Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:54

Putin və Erdoğanın Moskva görüşü Ankaraya nə verdi?


Rusiya və Türkiyə prezidentləri Vladimir Putin (sağda) və Recep Tayyip Erdoğan
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin (sağda) və Recep Tayyip Erdoğan

Moskvada türkiyəli həmkarı Recep Tayyip Erdoğanla danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putin deyib ki, iki lider Suriyanın şimal-qərbindəki İdlib qəzasında vəziyyətin stabilləşdirilməsi planının necə həyata keçiriləcəyini müzakirə edib.

Danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında Putin deyib ki, İdlibdəki “terrorçu qrupların hərəkətlərini ləğv etmək üçün” daha çox iş görülməsi tələb olunur.

Bundan əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi bu region barədə “ciddi narahatlığın qaldığını” bəyan etmişdi. Nazirlik bildirirdi ki, bu əraziyə 2016-cı ilədək əl-Qaedaya bağlı olmuş ən-Nüsrə Cəbhəsi təşkilatı tam nəzarət edir.

Rusiya və Türkiyə, 2011-ci ildə etirazçılara hökumət tərəfindən divan tutulmasının ardınca başlanmış Suriya münaqişəsində qarşı duran tərəfləri dəstəkləyir.

Bu müharibədə 400 mindən artıq insan həyatını itirib. Rusiya Suriya prezidenti Bashar al-Assad-a həlledici diplomatik və hərbi dəstək göstərir. Türkiyə isə Assad hökumətinə qarı çıxan qiyamçıları dəstəkləyir.

Rusiya əsgərlərə İdlibdən qaçan suriyalılara ərzaq paylayırlar, 2018, dekabr
Rusiya əsgərlərə İdlibdən qaçan suriyalılara ərzaq paylayırlar, 2018, dekabr

Lakin Putin və Erdoğan ötən ilin sentyabrında İdlibdə de-eskalasiyaya dair razılaşma əldə ediblər. Bu razılaşma nəticəsində Suriya hökumət qoşunlarının İdlibə hücumunun və beləliklə də, mümkün humanitar fəlakətin qarşısını almaq mümkün olub.

Sözü gedən razılaşma nəticəsində İdlib qəzasında ağır silahlardan təmizlənmiş təhlükəsizlik zonası müəyyən edilib. Razılaşmaya əsasən bu əraziyə Türkiyə silahlı qüvvələri nəzarət etməlidir.

Rusiya və Türkiyə habelə ABŞ prezidenti Donald Trump-ın Birləşmiş Ştatların qoşunlarını Suriyadan çıxarmaq qərarını elan etməsindən sonra bu bölgədə hərəkətlərini koordinasiya etmək barədə razılığa gəlib.

Putin Erdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib ki, koordinasiyaya dair bu razılaşma tətbiq edilərsə, vəziyyətin sabitləşdirilməsinə müsbət təsiri olar.

Putin bunu da deyib ki, iki ölkənin müdafiə nazirləri artıq görüşüblər və İdlibdə spesifik hərəkətlərə, görüləcək tədbirlərə dair danışıqlar aparıblar. Putin bu danışıqların təfərrüatlarına varmayıb.

Erdoğan deyib ki, iki ölkə İdlibdə terrorçu təşkilatlara qarşı döyüşü davam etdirəcək.

Türkiyə prezidenti bunu da əlavə edib ki, Moskva və Ankara arasında əməkdaşlıq “Suriyada sülh və sabitliyin məhək daşıdır”.

Moskva Suriya kürdlərinin Assad-la dialoqunu dəstəkləyir

Erdoğan bu görüşdən əvvəl bildirmışdı ki, o Putinlə Suriyanın şimalında Türkiyənin nəzarətində olacaq “təhlükəsizlik zonasının” yaradılmasını müzakirə edəcək.

Türkiyə prezidenti yanvarın 23-də deyib ki, Ankara və Moskva arasında bu plana dair heç bir fikir ayrılığı yoxdur. Lakin Putin bəyan edib ki, Moskva “Dəməşq rəsmiləri ilə kürd nümayəndələri arasında dialoqa” dəstək verəcək.

ABŞ-a müttəfiq olan Suriya kürdləri Türkiyə ordusunun kürdlərin nəzarətində olan əraziyə hücum edəcəyindən ehtiyatlanırlar.

Türkiyə Suriya kürdlərinin silahlı birləşmələrini separatçı PKK-nın bir qolu hesab edir.

Trump-ın ABŞ qoşunlarını Suriyadan çıxarmaq qərarından sonra dəstəksiz qalan kürd qüvvələri Suriya hökumətindən Türkiyənin mümkün hücumuna qarşı kömək istəyiblər. Onlar hətta strateji Mənbic şəhərinin qapılarını Suriya hökumət qoşunlarına açıblar.

Rusiya zirehli texnikası Mənbic yaxınlığında, 2019, yanvar
Rusiya zirehli texnikası Mənbic yaxınlığında, 2019, yanvar

Kreml Assad qüvvələrinin son altı ildə ilk dəfə Mənbicə daxil olmasını alqışlayıb.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov ötən həftə Türkiyə qoşunlarının Suriyanın şimalı boyunca nəzarəti ələ alması təklifini rədd etmişdi. O bildirmişdi ki, ölkənin şimalına Dəməşqin özü nəzarət edəcək.

Putin yanvarın 23-də bunu da bildirib ki, Rusiya tezliklə Türkiyə və İranın iştirakilə sammit keçirəcək. Bu sammitin dəqiq vaxtı hələki məlum deyil.

Bu görüşdə Putin və Erdoğan bir-birinə “əziz dost” deyə müraciət edirdilər.

Bununla belə, həm Türkiyə, həm Rusiya mediasında iki lider arasında Suriya münaqişəsinin çözümünə dair mövqelərin kifayət qədər fərqli qaldığına dair təhlili yazılar yer alır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG