Keçid linkləri

2017, 17 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:41

QMİ: 'Ərəb turistlər nəzarətdə saxlanmalıdırlar ki, başqa işlər görməsinlər'


«Azərbaycana turist kimi gələn bəzi insanlar burada həftələrlə qalır və müəyyən insanları ətrafına yığır, müəyyən işlər görür və getdikdən sonra da burada tanış olduqları insanlarla əlaqələrini kəsmirlər».

«Report» portalı xəbər verir ki, bunu sentyabrın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev Bakıda keçirilən konfransda deyib.

Sədr müavini bildirib ki, müvafiq orqanlar bu yöndə «ciddi işlər» görməlidirlər:

«Onlar məscidlərə girir, ibadət edir. Həmin məscidlərdə gətirdikləri təbliğat vasitələrini yaymağa çalışırlar. Biz bu məsələyə həssas yanaşmasaq, mənfi nəticələrini görəcəyik».

Ancaq maraqlıdır ki, S.Musayev AzadlıqRadiosuna danışarkən ərəb turistlərin burda təbliğat aparmaları barədə dediklərini təkzib edib. Qurumun sədr müavini yalnız bunları söyləyib:

«Tədbirdə deyilənlər sadəcə ehtiyatlı olmaq üçündür. Bunlar gəlirlərsə, burda nəzarətdə olmalıdırlar. Nəzarətdə saxlanılmalıdırlar ki, başqa işlər görməsinlər».

QMİ sədrinin müavini «başqa iş» dedikdə, nəyi nəzərdə tutur? O, sualın cavabından yayınıb:

«Bunu biz mətbuat üçün deməmişik, sadəcə orda iştirak edənlərə bildirmişik ki, ehtiyatlı olun».

Gündüz İsmayılov
Gündüz İsmayılov

KOMİTƏ: «CAMAAT NAMAZI QILMAQ İSTƏYİBLƏR»

AzadlıqRadiosu bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılova müraciət edib. O bildirib ki, həqiqətən də müsəlman ölkələrindən gələn bəzi turistlər yerli məscidlərdə olublar və orda camaat namazı qılmağa cəhd göstəriblər, «bu isə yolverilməzdir».

«İstər Bakıda, istərsə də bölgələrdə bu hal dəfələrlə müşahidə olunub. Təbii ki, turistin məscidə getməsi normaldır. Amma Dövlət Komitəsinə daxil olan məlumata görə, həmin turistlər bəzi hallarda özləri camaat namazı qılmağa cəhd göstəriblər. Məscidlərdəki rəsmi din xadimləri, o cümlədən başqa rəsmi şəxslər, icma nümayəndələri buna yol verməyiblər. Bu, qəbuledilməzdir. Çünki məscidlərdə camaat namazını yalnız Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi din xadimləri qıla bilər və qıldırmalıdır», - İsmayılov deyir.

O, fikrini belə əsaslandırır:

«Qanunvericiliyə əsasən, məscidin idarəçiliyinə, o cümlədən camaat namazının qılınmasına rəsmi şəxslərdən başqası cəlb edilə bilməz».

Sədr müavininin sözlərinə görə, bəzən bu cür hallarda turistlər yox, onları müşayiət edən şəxslər camaat namazı qılmağa cəhdlər göstərib və bunun qarşısı alınıb.

BU, TƏXRİBATDIR, YOXSA ANLAŞILMAZLIQ?

Komitə sədrinin müavini bunun məqsədli edilib-edilməməsi haqda fikir söyləməkdə çətinlik çəkir:

«Bununla bağlı araşdırmaları biz aparmırıq. Sadəcə, bizim komitəyə belə məlumatlar daxil olub və biz də buna adekvat cavab vermişik».

G.İsmayılov Komitənin yerlərdəki əməkdaşlarını, üstəlik, din xadimlərini təlimatlandırdıqlarını, eləcə də həm QMİ, həm də rəsmi qurumlarla bu məsələni müzakirə etdiklərini bildirir.

Bununla belə, sədr müavini belə insidentlər ucbatından turistlərin Azərbaycana gəlişinə hər hansı məhdudiyyət qoyulmayacağını da xüsusi vurğulayır.

