Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Erdoğan qətl əmrinin ‘Səudiyyə hökumətinin yüksək səviyyələrindən’ gəldiyini deyir


Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, səudiyyəli müxalifət jurnalisti Jamal Khashoggi-nin öldürülməsi üçün əmr “Səudiyyə hökumətində ən yüksək səviyyədən” verilib. Lakin Erdoğan bu əmrin kralın özündən gəldiyinə inanmadığını əlavə edib.

Türkiyə lideri noyabrın 2-də The Washington Post qəzetində dərc olunmuş məqaləsində bildirir ki, onun ölkəsi jurnalistin İstanbuldakı konsulluğun içində öldürülməsinin təfərrüatlarına işıq salmaq üçün əlindəki bütün imkanları səfərbər edib”.

Prezident yazır: “Nəticədə dünya bildi ki, Khashoggi qatil komandası tərəfindən soyuqqanlıqla öldürülüb və bu da bəlli olub ki, bu qətl əvvəlcədən hazırlanıb”.

Riyad kral ailəsinin bu qətldə hər hansı rolunun olmasını inkar edir və bütün təqsiri “özbaşına” xəfiyyələrin üzərinə qoyur.

Lakin bu qətldə şübhəli bilinən 18 nəfərdən bir çoxunun Səudiyyənin de facto başçısı vəliəhd şahzadə Muhammed bin Salmana bağlı olduqları bəlli olandan bəri onun da üzərinə şübhə kölgəsi düşüb.

Mən bir anlıq da olsa inanmıram ki...

Erdoğan yazıb:“Biz bilirik ki, bu adamlar onların əmrini icra etmək üçün gəliblər: Khashoggi-ni öldürmək və sonra da çıxıb getmək əmrini. Ən nəhayət biz bilirik ki, Khashoggi-nin öldürülməsi əmri Səudiyyə hökumətinin ən yüksək səviyyələrindən gəlib”.

Lakin prezident əlavə edir: “Mən bir anlıq da olsa inanmıram ki, iki müqəddəs məscidin xidmətçisi kral Salman Khashoggi-nin vurulmasına əmr verib”.

Erdoğan daha sonra “bu mənfur hadisənin” bütün detallarının aydınlaşdırılmasının çox önəmli olduğunu vurğulayır:

"Jamal-ın cəsədi haradadır? Səudiyyə rəsmilərinin meyiti ona verdiklərini iddia etdikləri “yerli əlbir” kimdir? Bu incə ruhlu insanın qətlinin əmrini kim verib? Təəssüf ki, Səudiyyə vəzifələliləri bu suallara aydınlıq gətirməkdən imtina edirlər…”

Erdoğan yazır ki, “bəziləri bu cinayəti zamanla unudulub gedəcək bir problem” kimi görürlər:

"Ancaq biz Türkiyədə davam edən bu cinayət təhqiqatını, həm də Jamal-ın ailəsi və onun sevdikləri üçün böyük önəm daşıyan bu sualları soruşmaqda davam edəcəyik. Jamal-ın ölümündən bir ay keçməsinə baxmayaraq biz meyitin harada olmasını hələ də bilmirik. Onun özünün, ən azı islami qaydalarla dəfn olunmaq haqqı vardır”.

Heç kim NATO müttəfiqinin torpağında...

Türkiyə prezidenti yazır ki, Khashoggi-nin qətlini sadəcə olaraq iki ölkə arasında bir problem kimi görmək yanlışdır:

"Bu cinayət Amerika Bilrləşmiş Ştatlarında və başqa bir ölkədə işlənsəydi, həmin ölkənin vəzifəliləri məsələyə aydınlıq gətirərdilər… Heç kim NATO müttəfiqinin torpağında belə bir cinayət işləməyə cürət etməməlidir. Bu xəbərdarlığı qulaqardına vuranlar çox ciddi nəticələrlə üz-üzə qalacaqlar”.

Erdoğan daha sonra vurğulayır ki, bu cinayətin arxa planında nələr olduğunun üzə çıxarılmasına ehtiyac var:

"Watergate qalmaqalı adi bir oğurluqdan daha böyük cinayət olduğu kimi, 11 sentyabr terror hücumlarını törədənlərin yalnız təyyarə qaçıranlardan ibarət olmadığı kimi, Jamal Khashoggi cinayətində də bir ovuc təhlükəsizlik rəsmisindən daha çox adamın barmağı vardır”.

The Washington Post qəzetinin köşə yazarı və faktiki olaraq Səudiyyə Ərəbistanına rəhbərlik edən vəliəhd şahzadə Muhammad bin Salman-ın qatı tənqidçisi Khashoggi oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğuna gedəndən sonra yoxa çıxıb.

O konsulluğa türkliyəli nişanlısı ilə nikahını rəsmiləşdirmək məqsədilə lazımi sənədləri hazırlamaq üçün getmişdi.

İstanbulun baş prokuroru deyib ki, səudiyyəli jurnalist Jamal Khashoggi-ni Səudiyyənin İstanbul konsulluğuna daxil olan kimi boğmuş və meyitini doğrayaraq “hissələrə ayırmışlar”.

Baş prokuror Irfan Fidan oktyabrın 31-də deyib ki, bu qətl əvvəlcədən planlaşdırılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG