Keçid linkləri

2026, 19 Avqust, çərşənbə, Bakı vaxtı 14:38

Ermənistanda ordu rəsmiləri işdən çıxarılır

Suren Papikyan (solda) və Eduard Asriyan
Suren Papikyan (solda) və Eduard Asriyan

Ermənistanda azı dörd yüksək vəzifəli hərbi məmur işdən çıxarılıb. Bu, qeyri-döyüş şəraitində ölümlərin davam etmişi fonunda baş verir. Ölkədə müdafiə naziri Suren Papikyanın istefası tələbləri yenidən alovlanıb.

İşdən çıxarılanlar arasında Ermənistan hərbi polisinin rəisi Aşot Zakaryan, Müdafiə Nazirliyinin orduda mənəvi-psixoloji vəziyyət idarəsinin rəhbəri Seryoja Stepanyan və Papikyanın iki müşaviri var.

Rəsmi arqumentlər

Baş nazir Nikol Paşinyan ötən həftə bildirmişdi ki, Zakaryan və Stepanyan vəzifədən kənarlaşdırılacaq. Bu açıqlamadan əvvəl bir əsgərin güllələnərək öldürüldüyü aşkarlanıb. Bu hadisənin baş verdiyi şərait hələ də qeyri-müəyyən qalır.

Bu, Ermənistan ordusunda bu il qeyri-döyüş şəraitində qeydə alınan 12-ci ölüm hadisəsidir. Hərbi orqanlar həmin əsgərlərin çoxunun intihar etdiyini bildirir.

Paşinyan israr edir ki, Papikyan, ordunun Baş Qərargah rəisi general-leytenant Eduard Asriyan ölümlərə görə şəxsən məsuliyyət daşımır. Amma baş nazir problemin həlli üçün yetərincə iş görülməməsi fikrilə razılaşmayıb, ölümləri əsgərlərin qumar borcları, digər şəxsi problemləri, eləcə də gənc erməni kişiləri arasında geniş yayılmış "kriminal submədəniyyət"lə əlaqələndirib.

Müdafiə Nazirliyi bildirir ki, “cinayətkar submədəniyyətə qarşı sistemli mübarizə" aparılır. Məlumata görə, Papikyan orada xidmət edən həmkarlarına "kömək" üçün nazirlikdə "zabit qrupları" yaradıb, onlar müxtəlif hərbi hissələrə baş çəkəcək.

Günah keçisi?

Ordunu izləyən veteran insan haqları fəalı Janna Aleksanyan kadr dəyişikliklərinə skeptik yanaşır. Onun sözlərinə görə, hakimiyyət orqanları, xüsusilə Papikyan öz uğursuzluqları üçün yeni günah keçiləri tapıblar.

“Hərbi polis rəisinin ölümlərlə birbaşa əlaqəsi nədir? İkincisi, onu işdən çıxarmağı zəruri hesab etsəydilər, hörmətli bir əvəzedici tapmalı idilər”, – Aleksanyan AzadlıqRadiosunun erməni xidmətinə deyib.

“Azatutyun” yazır ki, yeni hərbi polis rəisi Aram Hovannisyan Ermənistanın dövlət polis xidmətinin keçmiş rəisi olub, ölkədə hökumətə qarşı etirazların yatırdılmasına şəxsən rəhbərlik edib. Paşinyan 2025-ci ilin iyununda Hovannisianı qəfildən işdən çıxarıb. Bundan bir il əvvəl onun rəhbərlik etdiyi təhlükəsizlik qüvvələri Yerevanın mərkəzində etiraz aksiyalarından birində güclü səs bombaları atmışdı. O zaman azı 83 etirazçı və 8 jurnalist yaralanıb.

XS
SM
MD
LG