Altay Göyüşov
Altay Göyüşov

ALTAY GÖYÜŞOV: «MÜTLƏQ NAMAZ QILANIN BAŞINDA AZƏRBAYCAN VƏTƏNDAŞI DURMALIDIR?»

«Çıxıb minbərdə xütbə demirsə – xütbəni axund deyə bilər, bu aydındır, bu yerdə müdaxiləni də başa düşürəm – camaat namazı qılmaq olar. Dinə görə, üç nəfər yığılıbsa, içlərindən bir nəfəri seçə bilərlər ki, sən imamlıq et, biz camaat namazı qılaq. Bu adamın din xadimi olub-olmaması vacib deyil, o, üç nəfərin içində hörmət edilən biridir, vəssalam. Elə bir qayda yoxdur ki, camaat namazını mütləq rəsmi şəxs qıla bilər, bunun üçün rəsmi təyin olunmalıdır və s.», - dini məsələlər üzrə ekspert Altay Göyüşov belə deyir.

«Bu, biabırçılıqdır. Necə yəni camaatı namaz qılmağa qoymurlar? Mütləq namaz qılanın başında Azərbaycan vətəndaşı durmalıdır? Bu absurddur», – ekspert əlavə edir.

O, hakimiyyətin narahatlığını, şübhələrini başa düşdüyünü, ancaq seçdiyi yolun doğru olmadığını bildirir. A.Göyüşov deyir ki, Azərbaycanın bəzi bölgələrində əksər vaxtlar məscidlərin qapısı bağlı olur, ancaq bu yolla təhlükəni önləmək mümkün deyil:

«Bu, yol deyil. Həmin ərəb ölkələrində, İranda məscidlərin qapısı həmişə açıq olur. Kim istəyir, girib namazını qılır».

O ki qaldı QMİ rəsmisinin dediyi kimi, turist kimi gələnlərin bəzən burada həftələrlə qalıb müəyyən insanları ətrafına yığmasına, müəyyən işlər görməsinə və getdikdən sonra da burada tanış olduqları insanlarla əlaqələrini kəsməməsinə, A.Göyüşov bunu «narahatlıq doğuran» hal sayır.

«Təbii, narahatlıq var ki, hansısa təhlükəli qruplar və ya başqaları burda məscidlər vasitəsilə əlaqələr qura bilərlər. Bu mümkündür, ola bilər. Sadəcə, bunu elə şəkildə yoluna qoymaq lazımdır ki, absurd görünməsin», – ekspert qeyd edir.

Deyilənlərlə bağlı hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

Rafiq Əliyev
Rafiq Əliyev

RAFİQ ƏLİYEV BİR İL ÖNCƏ DEMİŞDİ Kİ...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev bir il öncə AzadlıqRadiosuna demişdi:

«Mən Azərbaycanda gülençilərdən çox, turizmin ərəbləşməsindən narahatam. Bu gün Azərbaycan İŞİD-in (İraq və Suriyada qanlı terror əməlləri ilə məşhur olan «İslam Dövləti» silahlı qruplaşması - red.) hədəfindədir».

Əliyev əlavə etmişdi ki, Azərbaycan hədəfdə olduğunu bilsə də, təhlükəsizlik tədbirləri görmür.

«Turist axınını, onların davranışını görəndə onlarla heç kimin məşğul olmadığını başa düşürəm. Hotellərin məqsədi pul qazanmaqdır, təhlükəsizlik aşağıdır. Buna görə narahatam, bizdə ciddi mütəxəssis qrupu yoxdur ki, gələnləri nəzarətdə saxlaya bilsinlər. Beşulduzlu hoteldə iki-üç ay qalmağa pul lazımdır. Haradandır o pul 7-8 nəfərlik ailə üçün? Niyə bura gəlirlər? Niyə cavanlar 3 ay yayı burda keçirirlər? İraqda, Suriyada belə varlı insanlar varmı indi? Gəlmək imkanları varmı? Bəlkə Suriya, İraq pasportu ilə başqa ölkələrdən gəlirlər? Niyə Antalyaya, Bodruma getmirlər?», – deyə keçmiş komitə sədri sual etmişdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG