Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 23:36

ABŞ Erdoğanın cangüdənlərindən narazılıq etdi (VİDEO)


Birləşmiş Ştatlar Vaşinqtonda prezident Recep Tayyib Erdoğanın mühafizə dəstəsinin üzvləri ilə anti-Erdoğan etirazçılar arasında baş vermiş toqquşmanın ardınca Türkiyəyə “mümkün olan ən sərt bir şəkildə” narahatlığını ifadə edib.

Dövlət Departamentinin sözçüsü Heather Nauertdeyib ki, “zorakılıq heç vaxt azad sözə adekvat reaksiya sayıla bilməz və biz hər bir yerdə adamların ifadə azadlığı və dinc etirazını dəstəkləyirik”.

AzadlıqRadiosu bildirir ki, mayın 17-də Ağ Evdə Donald Trump-la görüşən Erdoğanın səfərinə onun cangüdənləri ilə kürdyönlü nümayişçilər arasında düşən dava-dalaş kölgə salıb.

Şahidlər bildirirlər ki, Türkiyə cangüdənləri Vaşinqton polisinin zəncirini yararaq etirazçılara təpik və yumruq atıblar.

Polis sözçüsü baş vermiş hadisəni “dinc etiraz üzərinə qaba hücum” kimi qiymətləndirib və əlavə edib ki, müstəntiqlər şübhəlilərin aşkar edilməsi və dindirilməsi məqsədilə videomaterialları öyrənirlər.

Bu hadisə zamanı Erdoğanın dəstəsindən olmayan iki nəfər həbs olunub və 11 nəfər xəsarət alıb.

Xanım Nauert deyib ki, "biz narahatlığımızı ən sərt bir şəkildə Türkiyə hökumətinə çatdırmışıq”.

Ziddiyyətli məlumatlar

Türkiyənin dövlət Anadolu xəbər agentliyinin mayın 17-də yaydığı məlumatda deyilir ki, sözü gedən insident etirazçıların “təxribatçı hərəkətləri” nəticəsində baş verib.

ABŞ-ın NBC şəbəkəsi xəbər verib ki, toqquşma baş verərkən Erdoğan Vaşinqtonun şimalında yerləşən Türkiyə səfirliyinin binasında olub və ora yığışan türkyönlü aksiyaçılar prezidenti salamlamaq üçün gəldiklərini deyiblər.

Xəbərdə deyilir ki, anti-Erdoğan etirazçılar kürdyönlü Xalq Demokratik Partiyası - HDP-nin tərəfdarları idilər və aralarında Amerika erməniləri də vardı.

Vaşinqtonda mənzillənmiş Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparian deyib ki, onun çəkidiyi videoda Erdoğan tərəfdarları olduqları güman edilən şəxslərin “dinc etirazçılar” üzərinə hücum çəkdiyi görünür.

Hamparian deyib ki, "belə bir zorakılığın Türkiyədə baş verməsi də dəhşətli bir şey sayılardı, amma zorakılığın Amerikaya ixrac edilməsi bundan da pisdir”.

Türkiyəyönlü nümayişçilərdən Busra Eren isə deyib ki, guya “YPG tərəfdarlarından biri qaçaraq gəlib və səsucaldanı qaparaq Türkiyə vətəndaşının başına vurub”.

Vaşinqtonda yaşayan Günay Evinc isə bildirib ki, “anti-Erdoğan təxribatçılar istədiklərinə nail olublar, yəni onlara reaksiya verilib”.

Yezidi kürd nümayişçi Lucy Usoyan isə ABŞ televiziyasına bildirib ki, Erdoğan tərəfdarları onlara hücum çəkiblər.

Anadolu agentlyinin xəbərində isə deyilir ki, Erdoğanın mühafizəsi Amerika polisinin vəziyyətlə bacarmadığını gördükdə “müdaxilə” edib.

Lakin bu Erdoğan cangüdənlərinin Amerikadakı ilk “müdaxiləsi” deyil. 2016-cı ilin martında Erdoğanın cangüdənləri Brookings İnstitutunun yaxınlığında etirazçılar və jurnalistlərlə toqquşmuşdular.

Günün bütün mövzuları

XS
SM
MD
LG