Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 16:56

Emin Aslanov: ‘Mənə işgəncə verilməyib, amma...’


Emin Aslanov

"Məni "bandotdel"də ( Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-R) əsasən "Meydan TV", Amerikada təhsil almağım barədə sorğu-sual etdilər", - bunu gənc fəal Emin Aslanov (Aslan) iyunun 8-də Bakı Apellyasiya Məhkəməsində 30 günlük inzibati həbsi haqda qərardan verilmiş şikayətə baxılarkən deyib.

O bildirib ki, Nərimanov Rayon Məhkəməsinin qərarında onun iyunun 5-də Nərimanov parkında söyüş söydüyü və bu səbəbdən saxlandığı yazılsa da, bu yalandır:

"Mən ayın 4-də saxlanmışam. Nişanlanacağım xanımla birlikdə "Park Bulvar"ın qarşısında olarkən dörd nəfər mülki geyimli yaxınlaşdı, onlarla birlikdə getməyimi tələb etdilər. Mən də heç bir müqavimət göstərmədən razılaşıb getdim. Məni "bandotdel"ə apardılar. Bir qədər sonra bir nəfərin yanına apardılar, niyə Amerikada oxumağım, kimin dəstək verməsi, Meydan TV ilə əlaqələrim barədə soruşdular. Dedim ki, əvvəllər ora köşə yazıları yazmışam, iki ildir heç bir əlaqəm yoxdur. Soruşdular ki, oradan kimləri tanıyıram, nə qədər maaş alırlar, Emin Milli barədə suallar verdilər".

Emin Aslanovun sözlərinə görə, bir gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin zirzəmisində saxlandıqdan sonra onu Nərimanov Rayon Məhkəməsinə aparıblar. Ondan öncə isə ona idarədə inzibati xətaya yol verməsi barədə izahat yazdırıldığını vurğulayıb:

"Mənə işgəncə verilməyib, amma öncədən mətbuatdan oradakı ab-hava barədə oxuduqlarımdan bilirdim ki, müqavimət göstərmək mənasızdır, ona görə nə dedilərsə, yazdım. Hətta Nərimanov məhkəməsinin qərarından sonra əməkdaşlardan biri dedi ki, "sən cek-pot uddun, başqa cür ola bilərdi".

Vəkil Elçin Sadıqov isə apellyasiya şikayətini müdafiə edərək, Nərimanov Rayon Məhkəməsinin qərarının ləğvini, Emin Aslanovu saxlayan polis əməkdaşları barədə tədbir görülməsindən ötrü xüsusi qərar çıxarılmasını istəyib:

"Bu qərarda adı olan polis əməkdaşı Şahlar Cəfərov fevral ayında tamamilə eyni ssenari ilə Səbuhi Zeynalov haqqında protokol hazırlayıb. Guya o da Nərimanov parkında söyüş söyüb və sair. Eyni protokoldu, adlar dəyişib. Görünür yeni ssenari düşünə bilmirlər".

Səbuhi Zeynalov bloqqer Orduxan Temirxanın qohumudur. Vəkil apellyasiya şikayətinə səkkiz vəsatət əlavə edib. O bildirib ki, onlar təmin olunsa, istədikləri şahidlər dindirilsə, Emin Aslanovun haqqındakı məhkəmə qərarında yazılanların yalan olduğu üzə çıxacaq.

Lakin hakim Namiq Məmmədov nə vəsatətləri təmin edib, nə dəapellyasiya şikayətini. Məhkəmə qərarında yalnız saxlanma vaxtı ilə bağlı bir saatlıq dəyişiklik olub.

Nazir nə demişdi?

Məhkəmə prosesində səslənən fikirlərə, hələlik, Daxili İşlər Nazirliyi və Nərimanov Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb

Ancaq daxili işlər naziri Ramil Usubov bu günlərdə İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən məqsədlərini belə izah edib:

“Tutulan və ya həbs edilən şəxslərin qanunla müəyyən edilmiş hüquqlarının tam təmin edilməsi, onların kobud rəftara, işgəncəyə məruz qalmaması Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinin xüsusi nəzarətindədir”

Xatırlatma

E.Aslanov iyunun 4-də günortadan sonra «Park Bulvar» alış-veriş mərkəzində özlərini təqdim etməyən 3 nəfərin saxladığı bildirilirdi.

Yaxınlarının dediyinə görə, onlar hadisə ilə bağlı hələ iyunun 4-də Daxili İşlər Nazirliyinə (DİN) müraciət etmişdilər. Verilən məlumata görə, onlara nazirliyin «102» xidmətindən ərazi üzrə polisə müraciət olunması tövsiyə olunmuşdu.

Üstəlik, E.Aslanovun vəkili onun saxlandığı ehtimal edilən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə də getmişdi. Ancaq dostlarının bildirməsinə görə, əvvəlcə hüquqşünasın bu idarədə saxlandığı təsdiq edilməmişdi. Sonradan isə onun elə həmin idarədə olduğu açıqlandı.

İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə günahlandırılan E.Aslanova Nərimanov Rayon Məhkəməsi iyunun 5-də 30 sutka inzibati həbs verib.

Onun məhkəməsinin vəkilinin iştirakı olmadan keçirildiyi bildirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG