Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:51

Prezidentə sui-qəsd cəhdində günahlandırılanların məhkəməsi başlayıb


Onları Erdoganı öldürməyə cəhddə suçlayırlar
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Onları Erdoğan-ı öldürməyə cəhddə suçlayırlar.

Qərb televiziya kanalları, eləcə də qəzetlər Türkiyədə prezidenti qətlə yetirmək cəhdində günahlandırılan hərbçilərin məhkəməsindən yazır.

İndiyə qədər Türkiyədə yüzlərlə hərbçi çevriliş cəhdinə görə ittiham olunub. Amma prezident Recep Tayyip Erdoğan-a sui-qəsdlə bağlı ilk məhkəmə dünən – fevralın 20-də başlayıb. «The New York Times» qəzeti də bu haqda yazır.

EDAM CƏZASINI TƏLƏB EDİRLƏR

Türkiyədə çevriliş cəhdi keçən il, iyulun 15-də olub. Rəsmilərin dediyinə görə, 47 hərbçi həmin gün Aralıq dənizi sahillərində istirahətdə olan prezidenti öldürməyə hazırlaşırmış. Deyilənə görə, prezident və ailəsi oteli hərbçilər gələnə qədər tərk edib, sonrakı atışmada prezidentin təhlükəsizlik xidmətinin iki əməkdaşı həlak olub. Bütünlükdə qiyam cəhdi zamanı Türkiyədə 240 nəfərin öldüyü bildirilir.

Sui-qəsddə, ölkə konstitusiyasını pozmaqda və terrorçularla əlaqədə ittiham olunan hərbçilərin məhkəməsi ölkənin cənub-qərbində, Muğla şəhərində, amma ticarət palatasının binasında keçirilir, çünki şəhərin məhkəmə zalı o qədər müttəhimi tutmur.

Müttəhimləri zala səliqəli geyim-kecimdə gətiriblər. Onları əllərində bayraq yelləyən 200-ə qədər prezident tərəfdarı qarşılayıb. Onlar hərbçilərə edam cəzası verilməsini tələb ediblər.

Türkiyədə ölüm cəzası 2002-ci ildə, ölkənin Avropa Birliyinə qoşulmaq siyasətinin bir hissəsi kimi ləğv edilib. Amma çevriliş təşəbbüsündən sonra bəziləri bu cəzanın bərpasını təklif edir.

Türkiyədə dövlət çevrilişinə cəhd
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

İTTİHAMLAR

Rəsmi ittihamçılar isə sui-qəsddə suçlanan hərbçilərə ömürlük cəza verilməsini istəyirlər. R.T.Erdoğan-ın şəxsi vəkili Hüseyin Aydın deyib ki, müttəhimlərin niyyətinə şübhə yeri yoxdur, onların otel ətrafındakı əməliyyat zamanı davranışları belə deməyə əsas verir. «Onlar hadisə yerinə prezidenti öldürmək məqsədiylə gəliblər. Türkiyə tarixində ilk dəfədir ki, ordu üzvləri ali baş komandanı – ölkə prezidentini öldürməyə cəhd edirlər», – H.Aydın belə deyib. «Reuters» agentliyinə müsahibəsində vəkil hərbçilərə ən ağır cəza verilməsini istədiyini söyləyib.

Müttəhimlər ittihamı rədd edirlər. Onlardan biri – otelə hücum təşəbbüsünün rəhbəri olduğu güman edilən keçmiş briqada generalı Gökhan Sönmezateş əməliyyatda iştirakını danmayıb, amma prezidenti öldürmək yox, qiyamçıların nəzarətində olan hava bazasına aparmaq niyyətində olduqlarını, həmçinin Gülen-lə bağlılıqları olmadıqlarını söyləyib: «Bu, ölkəmin, xalqımın naminə idi, ölkənin zəifləməsinin qarşısını almaq, rüşvətxorluğa son qoymaq, ölkəmi PKK-dan qorumaq xatirinə idi».

Türk polisi türk əsgərini həbs edir - 16 iyul 2016
Türk polisi türk əsgərini həbs edir - 16 iyul 2016

«UŞAQ KİMİ AĞLAMAQ NİYYƏTİNDƏ DEYİLƏM»

Başqa bir müttəhim, keçmiş mayor Şükrü Seymen də əməlindən peşman olmadığını bildirib: «Bəli, mən çevrilişə cəhd etmişəm. Mənə verilən əmri yerinə yetirmişəm və buna görə oturub uşaq kimi ağlamaq niyyətində deyiləm», – deyən Ş.Seymen də F.Gülen-lə əlaqəsi olmadığını vurğulayıb.

Türkiyə rəsmiləri çevriliş cəhdinin arxasında ilahiyyatçı Fethullah Gülen-in dayandığını bildirirlər. İyuldan bəri Türkiyədə F.Gülen-lə əlaqədə şübhəli bilinən 130 min adam işdən atılıb, 45 min nəfər həbs edilib. Gülen isə ittihamları rədd edir.

Tənqidçilər hökumətin iyul hadisələrindən sui-istifadə etdiyini, prezidentin rəqiblərini aradan götürərək öz hakimiyyətini möhkəmləndirməyə çalışdığını söyləyirlər. Bəziləri hətta bu cəhdin prezident və ətrafındakılar tərəfindən düşünülmüş oyun olduğunu ehtimal edir.

İndi Türkiyə apreldə keçiriləcək referenduma hazırlaşır. Hakim partiyanın təkliflərinə səs verilsə, R.T.Erdoğan-ın həm səlahiyyətləri, həm də prezidentlik müddəti artırılacaq.

XS
SM
MD
LG