Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 18:03

Erdoğan-ın mühafizəçiləriylə bağlı insidentə görə iki nəfər saxlanıb


Vaşinqtonda Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın mühafizəçiləriylə etirazçılar arasındakı qarşıdurmayla əlaqədar iki nəfər saxlanıb. DC rəsmilərinin iyunun 14-də bildirdiyinə görə, 10-dan çox mühafizəçiyə ittihamların irəli sürülməsi planlaşdırılır.

Ötən ay Erdoğan-ın Birləşmiş Ştatlara səfəri zamanı Türkiyə səfirinin iqamətgahı qarşısındakı əlbəyaxa döyüş ABŞ-Türkiyə münasibətlərini gərginləşdirdi. Vaşinqton polis rəhbərinin dinc etirazçılara «qəddar hücum» adlandırdığı insidentdə 11 nəfər xəsarət almışdı.

ÖLÜM HƏDƏLƏRİ ALIBMIŞ

Vaşinqton polisi bildirir ki, Virciniyadan olan Sinan Narin-ə fiziki zorakılıq, Nyu-Cersidən Eyup Yıldırım-a isə fiziki zorakılıq və ağır bədən xəsarəti vurmaqla hücum ittihamları irəli sürülüb. Media hər iki şəxsin ötən aykı qarşıdurmada etirazçılar arasında olduğunu yazır.

E.Yıldırım Nyu-Cersidə polis nəzarətindədir. Vəkili David Holman deyib ki, 3 uşaq atası olan Yıldırım biznes sahibidir, yerli icmayla əlaqələri var, həmin insidentlə bağlı ölüm hədələri alıb.

Əlbəyaxa döyüş mayın 16-da Erdoğan Ağ evdə prezident Donald Trump-la görüşdən sonra Türkiyə səfirinin iqamətgahına gələrkən baş verib.

Türkiyə səfirliyi zorakılığa görə nümayişçiləri suçlayıb, onların qadağan olunmuş PKK-ya bağlı olduğunu iddia edib. PKK-nı Türkiyə və ABŞ terror təşkilatı hesab edir. Ancaq etirazçılar PKK-ya hər hansı bağlılığı təkzib ediblər.

10-DAN ÇOX MÜHAFİZƏÇİYƏ İTTİHAM İRƏLİ SÜRÜLƏCƏK

Medianın məlumatına görə, hüquq-mühafizə əməkdaşları iyunun 15-də Türkiyə prezidentinin mühafizəsinin 10-dan çox üzvünə ittihamlar elan edəcək.

Vaşinqtonun meri Muriel Bowser və polis rəhbəri Peter Newsham-ın insidentlə bağlı mətbuat konfransı keçirəcəyi gözlənir.

ABŞ Dövlət Departamenti insidentə qatqısı olanların məsuliyyətə cəlb olunacağını bildirib.

Birləşmiş Ştatların paytaxtında baş vermiş həmin zorakı hadisəni Konqres üzvləri və şəhər rəsmiləri kəskin pisləyiblər. Dövlət Departamenti narahatlığını Türkiyəyə «ən sərt şəkildə» bildirdiyini açıqlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG