Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:43

Livan ermənisinə Bakıda hökm oxundu


Viken Eulcekciyan
Viken Eulcekciyan

Milliyyətcə erməni olan Livan vətəndaşı Viken Eulcekciyan 20 il azadlıqdan məhrum edilib. İyunun 14-də Bakı Hərbi Məhkəməsinin hakimləri onun haqqında belə hökm çıxarıb. Hökmə əsasən, o, cəzanın ilk 5 ilini qapalı həbsxana rejimində, qalanını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Hökm Yasamal rayon Məhkəməsinin inzibati binasında elan edilib. Hakim Elbəy Allahverdiyevin elan etdiyi hökmdən məlum olub ki, 42-yaşlı Viken terrorçuluq, Azərbaycana qarşı muzdlu döyüşmə, ölkənin dövlət sərhədlərini qanunsuz keçmə kimi əməllərdə suçlu hesab edilib. Hökmdə iddia olunur ki, 2020-ci ilin sentyabrında müharibə başlayanda əslən erməni olan Livan vətəndaşı 2 min 500 dollar pul müqabilində döyüşmək üçün Qarabağa gəlib.

Noyabrın 10-da Şuşada qeyri-rəsmi nikahda yaşadığı Maral Nazaryanla birlikdə Azərbaycan hərbçiləri tərəfindən saxlanılan Viken isə təqsirləndirilən şəxs qismində verdiyi ifadədə ittihamı qəbul etməyib. O bildirib ki, pul müqabilində döyüşməsi barədə ittihamda yazılanlar da, Nazaryanın onun haqqında dedikləri də yalandır. Nazaryanla 5 ildir qeyri-rəsmi ailə kimi yaşadıqlarını və 2020-ci ildə Livandan Ermənistana gəldiklərini deyən Vikenin sözlərinə görə, pandemiya ilə əlaqədar iş yerləri bağlandığına görə Qarabağa köçmüşdülər: "Maralı mənimlə üzləşdirməyiblər. Mənimlə üzləşdirsəydilər, heç vaxt o sözləri deməzdi...".

Maral Nazaryan bu ilin martında azad edilib və Beyruta – evinə qayıdıb.

Azərbaycan ötən il 44 günlük hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti özünə qaytarıb. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG