Keçid linkləri

Təcili xəbərlər
2020, 06 Avqust, Cümə axşamı, Bakı vaxtı 02:31

Ənvər Əliyev: 'Nə o otağı görmüşəm, nə də ordan xəbərim olub'


Meydan hərəkatı, 1988-89

-"Nə Hatəmi, nə də Rüstəmxanlı ömürlərində bir dəfə mitinq edə biliblər. Tam məsuliyyətlə deyirəm ki, nə o otağı görmüşəm, nə də ordan xəbərim olub. Siz nə danışırsınız? 70 nəfərlik dəstəylə dəfələrlə Mərkəzi Komitəyə hücum etmişik. Amma axşama kimi hökumətin yanında olanlar hardaydı bilinmir".

Bu il Meydan Hərəkatının 30 ili tamam olur. Bu gün Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur. AzadlıqRadiosu 17 noyabrdan dekabrın 5-dək davam edən mitinqin iştirakçılarından biri, “Meydan sirləri” kitabının müəllifi Ənvər Əliyev-dən müsahibə alıb.

Ənvər Əliyev, 17 noyabr 2010
Ənvər Əliyev, 17 noyabr 2010

Ənvər bəy, 30 il sonra o hadisələrə hansı müstəvidən baxırsınız? Hadisələrə baxışınızda nəsə dəyişib?

-30 il keçdi. Biz doğrudan da elə tarix yazmışıq ki, heç vaxt Azərbaycan xalqı onu unutmayacaq. Təsadüfən alındı. Onun miqyası, baş tutub-tutmayacağı, rəğbətlə qarşılanması ağlımıza da gəlməzdi. Bilməzdik ki, ora 800 min, milyon adam yığılacaq, orda adamlar doğmalaşacaq, sonra da dövlətimiz ona çox yüksək qiymət verəcək, bu gün əbədiləşəcək. Bu yol bizi müstəqilliyə doğru çəkirdi. Müstəqillik də millətin şəxsiyyət vəsiqəsidir, özünütəsdiqidir, ləyaqət hissidir. Təəssüf ki, 30 il sonra belə şeylərə baxan yoxdur, qiymətləndirən azdır, ironiya ilə yanaşırlar. Ən dəhşətlisi odur ki, hərəkata ona böhtan atırlar, ləkələyirlər. Dövlət, doğrusu, ona çox da ləkə atmayıb. Orda yüksələnlər, adları tarixə düşənlər indi bir-birinə böhtan atırlar. Su zir-zibili kənara atdığı kimi zaman da hər şeyi yerinə qoyacaq.

-Niyə böhtan atırlar?

-Onlar sonradan hökumətin təhriki ilə ora gələnlər, atılanlar idi. O mitinq gözəl niyyətlərlə başlamışdı. Sonradan biri orda pul yığdı, biri artıq-əskik qadınları, biri də narkomanları gətirdi ora. Heç kimi qınamaq olmur. Cəmiyyət ayrı-ayrı təbəqələrdən formalaşıb. Guya başlanğıcda 20 yanvar hadisələrini indiki kimi qəbul edirdilər? Azərbaycan rəhbərləri deyirdilər ki, onu narkomanlar təşkil edib. Vaxt gələcək, bu hadisələrə böhtan atanlar da utanacaqlar. O hadisələrdə iynənin ucu boyda ləkəli bir şey yox idi. O, Allahın bir işi idi, qəflətən Azərbaycan xalqını imtahana çəkdi, ləyaqətli oğulları da ondan xalqı alnıaçıq çıxardı. Ordakı insanlar fədakar idilər. Qarın-yağışın altında gecə-gündüz demədən orda oldular. Əzablı yol idi.

-Sizin meydana getməyiniz də deyəsən, asan olmayıb, meydana gedərkən yaralanmısız.

-Altı-yeddi yerdə qabağımızı kəsdilər, döydülər, şüarlarımızı əlimizdən aldılar, qarnımıza təpiklər, yumruqlar vurdular. Ən çox hücuma məruz qalan mən idim. Parlamentin qabağında başım yerə dəydi. Huşum itdi. Sonra bir nəfər məni tramvaya mindirib gətirmişdi Axundov bağına. Şəhər dolu idi XTPD-çilərlə, milislə. O gün Allah da bizə kömək oldu. İlin ən gözəl noyabr günlərindən biri oldu, al günəş çıxmışdı, ruh yüksəkliyi vardı. Mitinq edənlər parlamentin qabağında dayanmalı idik. Amma sonra yol açıldı, düşdük üzü “Baksovet” tərəfə. Bəzən hansısa qüvvə haqq-ədaləti yerinə qoymaq üçün insana kömək edir. Bax, bu da elə qüvvə idi. İndi də buna möcüzə kimi baxıram.

Lenin meydanı (indiki Azadlıq meydanı) AXC-nin mitinqi, 6 sentyabr 1989
Lenin meydanı (indiki Azadlıq meydanı) AXC-nin mitinqi, 6 sentyabr 1989

-Belə başa düşmək olar ki, Azadlıq Meydanına – o vaxtkı Lenin Meydanına getməyiniz spontan olub. Bəs orda qalmağı planlaşdırırdınızmı?

-Axşamdan razılaşdırmışdıq, Akademiyada iclasda elan etmişdik ki, orda gecələyəcəyik. Mən çıxışımda dedim ki, a kişi, bizim torpaqlarımızı almaq istəyənlər gecə-gündüz küçələrdə dayanıb, ac-susuz durur, çalıb-oynayır. Biz də yığışaq. Axşamdan hazırlaşmışdıq, plakatlar yazılmışdı, planlaşdırmışdıq ki, 10-15 gün orda dayanaq, cibimizə də çörək pulu qoyaq, peraşkiylə- zadla dolanarıq. İstintaqda Nemət (Pənahlı) deyirdi ki, bunlar hardan bilib hazırlıq görmüşdülər?.. Camaat bizə elə qulluq etdi ki, yeyə bilmədiklərimizi gətirdilər - biz onda subay idik, aspirant idik, - isti yemək, çay gətirirdilər, əlimizi tutub ovuşdururdular. Bir sözlə, canlı mexanizm yaranmışdı. İndi də buna yuxu kimi baxıram. Cavan qızlar elə davranırdılar, məəttəl qalırdım. İndi onu yazmaq, demək çox çətindir. Cəsarətliydilər, qayğıkeşiydilər. Polis üstümüzə töküləndə, 18-19 yaşlı tələbələri elə qoruyurdular, quş balasını qanadları ilə qoruduğu kimi. Onu görmək, yaşamaq lazım idi...

-Siz o meydanı iki gün idarə etdikdən sonra niyə geri çəkildiniz?

-Mən yolda yaralanmışdım. İki sutka çörək yeməmişdim. Məsuliyyət vardı, Sumqayıt hadisələri yeni olmuşdu, deyirdilər, Sumqayıtda da hər şey belə başladı, qorxudan ətrafdakılar çəkildi qırağa. Biz deyirdik, uzaqbaşı meydana 10-15 min adam toplaşarıq, çaydan-zaddan içib bulkadan yeyib dağılışarıq, bəzimiz gedər, bəzimiz qalar gecəni meydanda, səhər yenə yığışarıq... Sabir Rüstəmxanlı, Nemət çox əlləşirdi, Əbülfəz bəy (Elçibəy) hələ tanınmırdı. Onları mən təqdim edirdim. Dedim ki, evə gedim, qarnımdan ağır zərbə almışam, bir az özümə gəlim qayıdacam. Gələndə məni nə polis meydana buraxdı, nə də mikrofondakılar həndəvərlərinə yaxın qoydular. Neyləyə bilərdim? Rəhmətlik Bəxtiyar müəllim, Xəlil Rza nə qədər etdi ki, məni buraxsınlar, qoymurdular. Tapşırmışdılar.

-Kim tapşırmışdı?

-Qıp-qırmızı polkovnik vardı, o deyirdi ki, olmaz. Neyləyə bilərdim. Dövlət güclü idi. Dövlətin içində “KQB” var idi, milis vardı, güclü qüvvələr vardı.


-Necə olurdu ki, Sabir Rüstəmxanlı, Nemət Pənahlı danışa bilirdi, sizi qoymurdular?

