian

«Baş qərargah bu məsələylə məşğul olmur. Bu məsələylə siyasi hakimiyyət məşğul olur, o da öz reaksiyasını ifadə edəcək», – deyə Hagopian AzadlıqRadiosunun erməni xidmətinə bildirib.

Buna da bax: Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb

Bu yaxınlarda "Joqovurd" qəzeti anonim mənbələrə istinadən Hagopian-ın tutduğu vəzifədən azad ediləcəyini, onun yerinə isə general-mayor Onnik Gasparian-ın təyin ediləcəyini yazmışdı.

Movses Hagopian ötən ilin oktyabrında prezident Serzh Sargsianın sərəncamı ilə silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsinə təyin edilib.

AzadlıqRadiosu Hagopian-a mümkün istefa barədə də sual verib. O isə buna cavab olaraq "bu barədə məlumatım yoxdur" deyib.

Cəbhə xəttindəki vəziyyətə toxunan baş qərargah rəisi bildirib ki, hazırda hər hansı bir gərginlik müşahidə olunmur. «Ön xətdəki hissələrimiz cəbhə xəttindəki vəziyyətə tam nəzarət edirlər», – Movses Hagopian deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG