Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 11:52

Yaxşı niyyətlər, yoxsa daha bir aldanış?


Azərbaycanın birinci vise-prezidenti Mehriban Əliyeva
Azərbaycanın birinci vise-prezidenti Mehriban Əliyeva

Bütün ötən il ərzində Azərbaycan hakimiyyətinin daxili siyasətində meritokratik bir meyl yaranıb. Məsələn, özünü hər hansı bir sahədə uğurlu göstərə bilmiş gənc mütəxəssis dövlət xidmətinə, çox vaxt rəhbər posta dəvət olunur. Hakimiyyətdəki bu meyllər ölkədə birinci vise-prezident vəzifəsinə təyinatdan sonra özünü göstərməyə başlayıb.

Ölkənin əməkçi bazarındakı son dərəcə çətin vəziyyət nəzərə alınarsa, (rəsmi rəqəmlərə görə Azərbaycanda işsizlik 40 min nəfər göstərilsə də, əhalinin 30 faizini təşkil edir) bu meyli müsbət bir hal hesab etmək olar. Lakin burada bir məqam var. Adətən belə dəvətləri ya müxalifət partiyalarında və hərəkatlarında olanlara və ya hakim YAP-ın yayğın neo-kommunist ideologiyasından kənarda formalaşmış rəğbətli müstəqil şəxslərə edirlər.

Dövlət xidməti hələ SSRİ vaxtlarından özlüyündə imtiyazlı bir iş sayılır, müəyyən status verir və bu günün Azərbaycanında belə inanclar güclü olaraq qalır. Bunun öz obyektiv səbəbləri var. Geniş yayılmış korrupsiyaya və müstəqil məhkəmələrin olmamasına görə fərdi biznes qurmağın mürəkkəbliyi, əhalinin ölkə ərazisində qeyri-mütənasib paylanması, mədəniyyət xürafatları və köhnəlmiş adətlər ucbatından dövlət xidməti 18-30 yaşları arasında olanlar üçün arzuların zirvəsini təşkil edir.

Azərbaycanda sürətlə korlanan iqtisadi vəziyyət, azad media və QHT-lərin yoxluğu, vətəndaş cəmiyyəti üzərinə davam edən təzyiq və siyasi fəalların açıq repressiyası nəzərə alınarsa, nazirliklərdən, dövlət təsisatlarından və ya hakim ailəyə məxsus özəl şirkətlərdən birində post tutmaq cəlbedici imkan kimi görünə bilər. Üstəlik də indi yaxın keçmişdən fərqli olaraq işə götürülmək prosesi tam loyallıq, hakim partiyaya üzvlük və pencəyin yaxasında Heydər Əliyevin nişanını gəzdirmək tələbinin əvəzinə, ən azı ilk baxışda meritokratik niyyətlər əsasında aparılır.

Potensial işçidən maksimum tələb sosial mediada səs-küyly statusların yazılması və ya üzvü olduğu müxalifət partiyasını tərk etməsi deyildir. Lakin özü də klan müharibəsi demontajı mərhələsində olan avtoritar dövlətdə sistematik islahatların olmaması, özünəgüvənli mütəxəssisin təklifi qəbul edəcəyi təqdirdə müstəqil qala bilməsi üçün riski artırmış olur. Bir vaxtlar peşəkarların Heydər Əlieyev Fondu başçısının mühitini, vəzifələri lazımınca icra etmək imkanının, aydın liderliyin olmamasına və məqsədlər barədə anlaşılmazlığa görə tərk etdikləri presedentlər olub.

Bunun ən son əyani nümunələrindən biri də Yusif Məmmədəliyevdir. Mehriban Əliyevanın katibliyində gənclər siyasəti departamentinin başçısı olan, həm də tanınmış elmi intellektuallar ailəsindən çıxmış bu uğurlu gəncin adı, o, jurnalist Xədicə İsmayılovanın teatr tamaşasına buraxılmasına icazə vermədikdən sonra qalmaqalda hallanıb.

Sosial şəbəkələr məktəblərdə mövcud olan və hətta artan korrupsiya hallarından, bu yaxınlaradək təhsil naziri olmuş Mikayıl Cabbarovun arvadının şəxsi biznesindən yazırlar. Birinci ledinin komandasına daxil Cabbarov bu nazirliyə 4 il rəhbərlik edib.

“Kim bizimlə deyildirsə, bizə qarşıdır” şüarını özünə bayraq edən və hakimiyyətin real islahatlara tərəf azsaylı pozitiv addımlarını qəbul edənlərə maneə yaradan ənənəvi müxalifətin əsas hissəsinin marginallaşdırılması da, öz növbəsində hakim partiyanın qanadı altında olan və nəhayət öz ölkəsi üçün real mənfəət gətirəcəyinə ümid bağlayan uğurlu gəncliyi gücləndirmiş olur.

Bəzi ekspertlər bu prosesi pozitiv hesab edir və onu “yuxarıdan məcburi könüllü islahat” adlandırırlar. Lakin bir başqaları belə bir narahatlıq ifadə edirlər ki, elita komandasının yüksək maaşlı, sosial imtiyazlı üzvünə çevrilməsi, dünənki azadfikirlilərin, başqa bir yeni sahibkar istəmirlərsə, həqiqi və güzəştsiz demokratik islahatlardan soyumasına səbəb ola bilər.

Son üç ildə gənc nəslin ölkədən mühacirət etməsinin həqiqətən də qorxulu miqyas götürməsi və həm də özünün həlledici fazasına qədəm qoymuş klan müharibəsinin kulminasiyaya yaxınlaşması böyük bir ehtimalla birinci ledinin ailəsinin Azərbaycanın ictimai və siyasi həyatında tam dominantlığı ilə başa çatacaq. Bu məsələ ölkənin yeni potensial sahiblərini ciddi şəkildə narahat edir.

Şərti Paşayevlər klanı kiçikdir, regional bağları yoxdur və ən mühümü, “neoaristokratiyaya” yaxınlıq aurası ucbatından, praktik baxımdan sadə insanlarla təmas nöqtələrinə malik deyil. Üstəlik ailənin dövlət inzibatçılığı təcrübəsi yoxdur, lakin eyni zamanda o, Heydər Əliyevin son 40 ildə Azərbaycana hakim olmuş və cəmiyyətdə dərin kök atmış korrupsiya metodlarına meylli deyil və aydın təşəkkül tapmış seçici bazası yoxdur.

Son üç ildə onun siyasi partiyasının prototipinin yaradılması üçün edilən zəif cəhdlər uğursuzluqla nəticələnib və Mehriban Əliyeva hazırda klan mübarizəsində olduğu şəxslərlə birlikdə xəyali “Yeni Azərbaycan Partiyasının” sədr müavinliyində qalmağa məcbur olub.

Buna görə də gənc müstəqil texnokratların və intellektualların cəlb edilməsi nəinki məntiqli, həm də Qərbdə islahatçı imicinin yaradılması üçün zəruridir. Qərbin rəyi birinci vise-prezident və onun ailəsi üçün son dərəcə mühümdür.

Əsas sual yeni vise-prezident komandası memarlarının öz niyyətlərində nə dərəcədə səmimi olmasıdır? Onlar yeni dövlət idarəçiliyini, son 20 ildə dövlət və mülki təsisatların , ədliyyə sisteminin, iqtisadiyyat və mədəni-tarixi irsin sistematik dağılmasını seyr etmiş gənclərə etibar etməyə hazırdırlarmı? Yoxsa bütün bunlar taxt-tacın ötürülməsi prosesinə təntənəli demokratik görüntü vermək və yeni müxalifəti onun debatlarda və forumlarda, art-kafelərdə və klublarda kortəbii təşəkkül tapmış intellektual özəyindən məhrum etmək üçündür? Biz bunun tezliklə şahidi olacağıq.

Emin Babayev, ReAl hərəkatı
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG