Ermənistan deputatlarından ibarət nümayəndə heyəti Bakıda səfərdə olub.
Deputatlar Avronest Parlament Assambleyası komitəsinin sentyabrın 22-də Bakıda keçirilən forumuna qatılıblar.
Nümayəndə heyətinin rəhbəri Armen Ashotyan deyib ki, anası bakılıdır, şəhəri son dəfə görəndə 13 yaşı vardı. Bildirib ki, bəzi texniki maneələrə baxmayaraq özünü Bakıda təhlükəsiz hiss edir.
“Bakı böyük erməni icması şəhəri idi. Erməni icması burda - Bakının mədəniyyətində, incəsənətində, iqtisadiyyatında silinməz iz buraxıb. Şəhərə nəzər salsanız görərsiz ki, ermənilər bu şəhərin bir hissəsi olublar. Mən Bakını hələ də erməni mədəni, elmi, iqtisadi irsi yaşayan şəhər hesab edirəm. Baxmayaraq ki, kilsə fəaliyyət göstərmir, baxmayaraq ki, Montin-erməni qəbiristanlığı köçürülüb. Başqa buna bənzər addımlara baxmayaraq, mən özümü burda zaman maşınındakı kimi hiss edirəm”.
Ermənistan nümayəndə heyətinə deputat Mane Tandilyan da daxildir. O, müxalifətdə olan “Yelk” partiyasını təmsil edir.
Avronest, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrin Parlament Assambleyasıdır.
Bu praqrama Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna daxildir.“Şərq tərəfdaşlığı” Proqramının əsası 2009-cu ildə qoyulub.
Məqsəd bu 6 keçmiş sovet respublikasını Avropa Birliyinə daha da yaxınlaşdırmaq, inteqrasiya etməkdir.