Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Avqust, Cümə axşamı, Bakı vaxtı 09:35

Anar Bağırov: 'Ermənistanla bizim belə bir müqaviləmiz yoxdur'


Ermənistan vətəndaşlarının Bakıda mühakiməsi

Ermənistan Vəkillər Palatası öz vəkillərini ölkələrinin Azərbaycanda mühakimə edilən hərbi qulluqçularının məhkəmələrinə göndərmək niyyətindədir. Yerli medianin məlumatına görə, vəkillər Azərbaycana gedib mühakimə edilən Ermənistan vətəndaşlarına hüquqi yardım göstərmək, həmçinin mümkün olan pozuntuları aşkarlamaq istəyirlər. Bunun üçün onların Azərbaycan Vəkillər Kollegiyası və başqa aidiyyəti orqanlara müraciət edəcəkləri gözlənir. Amma Azərbaycanda mühakimə olunan Ermənistan hərbi qulluqçularının əksəriyyətinin statusu ilə bağlı iki ölkə arasında mübahisə var. Azərbaycan tərəfi bildirir ki, hazırda mühakimə edilənlər ötənilki 10 noyabr sazişindən sonra tutulduqlarından hərbi əsir sayıla bilməzlər, qarşı tərəf isə bununla razılaşmır.

A.Bağırov
A.Bağırov

"Bu, populizmdir"

Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Turan"a bildirib ki, quruma belə bir müraciət daxil olmayıb: "Açıq-aşkar görünən odur ki, bu, populizmdir. Vəkillər və hüquqşünaslar hər hansı fikir bildirməzdən öncə qanunvericiliyi araşdırırlar. Sizi əmin edirəm ki, Ermənistan Vəkillər Palatası, orada o cür bəyanatlar səsləndirilən şəxslər gözəl bilir ki, Azərbaycanın "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna görə, Azərbaycan Respublikası ərazisində əcnəbi vəkillər yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq qarşılıqlı münasibətlər əsasında işlərin baxılmasına buraxılır. Ermənistanla isə bizim belə bir müqaviləmiz yoxdur, ümumiyyətlə, diplomatik münasibətlər də yoxdur".

"Desəydilər ki, biz kosmosa uçmağa hazırlaşırıq..."

Kollegiyanın sədri qeyd edib ki, belə bir müqavilə olsa belə, xarici ölkənin vəkilləri yalnız məsləhət verə bilərlər : "Onlar məhkəmədə heç kimi müdafiə edə bilməzlər. Heç bir ölkənin vəkili bunu edə bilməz, bu mümkün deyil. Ermənistan vəkilləri bunu bilə-bilə belə bir fikir səsləndirməklə nə demək istəyirlər? Aydın məsələdir ki, bu, ucuz populizmdir. Desəydilər ki, biz kosmosa uçmağa hazırlaşırıq, o daha inandırıcı görünərdi, nəinki bu cür bəyanatlar".

A.Bağırovun sözlərinə görə, Azərbaycan vəkilləri bütün işlər üzrə dinindən, millətindən, dilindən asılı olmayaraq hər kəsə yüksək keyfiyyətli hüquqi yardım göstərir və göstərəcək: "Azərbaycanda heç kəsin vəkillə müqavilə bağlamaqla, dövlət hesabına hüquqi yardımın təmin edilməsi ilə bağlı problemi yoxdur. Diversantların məhkəməsində Azərbaycan vəkilləri iştirak edir və orda layiqincə öz peşə borcunu yerinə yetirirlər".

Ə.Məmmədli
Ə.Məmmədli

"Şəxs öz istəyi ilə əlavə olaraq…"

Hüquqşünas Ələsgər Məmmədli də AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda vəkillik fəaliyyəti yalnız Azərbaycan Vəkillər Kollegiyasının üzvü olan vəkillərə şamil olunur: ""Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 4-cü maddəsi bunun çərçivəsini müəyyən edir. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmə prosesində birbaşa hər hansı şəxsi müdafiə edə bilməz. Şəxsin müdafiə hüququ var, amma o, müdafiəçini Azərbaycan vəkillərin arasından seçməlidir".

Ekspert istisna olduğunu da qeyd edib: "İstisna kimi kənar vəkil prosesdə iştirak edə bilər, amma əsas müdafiəçi kimi Azərbaycan vəkili olduğu halda. Yəni, şəxs öz istəyi ilə əlavə olaraq onu təmsil edən, ona hüquqi yardım göstərmək istəyən şəxsi dəvət edə bilər. Amma həmin şəxs prosesdə müdafiə tərəfi kimi görünə bilməz".

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gərginlik var. Bu münaqişə müasir mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Hazırda Azərbaycanda bir sıra qruplar üzrə Ermənistan hərbi qulluqçularının məhkəməsi keçirilir. Onlar terrorçuluq, dövlət sərhədini qanunsuz keçmə və digər cinayətlərdə ittiham olunurlar.

XS
SM
MD
LG