Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:01

Azərbaycan Prezidenti: ‘Bizə tarix versinlər’ (Video)


Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin dediklərini ölkənin ərazi bütövlüyünə təhdid adlandırıb

Azərbaycan XİN-dən Ermənistana cavab

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan Xarici İşlər Nazirliyinin bugün, dekabrın 7-də verdiyi açıqlamaya münasibət bildirib.

İdarədən qeyd edilib ki, Ermənistan XİN-in Azərbaycan prezidentinin Quba rayonunda sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərin, imzalanmış üçtərəfli bəyanatlara uyğun olmaması və ölkələrinin ərazi bütövlüyünə təhdid təşkil etməsi iddiası onların öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığını gizlətmək məqsədi güdür.

Habelə hesab edilir ki, bununla öz əhalisində əsassız fobialar yaratmaq və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa cəhd edilir:

“Azərbaycan tərəfi dəfələrlə və ən yüksək səviyyədə üç ölkə liderinin imzaladığı birgə bəyanatların icrasının vacibliyini vurğulayıb, tərəfimizdən bu istiqamətdə konkret addımlar atılıb. Ermənistan isə üzərindən bir ildən çox vaxt keçməsinə baxmayaraq müxtəlif bəhanələrlə öhədliklərini yerinə yetirmir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına əngəl törədir”

Vurğulandığına görə, Qarabağ bölgəsinə əsassız iddialarından hələ də əl çəkməyən, revanşizm sərgiləyən Ermənistan Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşdırılması addımlarına qarşılıq vermir.

Yerevan İlham Əliyevin bəyanatına cavab verdi
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Azərbaycan prezidenti İlham Əliyevin nəqliyyat dəhliziylə bağlı dediklərini qızışdırıcı bəyanat adlandıran Ermənistan XİN bildirib ki, indiyədək imzalanmış sənədlərin heç birində, dəhlizlə bağlı Ermənistanın heç bir öhdəliyi yoxdur.

Bəyanatda deyilir ki, rəsmi Bakı güc tədbiqi təhlükəsi ilə bağlı bəyanatlar verməkdə davam edir ki, bu Ermənistanın suverenliyi və ərazi bütövlüyü, beynəlxalq hüququn əsas prinsiplərinə ziddir, eyni zamanda regional və qlobal təhlükəsizliyə təhdid yaradır.

Nazirlik bu bəyanatların noyabrın 26-da Soçidə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə əldə olunmuş anlaşmalara zidd olduğunu vurğulayır.

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən danışıqlardan sonra üç lider Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin açılması yönündə böyük irəliləyiş olduğunu bildirmişdi. Putin demişdi ki, bu məsələylə məşğul olan üçtərəfli işçi qrup yaxın günlərdə “bu gün əldə etdiyimiz qərarları” elan edəcək.

Ermənistanın baş naziri Nikol Paşinyanın hakim "Mənim Addımım" fraksiyasından deputatlar isə AzadlıqRadiosu-nun erməni xidmətinə bildiriblər ki, indiki şəraitdə yekun vaxtla bağlı Azərbaycanın bu bəyanatına cavab verməyə lüzum görmürlər.

Qeyd edək ki, söhbət, Ermənistan ərazisi vasitəsi ilə Azərbaycana Naxçıvan getmək üçün nəqliyyat xəttindən gedir.

***

“Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bugün də eyni sözü deyirəm”

AZƏRTAC xəbər verir ki, bunu bugün, dekabrın 6-da prezident İlham Əliyev Quba rayonunun Qonaqkənd qəsəbəsində sakinlərlə görüşündə bildirib.

Qarabağ məsələsindən danışan prezident kommunikasiyaların bərpasına da toxunub:

“… Bizə tarix versinlər, Zəngəzur dəhlizi (Ermənistanın Sünik bölgəsindən keçməlidir) nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun”.

Paşinyanın partiyası 3 böyük şəhərdə bələdiyyə seçkisini uduzub
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

Ermənistandan deyilənlər…

Amma Ermənistanın rəsmi qurumları deyilən dəhliz məsələsinə fərqli yanaşırlar.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən həftə AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun TV-yə deyib ki, onlar dəhliz məntiqi ilə hər hansı məsələni müzakirə etməyib və etməyəcəklər:

“Bu mənada biz israrda davam edirik ki, bizim müzakirələrimiz tamamilə 9 (10) noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il Soçi bəyanatlarının çərçivəsində aparılmalıdır. Bu bəyanatlarda hər hansı dəhliz barədə heç nə deyilmir. Biz açılıma hazırıq, Sovet İttifaqı dövründə mövcud olmuş infrastrukturun bərpasının müzakirəsinə hazırıq”.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda 10 (9) noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Bu il yanvarın 11-də Moskvada, noyabrın 26-da isə Soçidə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri yeni üçtərəfli bəyanatlar imzalayıblar.

Həmin bəyanatlar isə regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpasını və Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi üçün ikitərəli komissiyanın yaradılmasını nəzərdə tutur.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG