Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:42

Elvin İbrahimov Azərbaycana təhvil verilib


Azərbaycan İran sərhəddi, 10 mart 2019
Azərbaycan İran sərhəddi, 10 mart 2019

2019-cu il martın 16-da Ermənistanda saxlanan Azərbaycan vətəndaşı Elvin İbrahimov iyunun 28-də Azərbaycana qaytarılıb.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda bildirilir.

Məlumata görə, bu Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılıq əsasında baş verib.

Komissiya bildirir ki, Azərbaycan tərəfi də 2017-ci il iyunun 20-də saxlanmış Ermənistan vətəndaşı Zaven Karapetyanı onlara təhvil verib.

“Humanitar proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Sərhəd Xidməti tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir”, məlumatda yazılıb.

Açıqlamaya görə, girov götürülərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralandığı, həmçinin saxlanarkən bir neçə dəfə cərrahi əməliyyata məruz qaldığından Elvin İbrahimov təcili olaraq xəstəxanaya yerləşdiriib.

MƏDƏSİNDƏN "YAD CİSİM" ÇIXARILIB

Bir müddət öncə Azadlıq Radiosunun Ermənistan xidməti də xəbər vermişdi ki, bu ölkədə “dövlət sərhədini qanunsuz keçdiyinə görə” həbsdə olan Azərbaycan vətəndaşı Elvin İbrahimov Yerevandakı Erebunu tibb mərkəzinə gətirilib. Ermənistan Ədliyyə Nazirliyinin məlumatına görə, tibbi müayinə zamanı İbrahimova təcili cərrahiyyə əməliyyatının lazım olduğu müəyyənləşdirilib.

Xəbərdə bu da bildirilirdi ki, cərrahiyyə əməliyyatı nəticəsində onun mədəsindəki “yad cisim” çıxarılıb. Məlumatda habelə qeyd edilirdi ki, “xəstəyə lazımi qayğı göstərilir və o, həkimlərin daimi nəzarəti altındadır, vəziyyəti sabitdir”.

Bu il martın 16-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da Azərbaycanın Ermənistanla sərhəddini pozan Elvin İbrahimov haqqında məlumat yaymışdı.

Komissiya bildirirdi ki, onlara daxil olmuş məlumata görə, Azərbaycan vətəndaşı Elvin İbrahimov martın 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistanın Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib:

“E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyati beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər. Aparılmış ilkin araşdırma zamanı məlum olmuşdur ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır...”

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz mövqe tutub. Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG