Keçid linkləri

Təcili xəbərlər
2021, 29 İyul, Cümə axşamı, Bakı vaxtı 06:57

Daha 14 Ermənistan vətəndaşı Bakıda hakim qarşısına çıxarıldı


Məhkəmə. 16 iyun 2021

Azərbaycanın dövlət sərhədlərini pozmaqda, bu ölkənin ərazisində terror törətməkdə suçlanaraq həbsdə saxlanılan Ermənistan vətəndaşlarının işi bir neçə qrupa ayrılıb. Onlar hissə-hissə baxılması üçün məhkəməyə göndərilir.

İyunun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində 14 nəfərlik qrupun mühakiməsi başlayıb. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 228 (qanunsuz silah saxlama) 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı dəstələrin tərkibində iştirak) və 318 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.

Media təmsilçiləri siyahı ilə buraxılır

Məhkəməyə yalnız konkret siyahı əsasında media nümayəndələri buraxılıblar. Digər jurnalistlərin isə prosesdə iştirakına icazə verilməyib.

Məhkəmədə təqsirləndirilən şəxslər erməni dilindən Azərbaycan dilinə iki tərcüməçi və dövlət hesabına vəkillərlə təmin olunublar.

Məhkəmədə yerli televiziya telekanallarının çəkiliş aparmasına vəkillərdən biri narazılıq edib, çəkilişin dayandırılması haqda vəsatət qaldırsa da, hakimlər vəsatəti təmin etməyib.

Başqa bir vəkil isə təqsirləndirilən şəxslərin həbsdə saxlanma müddətinin düzgün hesablanmamasından narazılıq edib. Vəsatət qaldırıb ki, müvəkkili də daxil olmaqla, təqsirləndirilən şəxslərin hamısının həbsdə olduğu müddət onlar saxlandığı gündən hesablansın. Müdafiəçinin sözlərinə görə, onlar 2020-ci ilin dekabrında saxlandıqları halda, müddət fevral-mart aylarından hesablanıb.

Dindirmədən sonra ittiham elan olunub

Vəsatətə münasibət bildirən prokuror deyib ki, onlara dindirmədən sonra ittiham elan olunub, barələrində həbs qərarı çıxarılıb. Bu isə fevral-mart aylarında baş verib. Ona görə də həbsdə saxlanma müddəti o dövrdən hesablanmalıdır.

Hakimlər də ittiham tərəfi ilə razılaşıb və vəkilin vəsatəti təmin olunmayıb.

Məhkəmə baxışı isə iyunun 25-nə təyin edilib.

Təqsirləndirilən şəxslərə ittiham verilən maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ermənistan tərəfi sözügedən vətəndaşlarını hərbi əsir sayaraq azadlığa buraxılmalarını tələb edir. Azərbaycan isə onların ötən il hərbi əməliyyatlar dayandırılandan sonra saxlandığını, terrorçu-diversant olduqlarını deyir.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG