Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 06:24

Ordudan yayınmısan? Cərimə ödəyib vətənə qayıda bilərsən


Ermənistan parlamenti hərbi xidmət keçməmiş vətəndaşlarla bağlı qanuna düzəliş edir.

Artıq parlamentdə birinci oxunuşda qəbul edilən düzəlişlərə görə, əgər vətəndaş xaricdədirsə, ordudan yayındığına görə axtarışa verilibsə, onun cinayət məsuliyyətindən azad edilərək Vətənə qayıtmasına bir şərtlə imkan yaradıla bilər.

1 dekabr 2017-ci ilə qədər 27 yaşı tamam olan şəxslərə hər buraxılan çağırışa görə 200 min dram, ümumilikdə isə 3 milyon 600 min dram (təxminən 7,4 min dollar) ödəməklə maneəsiz Vətənə qayıtmaq şansı veriləcək.

Azadlıq Radiosunun Ermənistan xidməti xəbər verir ki, bu düzəliş 2019-cu ilin sonuna qədər qüvvədə olacaq.

Buna da bax: Lavrov gəlir

Xaricdəki gənclərin Vətənə qayıtmasına şərait yaratmaq üçün əvvəllər də sözügedən qanuna düzəlişlər edilib.

Amma Müdafiə Nazirliyi təklif edirdi ki, bu imkan sonuncu dəfə verilsin.

Düzəlişi müzakirə edən deputatlar qərara alıblar ki, "qapıları belə gənclərin üzünə bağlamaq olmaz" və gələcəkdə də onlara belə şans verilməlidir. Yəni gələcəkdə də belə düzəlişlər gündəmə gələ bilər.

Hakim partiyadan olan deputat Karine Açemyan deyib ki, bir çox gənclər Ermənistanı ailəsinin ağır durumuna görə tərk etməyə məcbur olublar, onları cərimə ödəyib Vətənə qayıtmaqdan məhrum etmək ədalətsizlik olardı.

Karine Achemian (solda)
Karine Achemian (solda)

Müdafiə Nazirliyi hər çağırışa görə cərimənin 500 min dram olmasını istəyirdi, amma deputatlar bu məbləği 2,5 dəfə azaldıblar. Onlar hesab edirlər ki, belə yüksək məbləğə görə gənclər Vətənə qayıtmaqdan birdəfəlik imtina edə bilərlər.

Buna da bax: Ermənistan əhalisi sürətlə azalır

Müxalifətçi deputatlar isə parlamentdəki müzakirə zamanı bir məsələni aydınlaşdırmaq istəyiblər. Düzəlişin məqsədi gənclərin Vətənə qayıtmasına kömək etməkdir, yoxsa büdcəni doldurmaq?

Onlar hesab edirlər ki, əgər məqsəd gənclərin geri dönməsidirsə, onda ümumiyyətlə heç bir cərimə tətbiq olunmamalıdır.

Ermənistanın axtarışda olan 11 min vətəndaşının 86 faizi ordudan yayınanlardır.

Karine Açemyan isə deyib ki, əgər heç bir cərimə tətbiq olunmasa, onda dövlət bununla gənclərin xaricə axınını stimullaşdırmış olar.

"Bu insanlar qanunu pozublar, ona görə də axtarışa veriliblər" - deyib deputat.

Açemyan onu da bildirib ki, ordudan yayınanlarla bağlı qanunun tətbiqi nəticəsində indiyəcən büdcəyə 8 milyard dram (təxminən 16 milyon dollar) toplanıb və həmin məbləğ ordunun ehtiyacları üçün istifadə edilib.

Parlamentdəki müzakirəyə qatılan müdafiə nazirinin müavini Artak Zaxaryan isə deyib ki, onların məqsədi pul toplamaq deyil, düzəliş indi xaricdə olan gənclərə qarşı yönəlməyib. Sadəcə, nazirlik istəyir ki, əgər hansısa gənc gələcəkdə ordudan yayınmağı fikrindən keçirirsə, hesabını götürsün, bilsin ki, bunun yüksək cəriməsi olacaq.

Buna da bax: Hamını əsgər aparan müdafiə naziri özü necə möhlət alıb?

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG