Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:46

Ermənistan parlamenti müxalifətin Qarabağ bəyanatını qəbul etmədi


Ermənistan Milli Məclisi
Ermənistan Milli Məclisi

Ermənistanın Milli Məclisi müxalifətin Qarabağa dair bəyanat layihəsini qəbul etməyib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, hakim “Vətəndaş müqaviləsi” fraksiyası səsvermədə iştirak etməyib.

Azatutyun yazır ki, Ermənistan müxalifətinin Hayastan və “Şərəfim var” fraksiyaları bu bəyanatı Azərbayacan Milli Məclisinin ötən ay qəbul etdiyi bəyanata cavab olaraq hazırlayıblar.

Bəyanatda iddia olunur ki, “Azərbaycanın Milli Məclisi 44 günlük müharibənin hərbi cinayətlərinə haqq qazandırıb və Ermənistan və Qarabağın ünvanına yeni hədələrlə çıxış edib”.

Müxalifətin bəyanat layihəsinə görə Ermənistanın Milli Məclisi Qarabağın Azərbaycanın tərkib hissəsi ola bilməyəcəyinə dair bəyanat qəbul etməlidir.

Layihədə deyilirdi ki, millətlərin öz müqəddəratını təyinetmə hüququ Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin edəcək yeganə prinsipdir.

Keçmiş prezidentlər Robert Koçaryana bağlı Hayastan və Serj Sarkisyana bağlı “Şərəfim var” fraksiyalarının bəyanat layihəsində Azərbaycan silahlı qüvvələrinin 2021-ci illin 12 mayınadək olan mövqelərə qayıtması, əsirlərin və ölənlərin meyitlərinin qaytarılması tələb olunur.

Hayastan fraksiyasından deputat Andranik Tevanyan deyib:

“Bu, cəmiyyətimizə, düşmənlərimizə, strateji partnyorlarımıza, dostlarımıza və ümuilikdə dünya icmasına bizim təhlükəsizlik sistemimizlə bağlı dəqiq qırmızı xətlərimizin olmasını göstərmək üçün yaxşı imkandır. Susmaq ən yaxşı halda qorxunun, ən pis halda isə razılığın əlaməti sayılacaq”.

Deputat hakimiyyətin bu bəyanatı qəbul etməməsinin səbəbini soruşub.

Hakim fraksiya nələri qəbul etmir

İqtidar nümayəndəsi, xarici münasibətlər komissiyasının rəhbəri Eduard Ağacanyan hakimiyyəti nəyin qane etmədiyi barədə təfsilatlı danışmayıb.

O sadəcə olaraq deyib ki, sözü gedən bəyanat layihəsində müharibəyə qədər olan siyasət əks edilib.

Ağacanyan deyib ki, ötən 30 ilin siyasəti indiki vəziyyətlə nəticələnib.

Tevanyansa deyib ki, Ermənistan hakimiyyəti “Artsax” (Qarabağ-red) və ya “Dağlıq Qarabağ Respublikası” kimi terminlərin bəyanata daxil edilməsi ilə razılaşmır.

O əlavə edib ki, “Vətəndaş müqaviləsi” fraksiyası “respublika” sözünü də qəbul etməyib:

“Məsələn bizdə yazılıb: “Azərbaycan, tarixi ərazisində öz müqəddəratını təyin etmiş Dağlıq Qarabağ Respublikasına hücum edib”. Onlar isə (iqtidar-red) təklif edirdilər ki, belə yazılsın: “Dağlıq Qarabağ ermənilərinə hücum”. Bu isə o deməkdir ki, Qarabağın erməni xalqına Azərbaycanda yaşayan milli azlıq kimi baxılır”.

Tevanyan bildirib ki, hakim fraksiya “öz müqəddəratını təyinetmə” ifadəsini də qəbul etmir.

Riskli bəyanat

İqtidar deputatı Eduard Ağacanyan müxalifətin bu bəyantının "riskli" olduğunu deyib.

Azatutyun yazır ki, müxalifət bir neçə ay bundan əvvəl Qarabağla əlaqədar daha bir bəyanat təklif etmişdi.

Həmin bəyanat da Milli Məclis tərəfindən rədd edilmişdi. Bundan sonra müxalifət bir neçə ay parlamentin iclaslarında iştirakdan imtina etmişdi.

Azərbaycan prezidenti İlham Əliyev 44 günlük müharibə ilə Qarabağ probleminə son qoyulduğunu, Azərbaycanın erməni sakinlərinə ölkə vətəndaşları ilə eyni hüquqların veriləcəyini bildirib.

Əliyev habelə bəyan edib ki, Bakı Qarabağ erməniləri ilə bağlı məsələləri üçüncü bir tərəflə müzakirə etməyəcək.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG