Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:30

'Dedilər ki, ərizəni geri götür, götürmədi, uşağı bu günə qoydular'


İllüstrasiya
İllüstrasiya

Mərhum Elmir Axundovun bacısı Ülviyyə Axundova DİN və Baş Prokurorluğun bu gün, sentyabrın 27-də yaydıqları birgə açıqlaması ilə bağlı danışıb. O, qardaşının polisə izahata çağırılmazdan əvvəl döyüldüyünü təsdiq edib.

“Polisə dəstəkdə işləyən onun başına bir yumruq vurub. Bu adamla dalaşmışdılar, bircə yumruq vurub, başqa yox, vəssalam. Ondan sonra gedib başını, bədənini ekspertdən keçirtdirdi, həkimdən kağız aldı. Özü də vurulandan sonra özü maşınına oturdu, gedib ekspertizadan kağız alıb, gətirdi”, Ülviyyə Axundova bildirib.

Onun sözlərinə görə, anası döyülmə olayına görə, prokurorluğa şikayət də edib.

“Anam prokurorluğa şikayət elədi ki, mənim oğlumun başını vurub partladıblar. Şikayətdən sonra buna (Elmir Axundova) zəng edib dedilər ki, bala, get, prokurorluqdan ərizəni götür. Ərizəni götürmədiyinə görə, uşağı bu günə qoydular”, deyən Ülviyyə Axundova mərhum qardaşı haqda mənfi rəy formalaşdırmağa çalışıldığını qeyd edib.

“İndi don geyindirirlər ki, guya, maşını yoxdu, yolda yatanın biri imiş. Gəlin, qardaşımın adına olan maşınları çıxarım, sizə göstərim, sürdüyü maşınları sizə göstərim. Necə olur ki, onu narkoman kimi qələmə verirlər?...”

Ülviyyə Axundova ədalətli araşdırmadan ötrü bundan sonra bütün hüquqi addımları atacaqlarını da bildirib.:

“Bir qardaşım vardı, onu da əlimdən aldılar, yasımı yola verim, dünyanın o başında olsa da, bu işin sonuna çıxacağam”, o, deyib.

DİN və prokurorluq təkzib edir

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Qazax rayon sakini Elmir Axundovun sentyabrın 25-də rayon polis şöbəsinə çağrıldıqdan sonra vəfat etməsi ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, Elmir Axundovun polisdə halı pisləşib, təcili yardım çağırılıb.

Birgə açıqlamaya görə, sentyabrın 25-də Qazax rayon Müalicə Diaqnostika Mərkəzindən Elmir Axundovu ölmüş vəziyyətdə təcili-tibbi yardım briqadasının xəstəxanaya gətirməsi barədə məlumat daxil olub. Həmin məlumat əsasında hüquq-mühafizə qurumları zəruri prosessual hərəkətləri həyata keçiriblər.

Açıqlamada qeyd olunur ki, Elmir Axundovun anası sentyabrın 24-də rayon prokurorluğuna müraciət edib, oğlunu rayon sakini Kərim Əhmədovun döydüyünü bildirib.

«Müraciət əsasında Elmir Axundovun izahatı alınıb, barəsində məhkəmə-tibbi ekspertizası təyin olunaraq müayinə edilib və döyülmə nəticəsində bədənində xəsarətlər aşkar edilib. Eyni zamanda, qeyd edilən tarixdə Kərim Əhmədov da rayon Polis Şöbəsinə müraciət edərək Elmir Axundov tərəfindən döyüldüyünü bildirib. Bununla əlaqədar sentyabrın 25-də Elmir Axundov izahatının alınması məqsədilə rayon Polis Şöbəsinə dəvət edilib», - birgə məlumatda yazılır.

Bildirilir ki, həmin gün saat 22 radələrində Elmir Axundovun səhhəti pisləşib, təcili yadım çağırılıb. Açıqlamada həkim briqadasının Elmir Axundovu polisdən ölmüş vəziyyətdə rayon Diaqnostika Mərkəzinə apardığı qeyd edilir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlandığı, müvafiq ekspertizaların təyin edildiyi bildirilir.

«K.Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub», - birgə açıqlamada yazılır.

Bu açıqlamaya, hələlik, mərhum Elmir Axundovdan şikayət etdiyi bildirilən Kərim Əhmədovdan və ya yaxınlarından münasibət almaq mümkün olmayıb. Birgə açıqlamaya görə, mərhumun anası da oğlunu həmin şəxsin döyməsi iddiası ilə polisə şikayət edib.

Birgə açıqlamaya mərhumun yaxınları da hələlik münasibət bildirməyib. Ancaq onlar sentyabrın 26-da mediaya fərqli açıqlama vermişdilər.

Vəfat edənin bacısı nə demişdi?

Mərhum Elmir Axundovun bacısı Ülviyyə Axundova sentyabrın 26-da demişdi ki, qardaşını izahat alınmasından ötrü küçədə tutub polisə aparıblar.

“Xəbər tutan kimi şöbəyə getdik, heç bir məlumat vermədilər. Həmin vaxt şöbəyə təcili yardım maşını da gəlmişdi. Narahat idim, soruşdum, dedilər, dalaşan olub, həkimləri də ona görə çağırıblar.Təcili yardım maşını polisi tərk edəndən bir qədər sonra zəng gəldi. Xəstəxanadan idi, dedilər ki, qardaşınızı vurublar. Aparmagımızı istədilər, getdik ki, keçinib”.

Bacısı demişdi ki, Elmir Axundov tam sağlam olub:

“Meyiti zərbə izləri ilə doluydu. Polisdə döyüb, öldürüblər. Biləklərində, qolunda, əlində, ayağında qırıqlar vardı. Diz qapaqları ilə dərisinin arasına daş qırıqları dolmuşdu. Heç bir saat çəkmədi...”, o, söyləçmişdi.

XS
SM
MD
LG