Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:24

Yerevanda 'Azərbaycan alması'na yeni ad qoydular


Azərbaycan almaları
Azərbaycan almaları

Bir neçə gün öncə sosial şəbəkələrdə belə bir məlumat yayılmışdı: Ermənistan bazarlarında Azərbaycandan gətirilmiş almalar satılır. Mövzu sosial mediada qızğın müzakirələrə yol açmışdı. İş o yerə çatmışdı ki, bəzi istifadəçilər bu məhsulu ölkəyə idxal edənlərin tapılaraq, inkvizisiya üsulları ilə cəzalandırılmasını tələb edirdilər. Ermənistan qəzetləri yazır ki, bu məhsulları birbaşa Azərbaycanın özündən idxalı mümkün olmasa da, Gürcüstan və İrandan keçirmək mümkündür.

SATIŞDA AZƏRBAYCAN ALMASI VAR

Ermənistanın qida məhsullarının təhlükəsizliyi üzrə dövlət xidməti məlumata reaksiya verib. Qurum aprelin 23-dən başlayaraq üç gün ölkə bazarlarında genişmiqyaslı yoxlamalar aparıb. Yoxlama zamanı Azərbaycanda yetişdirilmiş almaların satışı ilə bağlı bir sıra hallar aşkarlanıb. Bəlli olub ki, bu almalar həm paytaxt Yerevan və ölkənin, azı, beş vilayətinin iri və xırda bazarlarında, həm də meyvə-tərəvəz dükanlarında satılır.

Dövlət qurumunun yaydığı məlumatda qeyd edilir ki, bu almaların satışı yasaqlanıb. Bundan başqa, bütün bu məhsulun məhvinə göstəriş verilib.

Qida məhsullarının təhlükəsizliyi və keyfiyyətinə nəzarət üzrə müfəttişliyin rəisi Vahe Danielian Azərbaycanda yetişdirilmiş almaların Ermənistana necə gəlib çıxdığı barədə sualı cavablandırmağa çətinlik çəkir. Onun sözlərinə görə, dövlət sərhədində belə məhsulun idxalına icazə verilməyib. Müfəttişliyin rəsmisi qeyd edib ki, artıq Azərbaycandan gətirilmiş almaların 200 kiloqramının satışının qarşısı alınıb. O, həmçinin yoxlamaların getdiyini və məhsulun yeni partiyalarının aşkarlandığını bildirib.

DAD-alma
DAD-alma

«AZƏRBAYCAN MƏHSULU»

Diyetoloq David Pipoyan Yerevanın «Malatiya» və «Qum» bazarlarına gedib. Ondan öncə həmin bazarlarda sözügedən dövlət xidmətinin əməkdaşları olublar. Diyetoloq gördüyü mənzərəni belə təsvir edir: «Bir yerdə deyil, iki yerdə deyil... Bax o qara yeşiyi görürsünüz? Küncdə üzərində «Azərbaycan məhsulu» yazılıb».

D.Pipoyan-ın sözlərinə görə, satıcıların çoxu heç məhsulun mənşəyini gizlətməyə də çalışmır. Bəziləri isə artıq üzərində ticarət nişanı olan etiketləri qoparıblar.

AzadlıqRadiosunun erməni xidmətinin əməkdaşları bazara gedərək vəziyyəti öyrənməyə çalışanda, satıcılar artıq Azərbaycandan gəlmiş almaları «fransız almaları» adlandırmağa başlayıblar. Bəziləri isə onları yerli məhsul kimi qələmə veriblər.

Ermənistanın gömrük xidmətinin əməkdaşları isə ölkədə Azərbaycandan idxal edilmiş almaların mövcudluğundan bixəbər olduqlarını deyiblər. Dövlət gəlirləri komitəsinin rəsmi açıqlamasında isə deyilir ki, qaçaqmal faktı aşkarlanmayıb, ancaq bu halın detallarının aydınlaşdırılması istiqamətində operativ axtarış tədbirləri həyata keçirilir.

BƏYAN EDİLMİŞ MALLAR ARASINDA BELƏ ALMA YOXDUR

Ermənistanın dövlət sərhəd xidməti bildirib ki, aprelin 1-dən 25-dək ölkə ərazisinə Polşa, Rusiya, Ukrayna, Gürcüstan və İtaliyadan alma daxil olub. Bəyan edilmiş məhsullar arasında Azərbaycan istehsalı olan almaların adı çəkilməyib.

Qida məhsullarının təhlükəsizliyi üzrə dövlət xidməti isə Azərbaycan istehsalı olan almaların sərhəd nəzarətindən keçmədiyinə görə onların keyfiyyətinə təminat verə bilməyəcəyini elan edib. Qurum bu səbəbdən istehlakçıları həmin məhsulu almamağa və belə hallar müşahidə edərlərsə, bu barədə məlumat verməyə çağırıb.

Azərbaycandan idxal edilmiş almaların keyfiyyəti ilə bağlı suallar da, hələlik, cavabsız qalır. Laboratoriya analizlərinin nəticələrinin yalnız bu həftənin sonunda bəlli olacağı deyilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG