AzadlıqRadiosunun Erməni xidməti xəbər verir ki, xarici işlər naziri Edvard Nalbandyan Ermənistanın Milli Assambleyasının xarici əlaqələr komitəsinin və ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşərək Qarabağ nizamlanması məsələlərini müzakirə edib.
Bu görüşün bağlı qapılar arxasında keçirildiyi bildirilir.
Torpaqların qaytarılması müzakirə olunub
Görüşdən sonra Nalbandyan müxbirlərə deyib ki, Qarabağ məsələsi gündəlikdə olub. O təfərrüatlara varmaqdan imtina edib.
Zakaryan yalnız bunu deyib ki, Nalbandyanla AŞPA-nın ərazilərin Azərbaycana qaytarılmasını tələb edən qətnamə layihəsi müzakirə olunub.
Azatutyun xəbər verir ki, bu görüşün başqa iştirakçıları da şərh verməkdən boyun qaçırıblar.
Ermənistan parlamenti xarici əlaqələr komitəsinin rəhbəri Artak Zakaryan yalnız bunu deyib ki, Nalbandyanla AŞPA-nın Ermənistan qüvvələrinin Qarabağdan çıxarılmasını və ərazilərin Azərbaycana qaytarılmasını tələb edən qətnamə layihəsi müzakirə olunub.
Erməni mediası iddia edir ki, AŞPA-nın gələn ilin yanvarında Strasburqda səsə qoyulacaq bu qətnaməsinin layihəsini Parlament Assambleyasının Azərbaycana rəğbətli britaniyalı nümayəndəsi tərtib edib.
Ermənistan mediası guya ATƏT-in Minsk qrupunun bu qətnamədən narazı olduğunu yazsa da, həmsədrlərin özləri konkret narazılıq ifadə etməyiblər.
Sarkisyansa Qarabağa gedib
AzadlıqRadiosunun Erməni xidməti habelə xəbər verir ki, prezident Serj Sarkisyan Ermənistanın Azərbaycanla həmsərhəd bölgələrində və Dağlıq Qarabağda mənzillənmiş ordu hissələrinə baş çəkib.
Ermənistan prezidenti mətbuat xidmətinin yaydığı fotolarda prezidentin şimal-şərqi Ermənistandakı hərbi bazalarda əsgərlərlə görüşləri əks olunub.
Bu təftiş səfəri zamanı onu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturov müşayiət edirdi.
Mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Sarkisyan əsas etibarilə atəşkəsin tez-tez pozulduğu bölgələrdəki qoşun hissələri ilə görüşüb.
Bunun ardınca Sarkisyanın Qarabağa “işçi səfərə” getdiyi xəbər verilir.
Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyevin gələn ay görüşəcəkləri gözlənilir və beynəlxalq vasitəçilər ümid edirlər ki, bu görüş Qarabağ sülh danışıqlarını dalandan çıxaracaq və təmas xətti boyunca gərginliyin azalmasına xidmət edəcək.