Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 23:32

Yerevan Gazprom şirkətinin Ermənistan filialına cinayət işi açır


Gazprom Ermənistan şirkətinin Yerevandakı ofisi
Gazprom Ermənistan şirkətinin Yerevandakı ofisi

AzadlıqRadiosunun Erməni xidməti xəbər verir ki, Ermənistan Dövlət Gəlirləri Komitəsi “Gazprom-Ermənistan” qapalı səhmdar cəmiyyətində apardığı təftiş zamanı bir sıra pozuntular və külli miqdarda vergidən yayınma hallarını aşkar etdiyini bildirib.

Xəbər verilir ki, komitənin məlumatına görə kompleks vergi yoxlamaları nəticəsində ciddi qanun pozuntularına yol verildiyi müəyyənləşdirilib. Məsələn məlum olub ki, “Gazprom-Ermənistan” 2016-2017-ci illərdə vergi orqanlarına təqdim etdiyi gəlir sənədlərinə yanlış göstəriciləri daxil edib və nəticədə qanunda nəzərdə tutulandan milyardlarla dram az vergi ödəyib.

Bu da bildirilir ki, şirkətin yol verdiyi pozuntular qaz itkilərinin araşdırlması zamanı da aşkar olunub.

Ermənistan Dövlət Gəlirləri Komitəsinin məlumatında deyilir: “Aşkar edilib ki, qazpaylama sistemində 2018-ci ilin may-iyun aylarında elə bu ilin yanvar-may ayları ilə müqayisədə qaz itkisi üç dəfə azalıb”.

Məlumatda deyilir ki, Dövlət Gəlirləri Komitəsinin istintaq idarəsində Cinayət Məcəlləsinin vergi, rüsum və başqa öhdəlik ödənişlərindən külli məbləğdə yayınma maddəsinə əsasən cinayət işi qaldırılıb.

Hazırda “Gazprom-Ermənistan” tərəfindən dövlətə dəymiş ziyanın tam müəyyən edilməsi, habelə təbii qazın istehlakı sahəsində yol verilmiş korrupsiya faktlarının müəyyənləşdirilməsi üçün təhqiqat aparılır.

AzadlıqRadiosu bildirir ki, “Gazprom-Ermənistan” QSC onun suallarına cavab verməkdən imtina edib.

XS
SM
MD
LG