Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:12

Ermənistanda seçki rüşvəti artıb


Levon Zurabian, Yerevan, 22Fev2017
Levon Zurabian, Yerevan, 22Fev2017

Ermənistan parlament seçkiləri ərəfəsindədir. Erməni Milli Konqresinin sədr müavini Levon Zurabian deyir ki, seçki məntəqələrində saxtakarlıq imkanları azdır.

Buna səbəb məntəqələrə quraşdırılmış videokameralar və imzalanmış seçici siyahılarının dərcidir. AzadlıqRadiosu-nun erməni xidməti yazır ki, Zurabian seçki rüşvətlərinin həcminin günü-gündən artmasını bununla əlaqələndirir. O, qeydə alınmış rekord məbləğin 100 dollar olduğunu bildirib.

Buna da bax:​ Ermənistanda keçmiş nazirin oğlu və qardaşı oğlu saxlanılıb

REABİLİTASİYA

Zurabian-ın təqribi dəyərləndirməsinə görə, əhalinin 50-60 faizi illər boyu seçki zamanı səslərini satmağa öyrəşib. Onun sözlərinə görə, belə adamlar, heç olmasa, bu seçki gedişində reabilitasiya keçməlidirlər. Erməni Milli Konqresinin sədr müavini hesab edir ki, seçkilərdə seçki rüşvəti sayəsində əldə edilmiş səslər həlledici rolu oynayacaq.

«Seçki rüşvətlərinin paylanması praktikasının mövcud olduğu cəmiyyətlər mahiyyətcə gerilik, korrupsiya və yoxsulluq istiqamətində hərəkət edirlər. Yəni rüşvət almaqla almamaq arasında seçim edən adamlar ...anlamalıdırlar ki, bu addımla ölkənin gələcəyinin üstündən xətt çəkirlər», – deyə Zurabian qeyd edib.

Ötən seçkilərdə Erməni Milli Konqresinin şüarı belə olmuşdu: "Cinayətkar rejimə bircə dənə də səs verməyək!" Bu seçkilərə isə partiya «Sülh, barışıq, qonşuluq!» şüarı ilə qatılır. Partiya hələ də iddia edir ki, bu gün gündəmdəki əsas məsələ Qarabağ münaqişəsinin həllidir.

Buna da bax: Ermənistanda parlament seçkilərinə kimlər gedir?

HAKİMİYYƏT DƏYİŞİKLİYİ

«Bu o deməkdirmi ki, hakimiyyət dəyişikliyi artıq prioritet deyil" sualına Zurabian belə cavab verib: «Hakimiyyət dəyişikliyi, bandakratiya ilə mübarizə, korrupsiya ilə mübarizə - bütün bunlar evimizin yaxşılaşdırılması üçün zəruridir. Bu, əsas məqsəddir. Ancaq döyüş başlayanda artıq vaxtımız qalmır».

Son illər ərzində Ermənistanla Azərbaycanda silahlanmanın artmasından danışan Zurabian qeyd edib ki, bu gün Ermənistan qarşı tərəfdən 8 dəfə geri qalır. O bildirib ki, hazırkı vəziyyətdə silahlanma yarışı heç bir müsbət nəticə verməyəcək.

Buna da bax:​ Rusiya prezident Sarkisyanı ‘baş nazir Sarkisyan edəcək’, yoxsa?..

«Alov bizim evimizə yaxınlaşır. Tez 90-cı illərdə haqqında danışdığımız şeyi etməliyik, yəni döyüş meydanında qazandığımız qələbəni beynəlxalq sülh müqaviləsi ilə möhkəmləndirməliyik. Sülh sazişini əldə etmək lazımdır. Dağlıq Qarabağ, Kəlbəcər, Laçın üzərində nəzarətimizi saxlamaq və bütün kommunikasiyaları açmaq, regionda sülh vəziyyəti yaratmaq, Gürcüstan, Azərbaycan, Türkiyə ilə münasibətlərimizi inkişaf etdirmək lazımdır. Bunu mümkün hesab edirik», – deyə Erməni Milli Konqresinin sədr müavini bildirib.

“HƏR ŞEY BİZƏ QARŞI YÖNƏLİB”

Zurabian bugünkü rəsmi təbliğatın istiqamətini nəzərə alaraq, etiraf edir ki, təmsil etdiyi partiyanın sülh proqramı risklidir. Onun sözlərinə görə, bir tərəfdən millət və ordu yaradılır, digər tərəfdənsə yalançı vətənpərvərlik çağırışları səsləndirilir. «Bizi təslimçi kimi də, ölkəni zəiflədən qüvvə kimi də təqdim etməyə çalışırlar. Bu gün hər şey bizə qarşı yönəlib. Çox risklidir. Sülh proqramının işləyib-işləməyəcəyini deyə bilmərəm», – Zurabian deyib.

Buna da bax:​ Ermənistanın baş naziri geniş iqtisadi islahatlar vəd edir

Ermənistan Milli Konqresi bu proqramla parlamentə keçə bilməyəcəyini də istisna etmir. Onlar eyni zamanda güclü qələbəyə də ümid edirlər.

«Əmin olun ki, parlamentə daxil ola bilməsək, bu, bizdən ötrü fəlakət olmayacaq», – deyə Zurabian bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG