Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Ermənistanda Rusiya hərbi bazasının əsgəri öldürülüb


Rusiyadan alınan xəbərlərə görə, aprelin 22-də Ermənistanın Gümrü şəhərindəki Rusiya hərbi bazasının əsgəri bıçaqlanaraq qətlə yetirilib.

TASS Gümrü təcili tibb yardımı məntəqəsinin həkimlərinə istinadən yazır ki, Rusiya hərbi formasında olan əsgərin meyiti yerli vaxtla saat 17:30-da şəhərin Kursk meydanı yaxınlağında tapılıb.

Hadisə yerinə gələn ambulansın həkimləri əsgərin öldüyünü təsdiqləyiblər.

Həmçinin Ermənistan polisindən TASS agentliyinə verilən xəbərdə də ölən əsgərin Rusiya hərbi bazasından olduğu təsdiqlənib.

AzadlıqRadiosu ölənin 21 yaşlı Dmitri Yalpayev olduğunu xəbər verib. Bu da bildirilir ki, Gümrü bazasında müqavilə əsasında xidmət edən bu əsgərin boynunda bıçaq yaraları aşkar olunub.

Ermənistan Baş Prokurorluğundan verilən məlumata görə hadisə ilə əlaqədar 20 yaşlı bir nəfər saxlanıb. Hələlik onun adı açıqlanmır.

Ermənistan Federal Təhqiqat Komitəsi bildirib ki, ilkin araşdırma qətlin iki nəfər arasında dava-dalaşın əsnasında baş verdiyini göstərib.

Komitə habelə şübhəlinin ruhi xəstəliklə əlaqədar probleminin olduğunu və buna görə az əvvəl ordudan tərxis edildiyini əlavə edib.

2015-ci ildə Gümrüdə Rusiya bazasının əsgəri ilə bağlı başqa bir dəhşətli cinayət baş vermişdi.

O vaxt Gümrü bazasındakı Rusiya əsgərlərindən biri 6 aylıq uşaq da daxil bütöv bir erməni ailəsini qəddarlıqla qətlə yetirmişdi.

Bu hadisə Yerevanda Rusiya hərbi bazasına qarşı kütləvi etiraz aksiyalarını alovlandırmışdı.

1995-ci ildə imzalanmış sazişə əsasən Rusiyanın 102 nömrəli hərbi bazası Ermənistanın Gümrü şəhərində dislokasiya olunur.

2010-cu ildə hərbi bazanın Ermənistanda saxlanması müddəti 25 ildən 49 ilə artırılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG