Türkiyə prezidenti Recep Tayyip Erdoğan Kiyevdə ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə görüşüb.
İki lider danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.
Ukrayna prezidenti mətbuat konfransında deyib ki, danışıqlar zamanı müzakirə olunan məsələlərdən biri də Rusiyanın Krımı ilhaq etməsi və Donbas münaqişəsi idi.
Zelenskiy Ukraynanın Rusiya ilə münaqişəsində Türkiyənin tutduğu mövqeyə görə Erdoğana təşəkkürünü bildirib.
Türkiyə Krımın ilhaqını tanımır
AzadlıqRadiosunun Rus xidməti yazır ki, Zelenskiy-nin sözlərinə görə Türkiyə Rusiyada Krım tatarları da daxil, həbsdə olan və saxlanan Ukrayna vətəndaşlarının azad edilməsində kömək etməyə hazır olduğunu bildirib.
Erdoğan deyib ki, Türkiyə Krımın Rusiya tərəfindən ilhaq olunmasını tanımır və Ukraynanın apardığı islahatları dəstəkləyir.
Bu da xəbər verilir ki, danışıqlardan əvvəl Erdoğan fəxri qarovula “Ukraynaya eşq olsun!” şüarı ilə müraciət edib.
Ukrayna əsgərləri “Qəhrəmanlara eşq olsun!” salamı ilə cavab veriblər.
Zelenskiy mətbuat konfransında habelə Suriyada 6 Türkiyə əsgərinin həlak olması ilə bağlı Erdoğana öz ölkəsinin başsağlığını bildirib.
AzadlıqRadiosu diqqəti belə bir məqama çəkir ki, Erdoğanın Ukraynaya səfəri Suriyadakı vəziyyətlə bağlı Moskva və Ankara arasında münasibətlərin mürrəkəb olduğu zamana təsadüf edir.
Türkiyə Rusiyanı Suriya hökumət qoşunlarının İdlibdəki müxalifət üzərinə hücumlarının qarşısını almamaqda ittiham edir.
Bashar al-Assad qüvvələrinin bu hücumu zamanı 6 Türkiyə hərbçisi də həlak olub.
Bu hərbçilər müşahidə postunda idilər.
Erdoğan xəbərdarlıq edib ki, Türkiyə bu hərəkətlərə cavab verməyə hazırdır.