Azərbaycan XİN: Ermənistan doqquz şəhəri yer üzündən silib
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in ölkəsinin Mədəniyyət Nazirliyinin bəyanatına dair açıqlamasına şərh verib. Onun qeyd etməsinə görə, Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayaraq doqquz şəhəri və yüzlərlə kəndi yer üzündən silib: "Ermənistan işğal altında saxladığı ərazilərdə törətdiyi məqsədyönlü dağıntıları gizlətmək üçün onilliklər ərzində bu ərazilərə UNESCO missiyasının səfərinin qarşısını alıb. Bu fakt YUNESKO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub".
L.Abdullayevanın vurğulamasına görə, eyni zamanda, Ermənistan öz ərazisindəki Azərbaycanın mədəni irsini tamamilə məhv edib: "Bütün bu qeyd edilənlər fonunda, görünür, Ermənistan XİN Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatından yalan çıxarışlar edərək öz qeyri-qanuni əməllərini pərdələmək məqsədi güdür. Lakin qonşu ölkənin rəsmi qurumu unudur ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tarixi-mədəni irsinə dini və etnik zəmində ayrıseçkilik etmir".
***
Ermənistanın Xarici İşlər Nazirliyi fevralın 8-də Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun fevralın 3-də verdiyi məlumatı pisləyən bəyanatla çıxış edib.
Anar Kərimov ötən həftə Gəncə şəhərinə səfəri zamanı demişdi:
“Ermənlilərin Alban dini məbədlərinin üzərinə yazdıqları qondarma izlərin aradan qaldırılması üçün Alban tarixini, arxitekturasını bilən mütəxəssislərdən ibarət İşçi qrup yaradılıb”.
Nazir daha sonra demişdi ki, bu qrupda həm də dövlət qurumlarının nümayəndələri təmsil olunacaqlar:
“İşçi qrupun üzvləri ilə həmin yerlərə baxış keçirib, baxışdan sonra növbəti addımlarımızı fikirləşəcəyik. Həmin ərazilər hələ tam təhlükəsiz deyil. Erməniləşdirilmiş Alban kilsələrinə getmək rahat deyil. Ərazilər minalardan təmizlənəndən sonra həm yerli, həm də beynəlxalq ekspertləri ora aparacağıq və erməni saxtakarlığını, dəyişiklikləri sənədləşdirib beynəlxalq ictimaiyyətə təqdim edəcəyik”.
Anar Kərimov bildirmişdi ki, eyni zamanda, beynəlxalq ekspertlərlə də iş aparılır və onların Azərbaycana dəvət edilməsi planlaşdırılır.
BMT Məhkəməsinə istinad
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, Ermənistan XİN-uin sözçüsü Vaan Unanyan bununla bağlı verdiyi bəyanatda deyib:
“Belə strukturun dövlət səviyyəsində yaradılması məqsədli və qanunsuz şəkildə qonşu xalqların tarixi və mədəni irsinin mənimsənilməsi və onların tarixi yaddaşdan məhrum edilməsi cəhdidir və hətta münaqişələr tarixində də misli görünməmiş hadisədir. Bu bir daha isbat edir ki, 44 günlük müharibə zamanı və ondan sonrakı dövrdə Dağlıq Qarabağda vandalizm halları və erməni tarixi, mədəni və dini irsinin məhv edilməsi məqsədli və planlaşdırılmış səciyyə daşıyır və Dağlıq Qarabağın onun köklü erməni əhalisindən məhrum edilməsi siyasətinin bir hissəsidir”.
Ermənistan XİN-in nümayəndəsi iddia edib ki, Azərbaycan hökumətinin bu addımı BMT Beynəlxalq Məhkəməsinin təcili tədbirlər görülməsinə dair 7 dekabr 2021-ci il tarixli qərarına ziddir.
Unanyan qeyd edib ki, bu məhkəmənin qərarı ilə Azərbaycan erməni mədəni irsini vandalizmdən mühafizə etməyə təhkim edilib.
Unanyanın sözlərinə görə, yaranmış vəziyyətdə beynəlxalq birliyin, xüsusilə də UNESCO-nun bu məsələyə təcili müdaxiləsinə ehtiyac var.
Ermənistan XİN-in sözçüsü deyib ki, erməni tarixi və mədəni irsinin mənsubiyyətinin təhrif edilməsi Azərbaycanın barışıq barədə bəyanatları ilə ziddiyyət təşkil edir.
Azərbaycanın rəsmi mövqeyi
Azərbaycan hakimiyyəti bildirir ki, onun nəzarətinə keçmiş ərazilərdə kilsələrdəki erməni kitabələri qondarmadır və abidələrə sonradan yapışdırılıb.
Azatutyun yazır ki, hələ bir neçə ay bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Hadrutun Hünərli kəndindəki Müqəddəs Məryəm kilsəsinə baş çəkərkən demişdi:
“Ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim Alban məbədini də təhqir etmişlər. Amma biz bərpa edəcəyik. Bütün bu yazılar saxta yazılardır, sonradan yazılmış yazılardır. Onlar bizim qədim torpaqlarımızda özləri üçün saxta tarix yaradıblar. Amma buna nail ola bilməyiblər, biz onları ifşa etmişik. Bu kilsənin – alban məbədinin bu vəziyyətdə olması bir daha erməni saxtakarlığını göstərir. Erməni kilsəsi olsaydı, bunu təmir etdirərdilər. Sonra da bəziləri bizə irad tuturlar ki, biz xristian abidələrinə yaxşı baxmırıq. Bunu ermənilər bu günə salıblar”.
Azatutyun yazır ki, 2020-ci il müharibəsində Azıərbaycanın nəzarətinə keçmiş torpaqlarda ən azı 1456 abidə var. Onlardan 161-i monastır və kilsə, 591-i isə xaçdaşdır.
Azərbaycan rəsmiləri və tarixçiləri bildirirlər ki, Qarabağ ərazisindəki xristian mədəniyyət və din abidələri Alban kilsəsinə və deməli Azərbaycanın tarixi irsinə aiddir.
Azərbaycan tarixçiləri Erməni kilsəsini Alban kilsələrini özününküləşdirməkdə ittiham edirlər.
Xatırlatma
2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.