-Sonradan Nemət Pənahlı dedi ki, Vəzirovla 13 dəfə görüşüb, Sabir Rüstəmxanlı dedi ki, məni partiya, hökumət təyin etdi, sakitlik yaradım deyə. Hətta dedilər ki, 1988-ci ilin fevralında hökumət, Mərkəzi Komitə bunları yığıb, tapşırıqlar veriblər, mitinqlər ola bilər deyə ordakıları ələ almağı tapşırıblar. Özlərinin ifadəsindən danışıram. Onların dalında dövlət dururdu. Polis məni buraxası deyildi ki...

-Hatəmi Tantəkin yazır ki, Ənvər Əliyev və dostları mitinqi gün yarım idarə edə bildilər. Ancaq daha sonra davam edir: “Özlərinin təşkil etdiyi mitinqin əngələ dönüşdüyünü görən dövlət adamları tribunanın altındakı deputat otağında Ənvərə nə demiş, nə təpinmişdilərsə, o, Sabir Rüstəmxanlı, Nemət Pənahov ikinci gün günortadan sonra mitinqi dağıtmaq istəyirdilər”. Hökumət adamları ilə belə görüş olmuşdumu? Sizə mitinqin dağıdılması ilə bağlı nəsə demişdilərmi?

-Onlar hamısı yalandır. Onların heç birinin o mitinqdən xəbəri yoxdur, ona görə şayiələr yazırlar. Hatəmi mənə Ədəbiyyat İnstitutunun qabağında qoşuldu. Mən 1988-ci ildəki mitinqlərin qabağında getmişəm, təşkilatçı olmuşam. Nə Hatəmi, nə də Rüstəmxanlı ömürlərində bir dəfə mitinq edə biliblər. Tam məsuliyyətlə deyirəm ki, nə o otağı görmüşəm, nə də ordan xəbərim olub. Siz nə danışırsınız? 70 nəfərlik dəstəylə dəfələrlə Mərkəzi Komitəyə hücum etmişik. Amma axşama kimi hökumətin yanında olanlar hardaydı, bilinmir. Onların nə o mitinqin ideyasından, nə də mahiyyətindən xəbəri vardı. Bu deyilənlər böhtandır. Mənim deputat otağında olmağımı ikinci adam təsdiqləyə bilməz. Mitinqin dördüncü, beşinci günündə Nemət, Əbülfəz, Sabir Rüstəmxanlı, Bəxtiyar Vahabzadə - Allah rəhmət etsin, onu da yoldan çıxardılar – gecə-gündüz çığırırdılar ki, meydanı dağıdın.

-Ənvər bəy, siz sonradan Sabir Rüstəmxanlının sədr olduğu Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, MSK-da onun təmsilçisi olmusunuz. Onu hökumətə işləməkdə ittiham edə-edə necə Sabir Rüstəmxanlının partiyasına üzv oldunuz?

-Mən onda hələ bilmirdim ki, Sabir müəllim... İkincisi də, mən onun ifadəsini oxuyandan sonra başa düşdüm hər şeyi. O zaman Sabir kimi yazıçı adamlar hörmətli idi, nəinki partiya üzvləri. Sabir Rüstəmxanlının partiyasında olmayıb harda olacaqdım? Əbülfəz çox ağır, təhqiramiz ifadə vermişdi. Müsavat da yaranmamışdı hələ...

Əbülfəz Elçibəy, Baku – 17 noyabr 1989
Əbülfəz Elçibəy, Baku – 17 noyabr 1989

Əbülfəz Elçibəy istintaqda nə demişdi?

-Demişdi ki, bunlar erməniləri təhqir edirdilər və s. Mənim tərəfimi saxlayan, mitinqə bəraət verən bir adam yox idi. Məni ittiham edirdilər. Tək-tük adamlar tərəfimi saxlayırdı, onlar da fəhlələr idi. Mənim psixologiyamı bəhanə edib mitinqdən sonra psixiatriya dispanserinə göndərdilər, 20 günlük. Gördülər nə araq içirəm, nə də siqaret çəkirəm, narkodispanserə ata bilmədilər, ancaq psixodispanserə göndərdilər.

XS
SM
MD
LG