Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:36

Ermənistan müxalifətinin ‘sərhəd bəyanatı’ komissiyadan keçməyib


Hayastan fraksiyasından lideri, keçmiş müdafiə naziri Seyran Ohanyan
Hayastan fraksiyasından lideri, keçmiş müdafiə naziri Seyran Ohanyan

Bəyanatda Qarabağın Azərbaycanın tərkibində qalmasının qeyri-mümkün olması deyilirdi

Ermənistan Milli Məclisinin xarici əlaqələr komissiyası müxalif Hayastan fraksiyasından lideri, keçmiş müdafiə naziri Seyran Ohanyanın hazırladığı bəyanat layihəsini 6 əleyhinə, 4 leyhinə səs nisbəti ilə rədd edib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, keçmiş prezident Robert Koçaryanın yaratdığı fraksiyadan verilən bu layihə Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası barədə idi.

Xəbərdə deyilir ki, komissiya iclasının əvvəlində məsələnin həssaslığı nəzərə alınaraq səs çoxluğu ilə müzakirənin qapalı keçirilməsi barədə qərar qəbul olunub.

Xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan bu barədə deyib:

“Təklif olunan bəyanat layihəsinin öz məzmunu etibarilə əsasən daxili siyasi xarakteri daşıması, sənəddə hökumətin birbaşa və dolayısı ilə ittiham olunması və onun faktiki olaraq müxalifətin hazırkı siyasi narazılığını əks etdirməsi artıq əsas verir ki, Vətəndaş müqaviləsi partiyasının komissiyadakı üzvləri onun əleyhinə səs versinlər. Eyni zamanda layihənin açıq müzakirəsinin danışıqlara mane ola biləcəyi, habelə təhlükəsizliyə problemlər yaradacağı nəzərə alınaraq bu məsələnin qapalı rejimdə müzakirəsi təklif edilir”.

Azatuyun yazır ki, müxalif Hayastan fraksiyasından deputat Armen Rustamyan müzakirənin qapalı keçirilməsinin qeyri-məqbul olduğunu bildirib.

O deyib ki, bəhanə gətirilir, əsas məqsəd isə hakimiyyətin ağrılı və həyəcan doğuran razılaşmalara getməsidir.

Müxalifəti Qarabağ narahat edir

Deputat soruşub ki, bu layihənin hansı bəndinə görə onun əleyhinə səs verilib:

“Əgər qısa əsaslandırsaq, məsələnin mahiyyəti belədir: biz demişik ki, suverenliyimizdən heç bir güzəşt edilməməlidir və Konstitusiya rəhbər tutulmalıdır. Suverenlik həm də həmin dəhliz məntiqi və Ermənistanın mümkün itkiləri ilə bağlıdır. İkincisi, elə addımlar atmaq olmaz ki, Artsax (Qarabağ-red) Azərbaycanın tərkibində qalsın. Bu, ermənilərin Artsaxdan (Qarabağ-red) qovulması demək olacaq. Üçüncü məsələ isə ön cəbhəni, mövqelərimizi möhkəmlətməklə bağlıdır. Çünki biz öz sərhədlərimizi qorumasaq, kənardan heç kəs gəlib bunu bizim əvəzimizə etməyəcvək. Yəni onlar bunun əleyhinədirlər? Qoy indi izah etsinlər ki, niyə bunların əleyhinədirlər?..”

Lakin komissiya sədri Eduard Ağacanyan deyib ki, onun partiyasının bu layihəyə qarşı çıxmasının bir səbəbi onun siyasi məzmunudur. Onun sözlərinə görə, iclasın qapalı keçirilməsi barədə qərar isə müzakirə olunan məsələlərin həssaslığın ilə bağlıdır.

Noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüşdən sonra verilən bəyanatda deyilirdi ki, Bakı və Yerevan sərhədin delimitasiya və demarkasiyası üçün birgə komissya yaratmalıdırlar.

Lakin Ağacanyan deyib ki, bu məsələ ilə bağlı heç bir təzə xəbər yoxdur.

Azatutyun yazır ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi müzakirələrinin təfərrüatları barədə də heç bir məlumat verilməyib.

Bu görüşdən sonra Moskvada baş nazir müavinlərinin müzakirələri keçirilmişdi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azatutyuna demişdi ki, bu iclasda razılaşma əldə oluna bilməyib.

Baş nazir müavinlərinin yaxın gələcəkdə bir daha görüşəcəyi xəbər verilib.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında razılaşmaya əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG